Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Reketin media metastazı

Sovet dövləti dağılanda Sayanın da həyatı öz axarından çıxdı. Qazaxıstanlı rejissorun çəkdiyi məşhur filmin qəhrəmanı Almatıda böyümüşdü. Vətəndaşı olduğu böyük ölkə çökdü, ailəsinin gəlir qaynaqları qapandı.

...Sayan uğurlu idmançıydı. Oxuyub mühəndis olacaqdı. Ancaq...

Ağlın, biliyin deyil, fiziki gücün, zorun daha çox qazanc gətirdiyini gördü. Boksçu əzələlərini işə qoşdu; Texniki Universitetdəki təhsilini yarımçıq atıb yerli cinayətkar dəstəyə qoşuldu...

Sonrasına Akan Satayevin "Reketçi" filmində baxın.

Reket bizdə də 90-cı çöküş illərində "çiçəkləndi". Və artıq 3 onillikdir ki, "reket" deyəndə heç də ağlımıza eston müğənni Reket və onun bənzərsiz hitləri gəlmir. Bu kəlmə bizdə hədə-qorxu, şantaj, zorbalıq... kimi neqativ assosiasiyalar doğurur.

Bəli, çöküş illərində bizdə bu neqativlər həndəsi silsilə ilə artdı. Və bütün cəmiyyəti öz hakimiyyəti altına aldı.

Reketlik əslində siyasətdən tutmuş şou-biznesə qədər hər yerə yayıldı. Və bir çox hallarda keçmiş polis işçiləri, keçmiş hərbçilər, ən çox da idmançılar bu yeni trendin vazkeçilməzi - vuran qolu oldular. Sonra əslində reket keçmişlə də qalmadı; hər yeri bürüdü.

Ancaq, bəli, jurnalistikada bu qabarıqdır. Niyə? Çünki media hər kəsin gözü qarşısındadır və hər gün. Ciddi və peşəkar media qazanclı və prestijli sfera statusunu itirdikcə, onun yaratdığı boşluğu "reket" adlandırılan şantajçılar doldurdu. Bu boşluq peşəkar medianın çöküşü ilə paralel yarandı və "çiçəkləndi". Yəni Sayan jurnalist olmaq istəsəydi, Universitet təhsilini atıb gələrdi, "reket qəzet" redaksiyasından vəsiqə alıb Qazaxıstanın əyalətlərini gəzərdi, xərac toplayardı. Deməli, biz də o "reket" dediyimiz "media" dələduzluğuna görə məsuluq; boşluq yaratmışıq. Boşluğu da onlar doldurub. Yəni media siyasəti yanlış olub. Daha doğrusu, aparılan siyasət yanlış media doğub. İndi bu ictimai abort qurbanı ilə, şikəst doğulmuşla nə edəcəyimizi düşünürük. Həm də çoxdan düşünürdük. Dövlət də, deyəsən, düşünməyə başlayıb artıq.

Təbii ki, şəhid anasından rüşvət almaq rəzaləti bu mübarizə üçün bir qığılcım, bir siqnaldır; dövlət və cəmiyyət bütün gücü, ağırlığı ilə bu yanlışın üzərinə yürüməyə başlayıbsa, alqışlamaq lazımdır. Çünki bu zamana qədər "reket jurnalistikası" deyilən fenomenlə "mehriban düşmənçilik" edilib, mübarizə imitasiyası qurulub və ya bir çox hallarda da "dinc yanaşı yaşama” oynanılıb. Ondan yararlanma hallarını hələ demirəm.

Gerçəkdən bu mərəzdən müalicə olunmaq istəyirikmi?! Təkcə elə tutmaqla, asıb-kəsməklə olmaz bu iş. Əvvəl-əvvəl dövlət yağlı əlini reketin başına çəkməkdən özünü çəkindirməlidir. "Reket" dedikləri "media" ən çox harda mənzillənib?! Dövlətə məxsus "Azərbaycan" Nəşriyyatında. Kim onlara bu şəraiti yaradıb?! Dövlətə bağlı qurum. O "reket"in hücum obyektləri və canlı hədəfləri ən çox kim olur?! Dövlət qurumları və vəzifəli şəxslər.

Yaxşı, cəmi 200-300 abunəçisi olan Youtube kanalından dövlət məmuru niyə qorxub?! Şantajdan, təhdiddən ehtiyatlanıb o “reket”çi kanalını bu günə qədər bəsləyiblər. O qədər ərköyünləşdiriblər ki,  həmin "reket" gəlib cəmiyyətin ən həssas hüceyrələrindən də şirə çəkməyə şirniklənib; şəhid anasını hədəf seçəcək qədər azğınlaşıb.

Niyə?! Çünki dövlət vəzifəsində haqqı olmadan oturanlar, korrupsiyanı gündəlik gəlir mənbəyinə çevirənlər, monopolist biznesmenlər, soyğunçu bankirlər, bacardığından çox qazananlar, qazandığından çox xərcləyənlər... öz qorxuları ilə o "reket media"nı “çiçəkləndirib”.

"Reket media" o vaxt tamamən ortadan qalxacaq ki, "reket məmur", "reket icra başçısı", "reket polis" olmayacaq. Ona görə, əlbəttə, reketin mediadakı qoluna qarşı mübarizənin effektli olması üçün onun bütün sferalara uzantısının kökünü qazmaq lazım gələcək. "Reket media" üzərində qalib gəlmək üçün onun zəminini qazıyıb atmaq gərək. Peşəkar, ciddi, tənqidçi jurnalistikanın nüfuzunu və gücünü özünə qaytaracaqsan ki, "reket"in dolduracağı boşluq qalmasın. Əks halda "reket media" üçün münbit ictimai zəmin qalacaqsa, o yenə alaq otu kimi cücərib hər yeri bürüyər.

Bununla belə,  dövlətin "reket media" ilə savaşı müsbət bir haldır və ictimai dəstəyə layiq addımdır.

Amma bir şeyi də deyim ki, mən “reket media” ifadəsini şərti olaraq işlətdim; əslində reketdirsə, media deyil, mediadırsa, reket deyil. Bu mərəzin dəqiq adını tapmamışıq hələ ki. Əslində reketin media uzantısı, metastazı da deyə bilərik.

Bahəddin Həzi

Bizimyol.info

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »