Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanın Moskva hökuməti və Azərbaycana Kollektiv Təhlükə(sizlik)
Nikol Paşinyan və Vladimir Putin

Doğrudan da maraqlı proseslər gedir. Ermənistanda 2018-ci ildə antirus inqilabı nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyan indi yeni hökumətini Rusiyanın paytaxtında formalaşdırır.

Bu ərəfədə Ermənistanda növbədənkənar seçkilər keçirildi; hamı antiRusiya meylinin qalibiyyətini elan etdi (ki, formal tərəfdən baxanda belədir). Ancaq hələ ki faktik olaraq, nəticələr Rusiyanın əleyhinə olsa da, xeyrini yenə də götürən odur. Bu siyasi nəticələrdən biri Ermənistanda Rusiyaya birbaşa və vassal bağlılığı olan siyasi fiqurantların və qrupların rəsmən və felən ölkənin ana müxalifəti statusuna gətirilməsi idi. Buna qədərki tərkibdə Paşinyan hökumətinə müxalifətdə olan iki parlament partiyası vardı və onlar da çox zəif (amorf) qruplardı. Nəinki Rusiya üçün, eləcə də, Ermənistan üçün ciddi siyasi anlam daşmırsılar. Ancaq Putin bu seçkilərdə revanşist ünsürləri parlament çətirinin altına toplayıb Ermənistanın ikinci gücünə - həm Qərb fondlarının dəstəyi ilə gələn və yenidən mandat alan Paşinyanın Qərbə doğru dreyflərinə, həm də Azərbaycana qarşı təhdid faktoruna çevirdi. "Elə etməyin ki, Köçəryan gəlib müharibə başlasın, mən də arxasında durub dəstək verim" hədəsi kimi bir şey.

Bu da hamısı deyil; Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan işğalçı ordu birlikləri üzərindəki qələbəsindən Rusiya öz payına düşəni almaqda davam edir. Daha bir addım Rusiya "sülhməramlı" kontingentinin Qarbağın ermənilər yaşayan ərazilərində yerləşdirilməsidir və bu, ona 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın özünə sərfəli olmayan (və ya hələ sərfəli olmayan) bəndlərini icra etməmək imkanı verir. Məsələn, Rusiya Azərbaycan ərazisinə öz qoşun kontingentini bəyanat imzalandıqdan 8 saat sonra artıq yerləşdirmişdi, amma 8 aydır ki, Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması və qanunsuz yerli erməni silahlı dəstələrin ləğv olunması haqda müddəanı qulaqardına vurur. Ağdamda hərbi qulluqçularımıza məhz həmin erməni silahlı dəstələr atəş açmışdı. Yəni Rusiya sülhpərvər aksenti öz əsgər və zabitlərinin Qarabağdakı iştirakı üzərinə qoyur, qara işləri görmək - onsuz da çox dumanlı olan sülh perspektivinə atəş açmaq lazım gələndə, həmin o erməni yaraqlılarının əlinə silah verib bizim üzərimizə qısqırdır. Beləliklə, bizim 44 günlük müharibədəki qələbəmizdən Rusiyanın aldığı ən böyük faydaların birincisi onun Cənubi Qafqazın ən böyük ölkəsinə hərbi kontingentini yerləşdirməsi, üstəlik, bunu "qoruyucu mələk" statusu ilə "taclandırmasıdır".

Rusiyanın bizim qələbəmizdən əldə edə biləcəyi daha bir dividendi də var; Azərbaycanın Rusiyanın patronajlığı altında qurulmuş Kollektiv Təhlükəsizlik Müqaviləsinə müşahidəçi statusu ilə də olsa, cəlb edilməsi. Rusiya Dövlət Dumasının Avrasiya inteqrasiyası məsələləri üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov Azərbaycanın və Pakistanın KTMT-də müşahidəçi qismində iştirak etməyə razılıq verdiklərini bildirib. Azərbaycan müxalifəti dərhal bu bəyanatdan Prezident İlham Əliyevin və onun xarici siyasətinin tənqidi üçün istifadə etməyə başlayıblar. Əsas tezis də məlumdur: Ermənistanla eyni hərbi blokda necə ola bilərik?! Hərçənd bunun oxşarı tamam əks versiyada var: NATO-nun proqram və təlimlərində Ermənistanla Azərbaycanın birgə iştirakı. Ancaq etiraf edək ki, Azərbaycan cəmiyyətində Rusiyaya 1990-cı il hadisələri ilə artan, əvvəlki Qarabağ müharibəsindən sonra daha da alovlanan (Xocalı və sair), İkinci Qarabağ müharibəsində də "bizi axıra qədər getməyə qoymadığı üçün kükrəyən (Bakının, Gəncənin, Bərdənin bombalanması, Şuşaya İsgəndər -M raketinin atılması və sair) mənfi münasibət var. Bu münasibət fonunda KTMT-də müşahidəçilik belə populist tənqid üçün əməlli-başlı meydan açır.

Şübhəsiz, bu sonuncu məqam həm də ona görə tənqidə məruz qalır ki, biz Azərbaycanın KTMT-də müşahidəşi statusuna razılıq verməsini Azərbaycanın deyil, Rusiyanın rəsmi şəxsindən eşidirik. Və buna qarşılıq təsəlliverici xəbərlər də var. Əvvəla, Ermənistanın fransız rejissurasında irəli atdığı "Qarabağın statusi haqqında danışıqların ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdirilməsi" avantürasına Xankəndi başda olmaqla erməni əhalisi yaşayan bölgələrin öz versiyamızda statusunu müəyyən etməklə cavab verdik; əvvəl "Yuxarı Qarabağ" adlandırdığımız iqtisadi rayonu indi, sadəcə, Qarabağ adlandırdıq. İkinci xəbər, yenə də iqtisadi rayonlaşma məsələsindən gəlir; Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarından ibarət Şərqi Zəngəzur iqtisadi rayonu yaratdıq. Demək istədik ki, biz Qarabağa xüsusi bir status vermədik, o da başqa iqtisadi rayonlarımızdan biridir. Və dedik ki, Şəqri Zəngəzur bizim olduğu kimi Qərbi Zəngəzur da bizə məxsusdur. Ancaq bunlar Prezident fərmanında yazılsa da, hələ ki kağız üzərindədir; Xankəndi və bir sıra başqa bölgələrimiz hələ də Rusiyanın nəzartində və ermənilərin ixtiyarındadır (ya da ən azı istifadəsindədir) . Qərbi Zəngəzur isə Ermənistanın BMT çərçivəsində tanınmış sərhədləri daxilində qalır.

Bütün bu baş verənlər içərisində ən sevindirici (yaxud sakitləşdirici) xəbər Ermənistan Ordusunun 3-cü ordu korpusunun komandiri, general-mayor Qriqori Xaçaturovun vəzifəsindən azad edilməsidir. Qriqori Xaçaturov Tovuz istiqamətindən Azərbaycana hücum əmri vermiş generaldır. Həmin hadisələrdə generalımız Polad Həşimov və xeyli sayda əsgər və zabitimiz həlak oldu. O əmrin Xaçaturova Rusiyanın diqtəsi olması heç o zaman da şübhə yeri qoymurdu: Qriqori Xaçaturov KTMT-nin keçmiş baş katibi, Rusiyanın erməni paqonu daşıyan daha bir vassalı Yuri Xaçaturovun oğludur. Putin bunu Ermənistan hökumətinin Moskvada formalaşdırılması müqabilində Paşinyana bonus edib. Eləcə də, KTMT-yə gedəcəyi təqdirdə Azərbaycana da burdan pay çıxar: ruslar Qriqori Xaçaturov üzərindən Cənub Qaz dəhlizini təhdid edirdi. Və Xaçaturov həm də Qərb zonasında Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşməsinə, Qazaxın 7 kəndinin qaytarılmasına mane olmaq aləti idi. Bu faktın özü də göstərir ki, ruslar Paşinyandan istədiklərinin çoxunu alıb. Və bizə də Qazaxın kəndləri vəd olunur yəqin ki...

Bizimyol.info

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Deputat və ruhanilər öz işini görsəydi...
Son xəbərlər
Bütün xəbərlər »