Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xilasedicilər eyni turisti ikinci dəfə suda boğulmaqdan qurtardılar
Xilasedicilər eyni turisti ikinci dəfə suda boğulmaqdan qurtardılar

Yunanıstan yay aylarında turistlərin ən çox üz tutduğu ölkələrdəndir. Avropa ölkəsinin xüsusilə adaları istirahət üçün gələn əcnəbilərin sevimli yerinə çevrilir. Amma turistlərin ehtiyatlı davranmasına da ehtiyac var. Bəzən böyük dalğalar istirahət edənləri ölümlə üz-üzə qoyur.

Bizimyol.info xəbər verir ki, Yunanıstanda xilasedicilər eyni turisti ikinci dəfə suda boğulmaqdan qurtarıblar. 2019-cu ildə yaşlı Rusiya vətəndaşı Krit adasında ehtiyatsız hərəkət etmişdi. Rus qadın böyük dalğalar qeydə alınan ərazidə üzməyə başlayıb. Turist tezliklə suda görünməz olub. Xilasedicilər rus qadının çətin vəziyyətə düşməsindən tez xəbər tutublar. Qadın xilas olunub. Ona risk etməmək məsləhət görülüb.

Buna baxmayaraq, təqaüdçü arzuolunmaz hadisədən nəticə çıxarmayıb. 75 yaşlı rus turist bu il yenə istirahət üçün Krit adasına üz tutub. O bu dəfə də sudan qorxmadığını göstərmək istəyib. Yaxındakılar tezliklə qadının yoxa çıxdığını anlayıb. İşə xilasedicilər qarışıb. Qadın iki il sonra bir daha xilas olunub. Onların ən təcrübəlilərindən olan Yorqos Makridakis turisti görəndə təəccübünü gizlədə bilməyib: “Yenə sizsiniz?”

Rus təqaüdçü söz verib ki, bir daha risk etməyəcək. Amma Yunanıstan səfərlərindən imtina edə bilməyəcəyini də dilə gətirib.

İyulun ilk dekadasında Rusiyanın Perm şəhərindən oxşar xəbər gəlmişdi. Kirov rayonunda xilasedicilər iki kişini boğulmaqdan qurtarmışdılar. Sonradan hər iki şəxsin əvvəllər də belə ölümlə üzləşdiyi məlum olmuşdu. Xilasediclər içki düşkünü olan kişilərin arağın təsirindən suya baş vurduğunu açıqlamışdı. Onlar bir dəfə ölümdən xilas olunsa da, dərs almamışdılar. Xilasediclər permliləri növbəti dəfə həyata qaytarmışdı.

Dünyada hər il 140 mindən çox şəxs suda boğulur. Onların heç də hamısı həyatını böyük su hövzələrində itirmir. Rəqəmlərin bir hissəsi kiçik hovuzların payına düşür. Suda boğulanların 70 faizindən çoxu kişilər olur.

Son xəbərlər
Bütün xəbərlər »