Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xüms, zəkat, nəzir yetimə verilməlidir, yoxsa dini liderə?
Ramazan ayı, məscid
Bu gün sosial şəbəkələrdə bir məsələ müzakirə mövzusuna çevrilib. Azərbaycanda yığılan xüms və zəkatın İranın Qum şəhərinə gizli yollarla aparılması və bu vəsaitin nələrə sərf edilməsi barədə hesabatın olmaması. Digər məsələdə dini ziyarətgah və məscidlərdə yığılan nəzir pullarının hara sərf edilməsi barədə qaranlıq qalan suallardır.

Sosial şəbəkə istifadəçilərinin fikirləri bu məsələdə 2 yerə bölünür. Bir qisim insan deyir ki, xüms və zəkat hər kəsin öz biləcəyi işdir, kimə istəyər, ora da verər. Digər qisim insanlar isə etiraz edərək bildirirlər ki, şəhid və qazi ailələri olan yerdə yığılan vəsaitin xaricə aparılması düzgün hesab edilə bilməz. Ən böyük xümsə və zəkat da məhz şəhid balalarına edilən yaxşılıq ola bilər. Üstəlik, nəzərə almalıyıq ki, söhbət böyük pullar qazanan tanınmış iş adamlarının verdiyi xüms və zəkatdan gedir. Xümsün qazancın beşdə birinin ildə bir dəfə Allah yolunda sərf edilən vəsait, zəkatın isə Ramazan ayında verilən nəzir olduğunu nəzərə alsaq, söhbət böyük məbləğdən gedir. Azərbaycan dünyəvi dövlət olduğundan ölkəmizdə yığılan xüms və zəkatlara dövlət nəzarəti yoxdur.Qafqaz Müsəlmanları İdarəsi deyir ki, dini vergilər şəxsi məsələ olduğuna görə QMİ buna nəzarət etmir.

Bu gün bir çox qurumların fəaliyyətinə nəzarət mexanizmi olaraq İctimai Şuralar yaradılıb. Dini icmalara, məscidlərə, pirlərə, nəzir qutularının vəsaitinin xərclənməsinə də İctimai Şuraların nəzarət etməsi pis olmazdı.

Ölkəmizdə dini vergilər iki yolla yığılır. Ya yerli dini icmaların əlində toplanır, ya da müəyyən nümayəndələr tərəfindən toplanıb xaricdəki üləmalara, şeyxlərə, müctəhidlərə göndərilir. Xaricdəkilərə çatdırılma isə fərqli yollarla həyata keçirilir. Ya imkanlı şəxs gedib orada vəsaiti özü təqdim edir, ya da həmin müctəhidin yerli nümayəndəsinə Azərbaycanda təqdim olunur (möminlər toplayıb ona verirlər, o da özüylə götürüb xaricə gedir və əksər hallarda vəsaitin İrana getdiyi məlumdur).

İyulun 1-də Sabirabad rayonunun Qaratoğay kəndində nəzirə görə eyni anda iki məscidi yandıran kənd mollaları saxlanıldı. Fuad və Şahbaz Nəbiyev qardaşları.

Rəsmi məlumatlara görə, ölkədə 500-ə qədər ziyarətgah var. Onlardan 50-dən çoxu daha çox göz önündədir. Qafqaz Müsəlmanları İdarəsinin bildirdiyinə görə, məscidlərin nəzir qutularına toplanan vəsait, ilk növbədə, məscidin daxili ehtiyacları - kommunal xərclərin ödənilməsi, cari təmir işləri, işçilərin məvacibi üçün sərf olunur, əgər artıq qalarsa, ehtiyacı olan ailələrə yardım göstərilir.

Məsələn, araşdırmamıza görə hamının “Göy məscid” kimi tanıdığı Əjdər Bəy məscidində bir aylıq kommunal xərclər aşağıdakı kimidir. Qışda təxminən 800 manat elektrik enerjisi, 700 manat qaz pulu ödənməli olur. Məscidin 13 işçisi var. Aylıq toplanan ianələr 1500 manat civarında olur. Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) tərəfindən məscidin İmam və beş nəfər müavininə 500 manat, sanitar qovşaqlara baxan, elektrik 330 manat, fəhlə, sürücü, dörd mürdəşirə (iki qadın, iki kişi) isə 230 manat əməkhaqqı verilir. Toplanan ianələrdən 8-12 ailəyə kömək edilir.

Bir əlavə də edim ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərdə ölünün yuyulması üçün təyin edilən qiymət 50 manatdır. Bu da kommunal xərcləri və ölünü yuyanın zəhmətini ehtiva edir. Ölən şəxsin məscidin meyitxanasında saxlanılması əlavə xərclər tələb edir.

İanə və nəzir toplamaq başqa dinlərdə də var və dünyanın digər ölkələrində bu praktika yayılıb. Ancaq bu ölkələrdə prosesə nəzarət edən fondlar var, şəffaflıq mövcuddur. Hər qəpiyin hesabı aparılır. Məsələn, ABŞ-da dini fondlardan toplanan pullarla bağlı hesabatlar verilir. Türkiyədə məscidə yardım edən şəxs qeydiyyatdan keçmiş mədaxil qəbzi alır. İanənin hara sərf ediləcəyi barədə hesabat tələb edə bilir. Səudiyyə Ərəbistanı torpaqlarına qədəm qoyan əcnəbilərdən “torpaqbasdı” haqqı kimi 280 dollar pul alır. Yəni onların nəzir qutusuna ehtiyacı yoxdur.

Bir neçə il öncə ölkəmizdə nəzir qutularına nəzarət etmək üçün fond yaradılması təklif olunurdu, lakin elə təklif şəklində də qaldı. Ölkədə əsasən 3 ziyarətgahda külli miqdarda nəzir pulları yığılır - Mirmövsüm ağa ziyarətgahı, Bibiheybət məscidi və Gəncə İmamzadə ziyarətgahı.

Ata-babalarımızın bir məsəli var: Öncə məscidin içi, sonra çölü. Bu gün yığılan zəkat, nəzir və xümslə ölkəmizdəki möhtacların ehtiyacını görüb sonra xaricə üz tutmaq yaxşı olardı. Ən azından əminik ki, bir şəhid balasının o vəsaitə hansısa imkanlı şeyx və seyyiddən daha çox ehtiyacı var. Cənnət Məkkədə, Kəbədə, Mədinədə israf edilən pullarla deyil (elə adam var dəfələrlə hacı olur, kərbəlayi ünvanını qazanır), qonşuluğundakı bir yetimin, bir ehtiyac sahibinin köməyinə yetib, duasını almaqla qazanılır.

İlhamə

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Bakıda güclü yanğın başladı - Video
››› Avqustun 1-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »