Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dörd dəfə məhkum olunan saxta "jiletli" "TV" rəhbəri: "Dərziyə getmək bitdi" - Video
“İnform Xəbər TV”nin rəhbəri Azər Kazımov

Əslində, daha tez olmalıydı. Şəhid ailələrindən onların övladları haqqında material hazırlamaq məqsədilə müxtəlif məbləğlərdə pul vəsaiti tələb etmələri barədə Lent.az-ın “reket jurnalistlərin” ifşası öz nəticəsini verdi.

Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumata görə, günlərdir haqlarında yazdığımız “İnform Xəbər TV”nin əməkdaşları barəsində Baş Prokurorluğun Cinayət tətqibindən kənar icraatlar idarəsində araşdırma aparıldı.

Araşdırmalar nəticəsində məlum oldu ki, “İnform Xəbər TV”nin rəhbəri Azər Kazımov, öz əməkdaşı Rübabə Vəliyeva ilə birlikdə 2021-ci il iyunun 23-25-də özlərini jurnalist kimi təqdim edərək, Qəbələ şəhəri və kəndlərində yaşayan şəhid ailələri barədə çəkilişlər çəkib efirdə yayımlamaq adı ilə şəhid analarından 240 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirib və televiziya yayımlarını həyata keçirmədikləri müəyyən edilib. Azər Kazımovun və Rübabə Vəliyevanın barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq aidiyyəti üzrə məhkəməyə göndərilib və hər iki şəxs barəsində müvafiq olaraq iki və bir ay olmaqla inzibati həbs növündə inzibati tənbeh seçilib.

Lent.az-a adıgedən üzdəniraq TV- rəhbəri Azər Kazımovla bağlı ilginc məlumat daxil olub. Amma bir qədər irəli gedərək bir məqamı diqqətinizə çatdırmaq istərdik. Əslində, Lent.az-ın bu mövzuda başladığı araşdırma açıq səmada ildırım effekti verdi. Çünki artıq neçə vaxt idi ki, bu və ay digər sosial şəbəkədə adını jurnalist qoyan bəzilərinin tamah məqsədi ilə şəhid ailələrinin də qapılarını döydüyü, müəyyən pul miqdarında onların övladları barədə yazılar, süjetlər hazırlayacaqlarını bildiriblər. Amma müəyyən vəsait əldə etdikdən sonra sadəcə aradan çıxıblar.

Onların ifşasıyla bağlı saytımızdakı araşdırmadan sonra abırlarına kor olmaq əvəzinə, əksinə, daha böyük həyasızlığa əl atdılar. Mövzunu araşdıran əməkdaşımıza əsil reket kimi hədə-qorxu gəldilər. Bu harasıdır, redaksiyaya gəlib haqq-hesab çəkəcəklərini bildirdilər.

Təsəvvür edin, əməkdaşımız jurnalistikanın bütün qayda və meyarlarına uyğun hazırladığı araşdırma zamanı yazıda adıgedən Azər Kazımov və Rübabə Vəliyevanın da fikirlərinə yer ayırmışdı. Amma baş reket Azər Kazımov təbii ki qarşı tərəf, araşdırma, ümumiyyətlə, jurnalistikanın “j” hərfindən xəbərsiz idi. Hə, durub redaksiyaya gəldi. Şəxsən özüm qarşıladım. Və ilk müşahidə etdiyim əynindəki göy rəngli “Press” gödəkçəsi oldu.

- Bunu Mətbuat Şurasından veriblər sizə?

- Yox.

- Bəs, haradan alıb geyinmisiz?

- Özüm tikdirmişəm dərzidə.

Hər şey aydın idi. Adamla 10 dəqiqə söhbət kifayət etdi ki, özünə jurnalist - hərdən həmkar da deyirdi - deyən bu adamın hansı səviyyənin yiyəsi olduğunu görəsən. Əməkdaşımıza sual verməyə gəlmişdi, sual formasında belini əyib getdi. Çünki bu dəfə hamının gözünün qarşısında ifşa olundu. Heç bir arqumentə cavabı yox idi. Və çıxıb getdi.

Və buyurun: “İnform Xəbər TV”nin rəhbəri Azər Kazımov haqqında əldə etdiyimiz məlumat. Adamın nə az, nə çox 4, bəli DÖRD məhkumluğu varmış.

İlk dəfə 2012-ci ildə Siyəzən rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 178.4, 69.4 maddələrinə əsasən 3 min manat cərimələnib. Yəni, xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham olunub.

2015-ci ildə Bakı şəhər Nizami rayon məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Təkrar dələduzluqda və dələduzluqla xeyli miqdarda ziyan vurmaqda günahkar bilinib.

2016-cı ildə Bakı şəhər Nəsimi rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.2.3-cü və 178.2.4-ci maddələrinə əsasən 5 il müddətinə azadlıqdan məhrum edilib. Yenə dələduzluq, yenə külli miqdarda ziyan vurma.

Və nəhayət, 2017-ci ildə Zaqatala rayon məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrinə əsasən 6 il müddətinə azadlıqdan məhrum olunub. Yenə dələduzluq, yenə ziyan vurma. Başqa nə olacaqdı ki sizcə?

Kazımov 2019-cu ilin oktyabrında azadlığa buraxılıb. Cəmiyyətdə dələduz kimi ad çıxaran bu adam bu dəfə “Azərbaycan” nəşriyyatına, reketlər yuvasına üz tütür. Və orada özü kimilərlə birləşərək əldə qayırma bir “TV” təsis edir, “Press” gödəkcəsi tikdirir. “Press” yazılmış vəsiqəylə qapı-qapı düşüb gah dilənir, gah da hədə-qorxu gəlib pul tələb edir. Cəzasızlıq və mənəviyyatsızlıq isə o həddə çatır ki, artıq müqəddəs şəhid ailələrinə üz tuturlar. Ən ülvi dəyərlərin belə bunlar üçün fərqi olmur.

Hə, etiraf edək ki, Azərbaycan mediasında həll edilməyən xeyli problem var. Bu problemlərdən ən birincisi isə məhz elə həmin vəsiqə, vəsiqədən sui-istifadədir. Axı dəfələrlə məhkumluq həyatı yaşamış bir dələduz və ya dələduzların vəsiqə əldə etməsinə imkan vermək olmaz axı. Elə günlərdi müzakirə mövzusuna çevrilən Media Reyestrinin tətbiqi və jurnalistlərə vahid vəsiqənin verilməsi bu problemin, reket jurnalistikanın mətbuatdan əsas xilas yollarından biridir.

Hə, Azərbaycanda Vahid Media Reyestri yaradılacaq. Bunu MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov deyir, əminliklə. Media Reyestrinin tərtibi və vahid jurnalist kartlarının verilməsi ilk növbədə mediadakı xaotik vəziyyətin də qarşısını alacaq. Peşəkarlığı yüksəldəcək. Təsadüfi adamları, dələduzları mediadan təmizləyəcək.

Və heç kimə dərzi də lazım olmayacaq.

Paylaş »
››› İyulun 26-na olan hava proqnozu
››› Tokio-2020: Azərbaycan təmsilçilərindən 10-u mübarizəni dayandırdı
››› Müsəlman idmançı israilli ilə qarşılaşmamaq üçün olimpiadadan imtina edib
››› Sürücünün halı pisləşdi, polis yardıma yetişdi - Foto
››› Heyrət, ey Şeyx... və ya üzrü günahından betər
››› Şeyxdən ona ünvanlanan ittihamlara cavab
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »