Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid ailələrindən rüşvəti kim alır... - Video
Şəhid ailələrindən rüşvəti kim alır... - Video

Bu Vətən üçün can qoydu oğullarımız. Heç bir qarşılıq gözləmədən. Canı-qanı bahasına aldılar 30 ildir düşmən tapdağında qalan torpaqlarımızı. Biz daha rahat yaşayaq deyə, biz o torpaqlarda daha rahat gəzək deyə. Bütöv bir Vətənimiz var deyə bilmək üçün gəncliklərini qurban verdilər. Geridə qalan övladlarını, onları böyüdən valideynlərini bizə əmanət etdilər. Bəs biz nə etdik? Onlara arxa durmaq əvəzinə yaralarını daha da qanatdıq.

Necəsini Lent-az araşdırıb. Məlum olub ki, özlərini “media təmsilçiləri” kimi təqdim edən bir qrup şəxs Vətən Müharibəsi qəhrəmanları haqqında hazırlanan materiallarla bağlı şəhid ailələrindən ödəniş tələb edirlər.

Bir neçə gündür ki, sosial şəbəkələrdə bununla bağlı paylaşımlar edərək məsələni ictimailəşdirən ictimai fəal Təranə Alməmmədova bildirib ki, iyun ayının 22-də Bum qəsəbəsindən olan Aprel şəhidi Sahil Şirinovun doğum günündə iştirak ediblər: “Orada çəkiliş qrupuna rast gəldik. Əyninə hərbi forma geyinmiş Rübabə adlı aparıcıya açıqlama da verdim. Bir neçə gün sonra isə şəhid ailələri ilə tədbirdə qarşılaşdıq. Şəhid anası mənə dedi ki, özünü “İnform Xəbər TV”nin aparıcısı kimi təqdim edən şəxs onların evində olaraq, çəkiliş aparıb və bunun müqabilində pul istəyib. Bundan sonra isə əlaqəm olan şəhid ailələri ilə danışdım. Məlum oldu ki, onların bir neçəsindən də belə materialların hazırlanması üçün pul istənilib".

Şəhid Elməddin Mustafayevin anası Könül xanım deyir ki, ondan da oğlu haqqında çəkiliş aparmaq üçün 100 manat pul istənilib: “Mənə tanımadığım nömrədən zəng gəldi və adımı, şəhid anası olub-olmamağımı soruşdular. Ondan sonra bir gün həmin nömrədən mənə yenə zəng gəldi və dedilər ki, çəkiliş aparmaq istəyirlər. Mən də bununla razılaşdım. İlk olaraq nömrə və ünvanımı haradan almaqları ilə maraqlandım. Rübabə adlı qadın dedi ki, icra hakimiyyətindən çəkiliş etmək üçün bizim ailəmizi məsləhət görüblər. Evimizdə, oğlumun uyuduğu məzarlıqda çəkiliş bitəndən sonra məndən 100 manat pul istədilər. Şəhid övladımın xətrinə razılaşdım. Yoldaşıma da dedim ki, gəl verək. Uşaq zəif yerimizdir, ondan keçə bilmədik”.

Şəhid Rüstəm Atakişiyevin anası Arifə xanım da “İnform Xəbər TV”nin aparıcısı Rübabə Vəliyevanın ondan 60 manat pul istədiyini, lakin ona 40 manat verdiyini deyir:

“Həmin an üstümdə pul yox idi. Özüm 280 manat maaş alıram. Oğlumun şəhid pulu üçün verilən kartından isə çalışıram ki, heç istifadə etməyim. Mənə ağır gələn o oldu ki, məcbur qalaraq oğlumun kartından 40 manatı onun kartına köçürdüm. Ona verdiyim pul oğlumun qanının pulu oldu”.

Beyləqan rayonunun Kəbirli kəndindən olan Vətən Müharibəsi qazisi Taci Abdullayevin sözlərinə görə, əmisi də şəhid olan övladı haqqında çəkiliş üçün pul ödəyib.

Sözügedən iddialarla bağlı Bakı şəhəri “Azərbaycan Nəşriyyatı”nda yerləşən “İnform Xəbər TV”nin rəhbəri Azər Kazımov və redaksiyanın işçisi, pul almaqda təqsirləndirilən Rübabə Vəliyeva ilə əlaqə saxladıq. Onların hər ikisi yayılan məlumatların şər-böhtan xarakterli olduqlarını bildirdilər.

Xüsusi ilə vurğulayaq ki, bir müddət əvvəl ölkənin müxtəlif icra hakimiyyətlərindən “APA Group”a bölgə müxbirlərinin akkreditasiyası ilə bağlı müraciətlər daxil oldu. Buna səbəb isə bölgələrdə tanınmış media qurumlarının adlarının oxşarı ilə çıxış edən “reket jurnalistlər”in peyda olması və onların şəhidlər haqqında materialların hazırlanması üçün müvafiq icra orqanlarından və şəhid ailələrindən pul tələb edilməsi olub.

Vətən Müharibəsinin o ailələrə verdiyi acılar, uşaqların yaşadığı stress və psixoloji durum hələ uzun müddət davam edəcək. Ona görə də, gəlin bizə azadlığı, bütöv Azərbaycanımızda başı dik, üzü ağ gəzməyi nəsib edən bu qəhrəmanların ailələrinə dayaq olaq. Şəhid olan oğullarının əvəzində minlərlə oğul qazandıqlarını göstərək onlara. Axı biz onlara bir ömür borcluyuq...

Son xəbərlər
Bütün xəbərlər »