Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ədəbi ssenarilər: “İran Azərbaycana hücum edərsə... ”
Kitabxana

“Belə bir layihənin Azərbaycanda açıq keçirilməsi qonşularda qıcıq yarada bilər”

“O layihəyə AYB də cəlb olunsa, səmərə verəcəyinə inanmıram"

Fransanın “Le Monde” qəzetinin yazdığına görə, Fransa Müdafiə Nazirliyi gələcəkdə baş verən hər hansı təhlükədən sığortalanmaq məqsədilə, yazıçıların köməyindən faydalanmağa qərar verib.

Nəşrdə qeyd olunur ki, nazirlik müxtəlif fantasе yazıçılara müraciət edərək, Fransanı 30, 50, 100 il sonra gözləyə bilən təhlükələr barədə müxtəlif ssenarilər hazırlamağı tapşırıb. Bunun üçün, hətta ilkin olaraq qonorar kimi 2 milyon avroluq vəsaitin də ayrıldığı qeyd olunur.

Ümumiyyətlə, Azərbaycanın da geosiyasi mövqeyini, bu bölgədə müxtəlif maraqların kəsişdiyini, habelə uzun illər müharibə şəraitində olduğumuzu nəzərə alsaq, belə bir layihənin Azərbaycanda da gerçəkləşməsi mümkündürmü?

Müdafiə Nazirliyinin bir güc strukturu olduğunu nəzərə aldıqda, Azərbaycanda yazıçıların - ədəbiyyat adamlarının belə bir qurumla əməkdaşlığı onların özləri tərəfindən necə nəzərdə tutulur?

Yazıçı Şərif Ağayarın fikrincə, güc strukturları ilə ədəbiyyat adamlarının, yazıçıların əməkdaşlığı real görünmür.

Şərif Ağayar Şərif Ağayar

“Yazıçı təxəyyülü azad olmalıdır və bəzən bu istiqamətdə dövlətlə əməkdaşlıq müəyyən çərçivələr yarada bilər. Lakin söhbət milli təhlükəsizlik və ərazi bütövlüyündən gedirsə, əlbəttə, mən bir yazıçı olaraq bunu vacib hesab edirəm. Lakin düşünürəm ki, sözügedən layihələr Fransa kimi böyük ölkələrdə uğurlu ola bilər, bizim kimi kiçik ölkələrdə belə layihələrin baş tutacağını düşünmürəm. Həmçinin, Azərbaycanda distopiya janrında yazan fantast yazıçıların da çox olduğunu düşünmürəm”,- deyə Ş.Ağayar qeyd edib.

Alpay Azər Alpay Azər

Yazar Alpay Azər fikrincə, hökumətin, güc strukturlarının yazıçılarda bu istiqamətdə əməkdaşlığı normaldır, amma bir şərtlə: “bu, diktat xarakteri daşımaya, yəni, sifarişi verən yaradıcılıq prosesinə daima müdaxilə etməyə. Azərbaycan reallıqlarını xüsusilə, 44 günlük müharibəni nəzərə alsaq, hökumətin yazıçılarla əməkdaşlığı lazımdı. Biz otuz ilə yaxın məğlubiyyət hissini yaşamışıq, indi isə bu hisslərdən qurtulmuşuq. Ona görə, hökumət və yazıçılar arasında bu istiqamətdə olan əməkdaşlığa normal yanaşıram”.

Yazıçı-publisist Cəlil Cavanşir isə hesab edir ki, ideya gözəldir, lakin Azərbaycan reallığında mümkün deyil.

Cəlil Cavanşir Cəlil Cavanşir

“Azərbaycanda yetərincə istedadlı yazıçılar var. O potensialı ədəbiyyatımızda görürəm. Lakin Azərbaycanda belə məsələlərə klassik yanaşılır. Ədəbiyyatla bağlı olan istənilən layihəyə dövlət tərəfindən AYB də cəlb olunur və bütün işlər də elə bundan sonra korlanır. Əgər Fransadakı kimi bizdə oxşar layihə təşkil olunsa, orda AYB-nin də olacağını gözləyirəm. Nəticədə isə tanışlıq, tapşırıq və pulların bölüşdürülməsi kimi halların baş verəcəyini istisna etmirəm. Elə ona görə, “o əjdahadan” bizdə olmasa, yaxşıdır. O layihəyə AYB də cəlb olunsa, səmərə verəcəyinə inanmıram”, - deyə C.Cavanşir əlavə edib.

Ehtiyatda olan zabit, Vətən Müharibəsinin iştirakçısı, prezident təqaüdçüsü, şair Emin Piri isə hesab edir ki, oxşar layihənin və ya müsabiqənin Azərbaycanda təşkili faydalı olar.

Emin Piri Emin Piri

“Lakin Azərbaycan kiçik ölkə olduğuna görə, belə layihənin açıq şəkildə keçirilməsi qonşularda qıcıq yarada bilər. Məsələn, İran Azərbaycana hücum edərsə, nə ola bilər? Bu mövzuda müxtəlif ssenarilər hazırlamaq olar. Lakin bu müzakirələr açıq şəkildə aparılsa, Azərbaycan-İran münasibətlərində müəyyən gərginlik müşahidə olunar. Amma ideya olaraq, mənim fikrim müsbətdir. Təəssüf ki, Azərbaycanda daha çox bulvar və detektiv ədəbiyyatı geniş yayılıb və cəmiyyət olaraq buna hazır deyilik”, - deyə E.Piri qeyd edib.

Rüfət Əhmədzadə

Paylaş »
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
››› "Avtomobillərdə müxtəlif yazıların yazılmasını qadağan edən qanun yoxdur"
Son xəbərlər
Bütün xəbərlər »