Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Allah sizə rəhmət eləsin, dirilər!

Cavan vaxtlarımdı. Ölkənin ən oxunaqlı, ən nüfuzlu qəzetinin  parlament müxbiri idim. Bir gün deputatlardan biri Məclisdə işlədiyim qəzeti yıxıb-sürüməyə başladı. Bütün başqalarının çxışları kimi buna da diqqətlə qulaq asdım. Qəzetin əvvəlki nömrələrində o şəxs haqqında yazılanlar xoşuna gəlməmişdi.  Qeyzlənmiş “demokrat” deputat belə bir cümlə qurdu: “Azadlıq” qəzetindən cuhud iyi gəlir”.

“Cuhud iyi” ifadəsini birinci dəfə idi ki, eşidirdim. Amma deputat bu qoxu məsələsindən az qala 3-4 dəqiqə danışdı. O zaman alman yazıçısı Patrik Süskindin “Parfümer” əsəri yeni çıxmışdı, hələ dilimizə tərcümə olunmamışdı. Mən də onu daha əvvəl Saxalin adasında hərbi xidmətdəykən rusca oxumuşdum. Düşündüm, bəlkə də o bestsellerin təsiri altındadır adam...

Qərəz, redaksiyaya gəlib parlamentin iclasından reportaj yazdım. Və sonda da bu məzmunda bir replika-şərh verdim: görəsən, bu deputatın cuhudları və qəzetləri iyləməkdən vaxtı qalırmı ki, qanunverciliklə də məşğul olsun?! Sonuncu cümlə də çağırış idi: “Filankəs bəy, yaxşı olar ki, qəzeti iyləməyəsiniz. Elə, sadəcə, oxusanız, kifayətdir”..

O zamandan bəri bəlkə 20 il keçib. Ancaq “Azadlıq” qəzetini iyləyən və yeri düşdü-düşmədi iynələyən xeyli adam hələ də var, tapılır. Elə biri Nuhu taxtda, Şah Abbası qundaqda görmüş yazıçı. Bu da  “Azadlıq” qəzetinə “rəhmətlik” deyib.

Mən siyasətçi deyilərm, odur ki, siyasi və sair ayrımçı kateqoriyaları bir yana qoyaraq hər zaman “Azadlıq” qəzetinin təəssübünü çəkirəm. Çünki jurnalist, publisist kimi orda formalaşmışam. Söhbət əfsanəvi Nəcəf Nəcəfovun azad yaradıcılıq, yaradıcı azadlıq məktəbindən gedir. Mən özümü o məktəbin ortabab məzunu sayıram; orda daha uğurlu, daha istedadlı, daha cəsur yazarlar yetişib. “Söz fəhlələri”nin bütöv bir nəsli ərsəyə gəlib. Danmağa çalışsalar da, bu, danılmaz faktdır.

İndi bu yazıçı da deyir ki, "Azadlıq" ölüb.

Hə, bax, bircə bu ictimai mürdəşir vəzifəsi qalmışdı, onu da öz üzərinə götürdü. Elə bil özü yuyub-kəfənləyib.

Yaxşı da. Əlbirliyi ilə boğub öldürmüsünüzsə, susqun razılığımızla dəfn etmişiksə, daha əl çəkin, rahatlanın da.  Siz komandanı olduğunuz yazar ordusuna: “Ədəbi yat!” əmri verəndə, o ironiya ilə andığınız fədakar jurnalist komandası milləti oyatmağa çalışırdı. Adam, heç olmasa, orda dərc olunan müsahibələrini, haqqında yazılan məqalələri, publisistik portreti bircə kərə ANAR, ya ANMAZ?! Yediyiniz qaba... Tövbə, ya Rəbbi! Yoxsa “bağda ərik var idi?..”

Amma, yox, yenə də sağ olsun, bu yazıçı, “Azadlıq”ın haqqını da yeməyib: öldüyünü düşündüyü qəzeti rəhmətlə anıb. Doğrusu, o yazıçını linçləmək də lazım deyil. Çünki ağıllı adamıqsa, adamları deyil, ideyaları müzakirə edəcəyilk. “Azadlıq” bir ideya kimi yaranmışdı. Bir ideya üçün savaşırdı. Əgər ölübsə də, bir ideya üçün savaşaraq, necə deyərlər, qəhrəmancasına həlak olub. Və ictimai yalqız yazıçının da etiraf etdiyi kimi, “Azadlıq” rəhmət qazanıb (bu arada rəhmətə ən çox elə dirinin ehtiyacı var). Və o şəxsə demək istədiyim budur: lap tutaq ki, Siz deyən kimi ölüb. Ölümündən sonra rəhmətlə anılmaq diriykən lənətlənməkdən yaxşıdır. Elə deyilmi?!

P.S. ...İllər əvvəl iki fərqli (bəlkə də fərqli görünən) siyasi cinaha məxsus iki siyasətçinin efirdə qarşı-qarşıya gəlib ...eyni regional ləhcədəki debatına baxırdım. İqtidarçı deputat zamanında morqda işləmiş keçmiş həkim rəqibinə dedi:

- Sən nə vaxtdan siyasət bilən olmusan?! Ölü yaran idin də!

Cavab ləngimədi:

- Mənim yardığım ölülər sənin kimilərdən daha diriydi...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Bakıda güclü yanğın başladı - Video
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »