Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mətbuat Şurası bəzi jurnalistlərin şəhid ailələrindən pul tələb etməsi ilə bağlı məsələni diqqətdə saxlayır
Mətbuat Şurası

“Bir sıra kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkə hesablarında bəzi jurnalistlərin çəkiliş müqabilində şəhid ailələrindən pul tələb etməsi ilə bağlı fikirlər yayılmaqdadır”.

APA-nın məlumatına görə, bunu Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib.

O, bununla əlaqədar Azərbaycan Mətbuat Şurasının sədri kimi ona müraciət edənlərin olduğunu qeyd edib.

Ə. Amaşov bildirib ki, belə bir məsələyə dair nə isə söz demək, mövqe açıqlamaq ağırdır: “Nəinki ağırdır, eyni zamanda, utancvericidir. Şəhid ailəsindən görülməli işin müqabilində pul tələb etmək, yaxud hər hansı təmənna ummaq mənəvi baxımdan cılızlıqdır. Demək ki, müəyyən adamlar üçün müqəddəs heç bir dəyər yoxdur və həmin adamların özünü jurnalist kimi təqdim etməsi vəziyyəti bir qədər də qəlizləşdirir. İstər-istəməz bu bizi düşündürməlidir".

MŞ sədri vurğulayıb ki, ümumən media müstəvisində spekulyasiyalar hər zaman olub: “Buna qarşı mübarizə aparılıb, müəyyən irəliləyişlər əldə edilib. Ancaq təəssüf ki, mübarizənin gözlənilən effekti verdiyini söyləmək mümkünsüzdür. Ümid edirik ki, media sahəsindəki islahatlar kontekstində görülən və görüləcək tədbirlər, işə kompleks yanaşma nəticəsində dövriyyəyə girəcək konkret hüquqi mexanizmlər təsadüfi şəxslərin jurnalistika adına meydan oxumalarına sipər çəkəcək. Bu, həm ümidimiz, həm də arzumuzdur. Yuxarıda qeyd etdiyim hadisə də böyük ölçüdə mediadan sui-istifadədir. Əlbəttə, jurnalist şəhid ailəsinin qapısını döyüb ondan reportaj hazırlaya, açıqlama ala bilər. Çünki bu kateqoriyadan olan insanların problem və çətinliklərinin, qayğılarının cəmiyyətə və müvafiq dövlət qurumlarına çatdırılması önəmlidir. Eləcə də cəmiyyətin şəhid övladlarımızın şücaətindən, qəhrəmanlıqlarından xəbər tutması, onların döyüş yolunun örnək məqamları ilə əlaqədar məlumatlılığı şərtdir”.

Ə. Amaşov onu da vurğulayıb ki, Azərbaycan Mətbuat Şurası olaraq məsələni diqqətdə saxlayırlar və saxlayacaqlar: “Paytaxtdakı, eləcə də rayonlardakı icra strukturları ilə təmasdayıq. Belə hallara qarşı ictimai qınaq daha da gücləndirilməlidir. Eyni zamanda, hüquqi mexanizmlər də işə salınmalıdır. Əgər kimlərsə özünün səlahiyyətlərindən, statusundan istifadə edib şəhid ailələrinə münasibətdə nalayiq davranırsa, həm mənəvi, həm də hüquqi baxımdan cəzalarını almalıdırlar”.

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Avqust ayı üçün maliyyə qoroskopu
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› Avqustun 2-nə olan hava proqnozu
››› Türkiyə Yunanıstana nota verdi
››› Azərbaycan Rusiyaya nota verib
››› Deputat Eldəniz Səlimov: "Səhv etmişəm, üzr istəyirəm"
Son xəbərlər
Bütün xəbərlər »