Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Jurnalistin təhqirə, hədə-qorxuya məruz qalması əsla yolverilməzdir"
"Jurnalistin yazdığı yazıya görə təhqirə, hədə-qorxuya məruz qalması əsla yolverilməzdir. Belə xoşagəlməz hərəkət dövlət məmuru və ona yaxın çevrə tərəfindən həyata keçirilibsə, ancaq təəssüf doğura bilər".

Bizimyol.info xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib.

"Baxıram jurnalist Seymur Verdizadənin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı cənab Əhəd Abıyev və ona yaxın çevrə tərəfindən təhqirlərə, hədə-qorxulara məruz qaldığına dair məlumatlar yayımlanmaqdadır və qarşı tərəfin əks aqrument ortaya qoymaması məsələni həqiqət kimi qəbul etməyə əsas verir" - MŞ sədri bildirib.

Əflatun Amaşov bir daha vurğulayıb ki, jurnalistin yazdığı yazıya görə təhqir olunması, hədələnməsi həm davranış qaydalarına, həm də qanunlara ziddir: "Jurnalistin fikrini qəbul etməmək, ona sivil qaydada etiraz bildirmək olar. Çox istərdim ki, buna xüsusən dövlət qurumlarının təmsilçiləri həssas yanaşsınlar. Bu həssaslıq yalnız etik məsələ deyil, eyni zamanda idarəçilik bacarığı və qabiliyyətidir".

Xatırladaq ki, yerli mətbuatda jurnalist Seymur Verdizadənin yazdığı məqaləyə görə təhdid olunduğu barədə məlumat yayılıb. Jurnalist Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tərəfindən hədə-qorxulara məruz qaldığını bildirib.

Ə.Abıyev isə deyilənləri təkzib edib.

Son xəbərlər
Bütün xəbərlər »