Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2-ci qrup əlil: "Pensiyamı oğurlayanları nazirlik cəzalandırmır" - Video
2-ci qrup əlil: "Pensiyamı oğurlayanları nazirlik cəzalandırmır" - Video

“Ömrüm yavaş-yavaş məhv oldu. Evim olmadı, qapımı bağlayıb, dərdimi çəkim. Övladım olmadı, sığallayıb, bağrıma basım. İşim olmadı, gedib kollektivdə olum, şənlənim, ayın sonu əmək haqqımı alım. Mən qırıq-qırıq, asta-asta məhv oldum. İndi də ortadayam. Heç saman çöpüm də yoxdur”...

Əslində özünə acıqlıdır Ziyafət xanım. Gözləri dolur. Həyat mübarizəsində məğlub olanlardan hesab edir özünü.

Dünyalar qədər sevdiyi həyat yoldaşını da aprel ayında itirib. Bu yoxluqla da barışa bilmir. Qısacası həyatı alt-üst olub. Həyat hekayəsini Bizimyol.info saytına danışan Ziyafət Abbasova hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sığınacağında yaşayır. Deyir ki, ikinci həyat yoldaşı şair-yazıçı Etibar Qoca vəfat edəndən sonra tamamilə tənha qalıb.

Ziyafət Abbasova Ziyafət Abbasova

“Biri ilə həyatım alınmadı. Uşağım olmadı, ayrıldım. Etibar mənim ikinci həyat yoldaşım idi. Onun arzusu idi ki, bir övladımız olsun. Xəstəliyim imkan vermədi ki, onu ata edim. Övlad arzusu ilə köçdü həyatdan. Etibar halal adam idi. İçki dəyməzdi dilinə. Dürüst idi. O var idi deyə mən də güclü idim” - deyə Ziyafət xanım danışır.

Ziyafət xanımın sözlərinə görə, 2006-cı ildən 2-ci qrup əlildir. 2012-ci ilə qədər əlil kimi pensiya alan Z.Abbasovaya bildirilir ki, əlilliyi ləğv edilib.

Ötən il pandemiya ilə əlaqədar 190 manat sosial yardımı almaq üçün müraciət edərkən, müraciətə imtina cavabı alır. Səbəb kimi isə, 2-ci qrup əlil kimi pensiya aldığı göstərilir:

“Mənə 2012-ci ildə əlilliyimin ləğv edildiyi və pensiyamın kəsildiyi bildirilmişdi. Bunun səbəbini araşdırmağa başladım. Məlum oldu ki, mənim əlilliyim ləğv edilməyib və 2012-ci ildən hər ay ödənilib, kiminsə tərəfindən mənimsənilib”.

Z.Abbasovanın ƏƏSMN-nə müraciətindən sonra 2020-ci il may ayında ona ayrılan pensiya dayandırılır. Şikayətçi qeyd edir ki, müvafiq sənədlərlə (əlillik haqqında arayışlar, ödəniş kartı üzrə çıxarışın surəti və sair) dəfələrlə ƏƏSMN-nə müraciət etsə də, məsələ öz həllini tapmayıb.

Hazırda Ziyafət Abbasova ağır xəstədir. Əmək qabiliyyəti olmadığına görə, xeyirxah insanların yardımı ilə yaşayır.

Bir tikə çörəyə möhtac olduğunu deyən qadının əlilliyi də ləğv edilib. İllərlə onun pensiyasını mənimsəyən şəxslər haqqında isə ona heç bir məlumat verilmir. Qadın hesab edir ki, bu şəxslər nazirlik tərəfindən himayə edildiyi üçün cəzalandırılmır. Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərilib.

P.S. Qeyd edək ki, bu nazirliyin sorğuları qulaqardına vurması ilə bağlı çoxsaylı şikayətlər daxil olur. Adında "sosial" sözü olsa da, xalqdan ən uzaq düşmüş nazirlik də elə budur. Heç bir sorğuya qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavab verilmir. Həmçinin saytlarında nazir Sahil Babayevin elektron poçt ünvanı göstərilsə də, ora yazılan müraciətlərin heç biri qeydə alınmır. Baxmayaraq ki, o müraciətlər rəsmi xarakter daşıyır və "Müraciətlərə baxılması qaydası haqqında" AR qanununun tələblərinə müvafiq qaydada cavablandırılmalıdır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »