Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlılar Kanadaya niyə getmək istəyir və hansı yolla getmək olar...
Ottava, Kanada

Kanada azərbaycanlıların yaşamaq üçün ən çox arzuladığı, üz tutduğu iki ölkədən biridir.

Azərbaycan vətəndaşlarının Avropada Almaniya qədər heç bir ölkəyə can atmadığı sirr deyil. Amma sanki Kanada arzusu daha yüksəkdə dayanır.

Bizimyol.info xəbər verir ki, indi Azərbaycan vətəndaşları üçün Kanadaya getmək daha da çətinləşib. Səyahət qruplarında yazılanlar da belə deməyə əsas verir. Qlobal böhran ümumi mənzərəni xeyli dəyişib. Elə bil Qərb ölkələri yoluxmaların yayılmasını həm də miqrant probleminin həlli kimi görür.

Əslində Kanada miqrasiyaya isti yanaşan ölkə kimi tanınır. Şimali Amerika dövləti hər il təxminən 300 min əcnəbi qəbul edir. Məsələn, 2016-cı ildə məhz bu sayda miqrant Kanadada yaşamaq imkanı qazanıb. Təsəvvür edin, gələnlərin 50 min nəfərdən çoxu buraya Asiyanın ciddi sosial qayğılarla yaşayan ölkələrindən üz tutub. Misal kimi həmin il 29 minə qədər Hindistan vətəndaşının Kanadaya ayaq aça bilməsini göstərmək olar.

Kanadaya qanunsuz miqrasiya edənlər də çoxdur. Hələ 2008-ci ildə ölkənin baş auditoru Şeyla Freyzer 41 mindən çox miqrantın izini itirdiklərini açıqlamışdı. Bu illər ərzində rəqəmlərin yalnız artdığını demək olar.

Azərbaycanlıların Kanada sərhədlərini qanunsuz aşmaq imkanları məhduddur. Buna görə də bizimkilər daha çox legitim yollar haqqında düşünür. Bu isə məsələni xeyli qəlizləşdirir. Çünki Kanada hamıya yaşıl işıq yandırmağa hazır deyil.

Ərazisinə görə dünyanın ikinci böyük ölkəsində çox insan yaşamır. Hər halda nəhəng ərazi üçün 37 milyon nəfər yüksək göstərici deyil. İşçi qüvvəsinə ehtiyac var. Amma Kanada ciddi seçim aparmağın tərəfdarıdır.

Azərbaycanlıların turist kimi getmək şansı yüksək deyil. Çünki Kanada xüsusilə avropalılara qapı açmağa çalışır. Azərbaycan vətəndaşları daha çox işçi vizası haqqında fikirləşir. Təəssüf ki, təklif olunan işlərin əksəri çox ağır şərtlər altında yaşamağı təklif edir. Kanadada qış uzun sürür. Ölkənin şimal hissəsində işçi qüvvəsinə daha çox ehtiyac var. Üstəlik, azərbaycanlılar yüksək maaşla yanaşı, qiymətlərin səviyyəsini də nəzərə almalıdır.

Səyahət qruplarına nəzər yetirərkən Azərbaycan vətəndaşlarının təhsil vizasına üstünlük verməyə başladığı diqqət çəkir. Məlum olur ki, imtina səbəbi kimi “iş arayışının qane etməməsi” göstərilir. Rəylərdə kanadalıların sənədləri qəbul edərkən təhsillə bağlı hər xırdalığa diqqət etməsi yazılıb. Hətta Kanadaya təhsil vizasının “Green card” udmaqdan daha çətin göründüyü qeyd olunub.

Bəs azərbaycanlılar Kanadaya niyə getmək istəyir? Çünki həm yaşamaq üçün sosial şərtlər uyğundur, həm də təbiəti gözəldir. Azərbaycanda gözəl yerlər yoxdurmu? Əlbəttə, var. Amma həmin gözəllikdən zövq almaq olmur. Xidmət sektorunda qiymətlər insanların qazancına mütənasib deyil. Üstəlik, sosial problemlərin çoxluğu insanları stress içində saxlayır. Ölkə vətəndaşı gələcəyindən arxayın olmaq istəyir. Azərbaycanda isə üfüqdə gur işıq görünmür.

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »