Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uzaq planetlərdə həyat varmı... – Alimlərdən maraqlı cavablar
Uzaq planetlərdə həyat varmı... – Alimlərdən maraqlı cavablar

Başqa planetlərdə həyatın olub-olmaması həmişə insanlarda böyük sual yaradıb. Ötən əsrin ortalarından bu məsələ müxtəlif müstəvilərdə müzakirə olunur. Uzaq planetlərdə həyatın olmasına inananlar da az deyil, bunu cəfəngiyyat sayanlar da.

Bizimyol.info xəbər verir ki, Avstraliyanın “The Conservation” nəşri bu məsələyə diqqət ayırıb. Nəşr müxtəlif ekspertlərin mülahizələrinə yer verib.

“The Conservation” yazıya Pentaqonun uçan naməlum obyektlərlə bağlı hesabatının ortaya çıxardığı söz-söhbətlə başlayıb. Elmi nəşrin suallarını cavablandıran ekspertlərin əksəri yekdil fikrə gələ bilib. “The Conservation”un əməkdaşlarıyla söhbətləşən 5 elm adamından 4-nün fikrincə, başqa planetlərdə yaşayanlar var.

Konti Horner tərəddüd etmədən “hə” deyib. Astrobioloqu maraqlandıran əsas məsələ həyat olan planetlərin Yer kürəsindən nə qədər uzaqda yerləşməsidir.

“Kosmos inanılmaz dərəcədə böyükdür. Təkcə bizim Süd Yolu qalaktikasında 400 milyarddan çox ulduz var. Hər ulduzun 5 planeti olarsa, ümumi planetlərin sayı 2 trilyona çatar. Bilirik ki, kosmosda qalaktikaların sayı Süd Yolundakı planetlərin sayından çoxdur. Bu o deməkdir ki, yaşayış üçün yetərincə yer var. Heç inanmağım gəlmir ki, Yer kürəsi yeganə yaşayış məskənidir”.

Astrofizik Stiven Tinqey hər şeyin çox mürəkkəb olduğunu fikirləşir. Buna baxmayaraq, o da “hə” cavabını verməyin tərəfdarıdır.

“Baxır biz “yadplanetli” deyəndə nəyi nəzərdə tuturuq. Məsələn, mən Yer kürəsindən kənarda aşkar olunacaq istənilən bakteriyanı canlı sayıram. Qalaktikada milyardlarla ulduz var. Hər ulduzun da öz planeti. Bu sistemlər zəngin elementlər qarışığından formalaşır. İnanmaq çətindir ki, həyat üçün uyğun şərait yalnız bizim planetdə yaranıb. Biz indi bilmirik ki, həyat deyiləndə nə nəzərdə tutulur. Bu, nəsə bakteriyalar kimi bir şey və ya üstün texnoloji sivilizasiyalar ola bilər”.

Helen Meynard-Keyzli əvvəl-axır Yer kürəsindən kənarda həyatın olmasıyla bağlı sübutlar ortaya qoyulacağına əminlik ifadə edib. Planetoloq buna çox yaxınlaşıldığını bildirib.

“Yupiterin iki peykini götürək. Hər ikisində su var, temperatur uyğundur. Amma başqa planetlərdə həyat bizimkindən çox fərqlənə də bilər. Buna görə də Saturnun peyki Titanı öyrənməyimiz ürəyimcədir. Orada çoxlu maraqlı molekullar aşkar etmişik”.

Kosmik texnologiyalar üzrə mütəxəssis Rebekka Allen də başqa planetlərdə həyatın olmasına şübhə etmir. Sadəcə, həmin məxluqların insana bənzəmədiyini düşünür.

“Təkcə bizim qalaktikada 100 milyard planet var. Bunlardan 6 milyardında Yer kürəsinə oxşarlıq aşkar edilib. Nəsə elə bilirik ki, başqa planetlilər bizə bənzəyəcək. Halbuki elə Yer kürəsində xeyli orqanizmlər fərqli quruluşlardadır. Məsələn, vulkanik süxurlarda yaşayan canlılar var. Başqa planetlərdə də təxminən belə həyatın olması mümkündür”.

“The Conservation”un müraciət etdiyi elm adamlarından yalnız Martin Van-Kranendonk əks fikir söyləyib. Astrobioloq başqa planetlərdə həyatın olmadığına inanır.

“Biz heç nə bilmirik. Başqa kimyəvi sistemlərdə nə baş verməsindən xəbərsizik. Ola bilər ki, biz nə vaxtsa bu suala heç cavab da tapa bilməyəcəyik”.

Son xəbərlər
Bütün xəbərlər »