Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AY Partiya Başqanı: "Taliban Türkiyə ilə uzlaşasa, Əfqanıstanın taleyi üçün faydalı olacaq"
Əfqanıstan
"Rusiya və Çin sərhədləri yaxınlığında strateji rəqiblərinin hərbi baza yaratmasına əngəl törətməyə çalışacaq"

"ABŞ-ın mayın 1-dən son qoşunlarını ölkədən çıxaracağını bildirməsindən sonra Taliban Əfqanıstanda əraziləri tutmağa davam edir. Önəmli əyalətlər və hərbi bazalar daxil olmaqla, ölkənin 85%-i artıq Talibanın nəzarəti altındadır. Maraqlıdı ki, xalq da onlara müqavimət göstərmir. Taliban güc göstərmədən əraziləri nəzarətə götürür".

Bu açıqlamanı Bizimyol.info-ya Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib.

Anar Əsədli Anar Əsədli

Partiya Başqanının fikrincə, Əfqanıstan Mərkəzi Asiyanın qapısıdır. Bu ölkədən bölgəyə müdaxilə daha rahat olduğundan dolayı hər zaman böyük güclərin maraq dairəsində olub: "Həm Rusiya, həm ABŞ, həm də digər qüvvələr uzun müddət Əfqanıstanda mübarizə aparıb. Buna baxmayaraq, niyyətlərinə tam nail ola bilməyib. ABŞ-ın Əfqanıstandan çıxması heç də buradakı maraqlarının tükənməsi demək deyil. Taliban qrupu ilə uzun müddət - 20 il mübarizə aparan ABŞ həm maddi, həm də hərbi baxımından xeyli itki verdi. Lakin hərbi qüvvələri çıxarmaq geosiyasi maraqlardan imtina anlamına gəlmir. Çünki ABŞ bu maraqlarını yalnız ordu hesabına deyil, təhlükəsizlik şirkətlərinin xidmətlərindən istifadə edərək də icra edə bilir. Bu maraqların müəyyən hissəsi NATO-nun 2-ci böyük gücü sayılan Türkiyə ilə hesablaşılmış şəkildə də təmin edilə bilər".

Anar Əsədli deyib ki, Amerika qoşunlarının bölgədən çıxması bir çox dairələrə mesaj xarakteri də daşıyırdı: "Əvvəla, rəsmi Vaşinqton Əfqanıstanda yaranmış qeyri-sabitliyi öncədən ehtimal edirdi və dünyaya mesaj çatdırmaq istədi ki, nəinki müvafiq bölgədə, bütün dünyada təhlükəsizliyin təminiatçısıdır. Təsadüfi deyil ki, ABŞ tərəfi Əfqanıstandakı 4-5 minə yaxın qaçqının Mərkəzi Asiya ölkələrinə keçirilməsi istəyini bildirib. Burda səbəb aydındır. ABŞ istənilən variantda "Taliban"ın ideoloqlarını və militanlarını Mərkəzi Asiyaya keçirmək, burada özü üçün radikal islamçılığı ayağa qaldırmaq istəyir.İkinci ən böyük hədəf Çindir. ABŞ-ın təhlükəsizlik strategiyasında Çini ən böyük təhdid adlandırdığını bilirik. Çinin iqtisadi potensialı ilə dünya nəhənginə çevrilməsi artıq qarşısıalınmaz olduğundan Ağ ev kənar təsir mexanizmlərindən istifadə etməyə çalışır. Çinin Egey dənizindən Sakit okeanadək Avrasiyanı birləşdirən, Əfqanıstan və Pakistandan da keçəcək “Bir kəmər, bir yol” layihəsi yalnız sabitlik şəraitində icra oluna biləcəyi üçün layihəyə ən böyük zərbə elə qonşuluqda xaosun yaradılmasıdır. Rəsmi Pekin təhlükəsizliyə təminat verildiyi təqdirdə bölgədə nəqliyyat- infrastruktur layihələrini hər vəchlə başa çatdırmağa çalışacaq. Bu, həm də “Bir kəmər, bir yol” layihəsinin işə düşməsi deməkdir ki, Əfqanıstanın həm siyasi, həm iqtisadi dirçəlişini təmin edəcək. İkinci tərəfdən, Çinin Mərkəzi Asiya maraqları da planlar içərisindədir. Rəsmi Pekin son illər Mərkəzi Asiya ölkələrinə yüklü miqdarda yatırımlar qoyaraq, onları borclu vəziyyətinə salıb, iqtisadi asılılığını, dolayı yolla vassallığını təmin edir. Belə məqamda bölgədə baş verən qarşıdurmalar domino effekti ilə qonşu dövlətlərin sabitliyinə və iqtisadi layihələrin icrasına mənfi təsir göstərə bilər. Digər məsələ, “Taliban”ın Əfqanıstanın Çinlə sərhəddə fəaliyyət göstərən “Şərqi Türküstan İslam Hərəkatı”na ciddi dəstək verməsidir. Rəsmi Vaşinqton demək istəyir ki, buradan çıxsam belə, Şərqi Türküstana yaxın ərazidə terrorçu qruplaşmaların fəaliyyətinə fürsət yaratmaqla təhlükəni sənin üçün həmişə var edəcəm. Çin isə “Taliban” rəhbərliyinə uyğurlarla əməkdaşlığı kəsməsi halında əməkdaşlıq təklifi edir. Çin diplomatik yollarla bunu bacarmağa çalışacaq. Çünki Çin Əfqanıstanda vətəndaş müharibəsinin alovlanmasını istəmir. Çinin radikal terror təşkilatı ilə əməkdaşlığa getməkdə tək məqsədi Əfqanıstan və Pakistandan keçəcək “Bir kəmər, bir yol” strategiyasını müdafiə etməkdir". AY Partiya Başqanı bildirib ki, Rusiya üçün isə terror qruplaşmalarının KTMT üzvü olan Məkəzi Asiya ölkələrinə təhdidi söhbət mövzusudur: "Ona görə də, bu məsələdə Rusiya da öz mesajını almamış deyil. Əfqanıstan məsələsi Rusiya üçün çox həssas mövzudur. Çünki Əfqanıstan eyni zamanda Mərkəzi Asiyanın qapısı hesab olunur. Yəni, bu ölkədən Mərkəzi Asiyaya müdaxilə edilməsi çox rahatdır. Lakin Rusiyanın prosesə aktiv müdaxilə edə biləcəyini düşünmürəm. Çünki SSRİ Əfqanıstanda bir dəfə çox pis məğlubiyyətə uğradı. Məğlubiyyət SSRİ-nin dağılmasını sürətləndirdi. Rusiyanın da bugünkü iqtisadi durumu, sanksiyalar altında qalması o deməkdir ki, Əfqanıstana hər hansı müdaxilə Rusiyanın da sonunu gətirə bilər. KTMT-nin də biz indiyə qədər kənar proseslərdə aktiv müdaxiləsinin şahidi olmamışıq. Digər tərəfdən, Əfqanıstan həm relyef, həm etnik durum, həm də geosiyasi reallıqlar baxımından baş çıxarılması çətin ölkədir. Yəni, supergüclər Suriyada, İraqda, Liviyada etdiklərini burada tam olaraq təkrarlaya bilmir. Ona görə, proseslər daha aktiv fazaya keçib Qırğızıstan və Tacikistan sərhədində təhlükə yaradarsa, Rusiya təkbaşına müdaxilə edə bilməyəcək".

Türkiyə məsələsinə gəlincə, Anar Əsədli qeyd edib ki, bu konteksdə Türkiyə+Pakistan ittifaqının şahidi ola bilərik: "Çünki Talibanın sürətlə irəliləməsində qonşusu rəsmi İslamabadın dəstəyi çoxdur və bu qruplaşmaya ən böyük təsir elə həmin dövlətə məxsusdur. Pakistanın Talibanı dəstəkləməsinin səbəbi qonşuluğunda xarici qüvvələrin mövcud olmasını istəməməsidir. Yəni, Talibanla dil tapmaq başqa qüvvələrlə dil tapmaqdan daha rahatdır. Türkiyə ilə Pakistan arasında mövcud olan dostluq, tərədaşlıq münasibətlərini nəzərə alsaq, Talibanla Türkiyənin də uzlaşmasında Pakistanın rol alacağını düşünmək olar. Düşünürəm ki, Taliban Türkiyə ilə də uzlaşa bilsə, Əfqanıstanın taleyi üçün çox faydalı olacaq. Vəziyyəti düzgün qiymətləndirsə, Türkiyə ilə birgə hərəkət etməyi seçsə, bu, ona çox fayda verər. Türkiyənin antiterror əməliyyatlarında böyük təcrübəsi var. ”Taliban" Türk hərbçilərini işğalçı kimi qəbul etməməlidir. “Mehmetçik” Yaxın Şərqdə və Şimali Afrikada bir sıra uğurlu əməliyyatlarda iştirak edib.

ABŞ əsgərləri Əfqanıstandan ayrıldıqdan sonra Amerikan hərbçiləri yenidən Orta Asiya və Yaxın Şərqdə hərbi baza yerləşdirmək üçün variantlar axtarır. Qiymətləndirilən variantlar Orta Asiya və Fars körfəzi ölkələridir. ABŞ-ın əsgər, pilotsuz təyyarə, bombardmançı və topçu yerləşdirmək üçün bazalara ehtiyacı olduğu açıq hiss olunur. ABŞ-ın Özbəkistan və Qırğızıstanda kiçik bazaları əvvəllər var idi. Bu bazalar Əfqanıstanda hərbi qüvvələr yerləşdirmək və əməliyyatlar aparmaq üçün istifadə olunurdu. Amerika Birləşmiş Ştatları Özbəkistandakı bazanı 2005-ci ildə, Qırğızıstandan isə təxminən 10 il sonra tərk etdi.

Zənnimcə Rusiya və Çin öz sərhədləri yaxınlığında strateji rəqiblərinin hərbi baza yaratmasına hər vəchlə əngəl törətməyə çalışacaq. Əslində Pentaqon bunu hiss etməsəydi, hərbi yüklərin daşınması üçün Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə tranzit xəttinə üstünlük verdiyini bəyan etməzdi. Görünən odur ki, bu xəmir hələ çox su aparacaq".

İlhamə Rəsulova

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »