Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Onları qıcıqlandıran odur ki, mən işgəncələrə susmuram” - DİN-dən rəsmi cavab
Daxili İşlər Nazirliyi

Gəncə şəhərindəki 1 saylı vəkil bürosunun üzvü olan Zabil Qəhrəmanov müvəkkillərinin hüquqlarının müdafiəsi zamanı təzyiqlərlə üzləşdiyini deyir. Vəkil bildirib ki, səbəb hüquqlarını müdafiə etdiyi şəxslərə qarşı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yol verilən qanunsuzluqlara göz yummamasıdır.

Vəkil Zabil Qəhrəmanov Bizimyol.info-ya açıqlamasında xüsusən Şəmkir rayonunda baş verənlərdən şikayətlənib. Onun sözlərinə görə, vəkili olduğu şəxsləri müdafiəçi kimi onun xidmətindən imtina etməyə məcbur edirlər. Vəkil bildirib ki, son vaxtlar Şəmkir rayonunda hüquqlarını müdafiə etmək üçün müqavilə bağladığı üç nəfərə münasibətdə eyni hal yaşanıb.

Zabil Qəhrəmanov Zabil Qəhrəmanov

Müdafiəçi deyir ki, hüquq-mühafizə orqanlarını ən çox qıcıqlandıran məqamlardan biri vəkilin hüquqlarını müdafiə etdiyi şəxslərə qarşı işgəncə, pis rəftar, insan ləyaqətini alçaldan hallara susmamasıdır: “Bu cür qanunsuz halları ortaya çıxarıb, müvafiq strukturlara şikayətlər ünvanlayanda və s. hüquqi addımlar atanda onlar da əl-ayağa düşürlər. Təqsirləndirilən şəxslərin yaxınlarına təsir göstərirlər ki, məndən imtina etsinlər. Həbsdə olan şəxslər və onların yaxınlarından bəzilərinə vəd verirlər ki, bu vəkildən imtina etsəniz, sizə kömək edəcəyik. Elələri olur ki, başqa üsulla təsir göstərirlər”.

Vəkilin sözlərinə görə, bu hallardan biri Yusif Lətif oğlu Orucovun müdafiə prosesində baş verib: “Onun müdafiəçisi mən idim. Onu narkotik satıcısı kimi həbs eləmişdilər. Fiziki təzyiqlərlə bağlı özü də məhkəmədə şikayətlənmişdi. Ona təzyiq olunurdu ki vəkil kimi, mənim xidmətimdən imtina eləsin. Bir müddət sonra istədiklərinə nail oldular...”

Emin Tağıyev adlı şəxsin hüquqlarını müdafiə etdiyini deyən vəkilin sözlərinə görə, onu bir nəfərə narkotik maddə verməkdə ittiham edirdilər: “Halbuki, həmin şəxsin qardaşı prokurorluğa məktub yazıb ki, qardaşıma narkotiki mən vermişəm, ona işgəncə verməyin. Bu günə qədər də həmin adamı dindirməyiblər. Əvəzində qohumlarını çağırıblar ki, “bu vəkildən imtina eləyin, onun buraxılması məsələsi həll olunsun”.

Bu yaxınlarda Şəmkirdə həbs olunan iş adamı, “Qala” restoranının sahibi Tural Zeynalovun da hüquqlarını Zabil Qəhrəmanov müdafiə edir. Vəkilin sözlərinə görə, onun xidmətindən imtina olunması üçün Tural Zeynalova da təzyiq göstərilir.

İş adamı iyunun 22-də - karantin rejimi dövründə rəhbərlik etdiyi restoranda toy keçirilməsinin qarşısını alarkən polis əməkdaşına zor tətbiq etməkdə ittiham olunur. İddia edilir ki, Tural Zeynalov Şəmkir rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin rəisi Vüqar Qarayevə xəsarət yetirib. Zeynalova qarşı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsilə ittiham irəli sürülüb, Şəmkir rayon Məhkəməsinin qərarıyla həbs qətimkan tədbiri seçilib.

Tural Zeynalov, iş adamı Tural Zeynalov

Tural Zeynalovun atası Allahverdi Zeynalov isə həmin gün restoranda toy keçirilmədiyini, sadəcə, rəsmi nikah bağlamış Qarabağ qazisinin dost-tanışlarıyla bu hadisəni yemək masası arxasında qeyd etdiklərini bildirib. Allahverdi Zeynalovun sözlərinə görə, əksinə, həmin vaxt polis zabiti Vüqar Qarayev onu itələyərək yıxıb. Daha sonra polis şöbəsinə aparılan oğlu orada işgəncəyə məruz qalıb, burnu sındırılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan isə bildirilib ki, Tural Zeynalovun işgəncəyə məruz qalması, vəkildən imtina üçün ona təzyiq edilməsi barədə iddialar həqiqətə uyğun deyil.

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Dağlar qoynunda gizlənmiş cənnət: Təngə dərəsi - Fotolar
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Saakaşvili Putinin işğal planını açıqladı
››› Dilimizi bilməyən diplomatlarımız və Şeyxin açıqlaması: "Yaşlı adamdır, üstünə getmək doğru deyil"
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
Son xəbərlər
Bütün xəbərlər »