Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağda Pandoranın qutusu açılıb - zaman həm dostumuz, həm düşmənimizdir
Zəngəzurun Mehri şəhəri

Ermənistan İran, Türkiyə sərhədindən sonra Azərbaycanla sərhədin qorunmasını da Rusiyaya tapşırır . Azərbaycan-Ermənistan sərhədində Rusiya qoşunları yerləşdirilir. Artıq 2 həftədir Ermənistan mətbuatı bu barədə yazmaqdadır.

2 həftə öncə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Artak Davtyan bəyan etdi ki, rusların Geqarkunik vilayətində yerləşdirilməsi proses gedir. O qeyd edib ki, danışıqlar Azərbaycanın iştirakı ilə Rusiya tərəfi ilə aparılır. “Bizim vəzifəmiz toqquşma olmadan Azərbaycan bölmələrini ərazimizdən çıxarmaqdır, heç bir güzəşt olmayacaq və əgər Azərbaycan Silahlı Qüvvələrinin çıxarılması məsələsi danışıqlar yolu ilə həll olunmasa, “müvafiq hərəkətlərlə” nizama salınacaq”.

Onun ardınca Geqarkunik əyalətinin qubernatoru Qnel Sanosyan da üçtərəfli danışıqlar getdiyini, Rusiya hərbçilərinin Geqarkunikdən Zəngəzura, Gorusa qədər, bütün sərhəd boyunca yerləşdiriləcəyini iddia etmişdi.

Amma biz Rusiyanın sülhməramlı olaraq da bitərəf olmayan mövqeyini dəfələrlə gördük. Elə dünən, yəni iyulun 6-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub. Atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandalığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib. Hər hansı bir ciddi cavab alınacağını mən şəxsən gözləmirəm, çünki bu indiyə qədər olmayıb.

Ermənistan bütün məsuliyyəti Rusiyanın üzərinə atıb, onun arxasında qalada gizlənirmiş kimi gizlənəcək. Bir müddət sonra Qarabağla bağlı məsələləri Kremlə ötürüb tamamən oyundan çıxa bilər. Bir zamanlar politoloq Eldar Namazovun proqnozlaşdırdığı kimi biz bir daha müharibə olsa, Ermənistanla deyil, Rusiya ilə etməli olacağıq. Proqnoz özünü doğrultdu, bundan sonra Moskva ilə üzbəüz qalacağıq. Bunun mənfi və müsbət tərəfləri olacaq. Ən birinci müsbət məqam yəqin bundan ibarətdir ki, bizim indi əlimizdə Şuşa bəyannaməsi, yəni Türkiyə ilə hərtərəfli sazişimiz var, Rusiya bunu mütləq gözə almış olacaq. Amma Qafqazdakı yerini itirməmək üçün də dirəniş göstərəcəyi bəllidir.

ABŞ qlobal proseslərdəki iştirakını yenidən format edir. Əfqanıstandan ABŞ qoşunlarının çıxması böyük bir geosiyasi eranın - Post-Sovet dövrü Humanitar müdaxilələr erasının sonunun gəldiyini göstərir.

Əfqanıstandan ABŞ qoşunların çıxması, o ərazidəki missiyasını Türkiyəyə təhvil verməsi, Türkiyəönin proseslərdə Pakistanın dəstəyindən istifadə edəcəyini söyləməsi fonunda Rusiyanın başı yenidən Əfqanıstana qarışa bilər. Politoloq Əhməd Əlili qeyd edir ki, Post-Sovet məkanında Post-Sovet erasını bitirən ikinci Qarabağ savaşındakı qələbəmiz oldu: “Humanitar müdaxilələr erasının pik dövründə o ərazilərə göndərilmiş qoşunların geri çağırılması və bununla da dünya siyasətində Post-Sovet erasının tam bitməsi, Post-post-Sovet erasının başlaması deməkdir. Maraqlı proseslər öndədir”,- deyə politoloq bildirib.

Görünən odur ki, bölgədə hələ uzun müddət sabitlik olmayacaq. Rusiyanın başı Orta Asiyada ciddi qarışacaq, 1930-cu illərdə Sovetin Əfqanıstana qovduğu "basmaçlar” (türk və taciklərdən ibarət islam əsgərləri) geri dönüşləri ilə Rusiyanı heç də məmnun etməyəcəklər. Amma Rusiyanın bu güclərdən öz məqsədi üçün istifadə potensialı da var ki, belə təcrübəyə də Rusiya tarixində az rast gəlinməyib. Qısası, Pandoranın qutusu açılıb. Bəla bulaşmağa yer gəzir.

Belə vəziyyətdə ağıllı strategiya ilə Rusiyanın Cənubi Qafqazda, o cümlədən Qarabağdakı varlığına da hansısa bir həmlə ilə son qoymaq olar. Qələbədən sonra həm Azərbaycan, həm də Türkiyə öz strateji və coğrafi fəaliyyət areallarını genişləndiriblər, regional reallıq tam dəyişib.

Qərblə Rusiyanın Ermənistanda maraqları toqquşduğu üçün hələ bir müddət aralarındakı gərginlik davam edəcək. Azərbaycanın qəti mövqeyini görürlər və etibarlı tərəfdaş kimi qəbul edirlər. İndi ən böyük dostumuz da, düşmənimiz də zamandır.

İlhamə Rəsulova

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Milli Məclisdə “kədərli” anlar…
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »