Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Co Bayden miqrant axınının qarşısını niyə ala bilmir...
Co Bayden

Latın Amerikasından gələn miqrantlar ABŞ üçün həmişə problem olub. Co Bayden hakimiyyət başına keçəndən məsələ daha ciddi xarakter alıb. Hər il ölkəyə 150 mindən çox miqrant gəlir. Yeni prezidentin əleyhdarları əmindir ki, o, vəziyyətə nəzarət edə bilmir.

Bizimyol.info xəbər verir ki, fevralda ABŞ-a yaşamaq üçün qanunsuz yollarla 100 min əcnəbi ayaq açmışdı. Martda onların sayı 170 min nəfər olmuşdu. Mayın yekunları isə ölkəyə 180 min miqrantın gəlməsi faktını ortaya qoyur.

ABŞ hökuməti tamamilə hərəkətsiz dayanmayıb. Əsassız gəlmələr deportasiya olunur. Amma araşdırma üçün böyük zamana ehtiyac var. Təkcə deportasiya təcridxanalarında 18 min yeniyetmənin qaldığı bildirilir.

Meksika ilə sərhəddə yerləşən San-Dieqo şəhərində yerli əhali son 10 ildə vəziyyətin kəskin dəyişdiyini deyir. İş orasındadır ki, bura təkcə insanlar yox, narkotik ticarətçiləri də üz tutur. İndi San-Dieqoda yolların kənarlarında uyğun elanları da görmək mümkündür. Yerli icra strukturları şəhər əhalisini ehtiyatlı olmağa çağırır: “Siz narkotrafik zonasındasınız!”

İndi San-Dieqoda sənədləri qaydasında olanlar da sərhədi keçməkdə çətinlik çəkir. Əvvəllər prosedur cəmi 5 dəqiqə sürürdüsə, indi nəzarət-buraxılış məntəqəsində saatlarla gözləmək lazım gəlir. San-Dieqo sakinlərindən biri deyir ki, məsələ gəlmələrin əlinə keçən hər sənədi gətirməsindədir. Onlar hətta sağlamlıq haqqında arayışla ABŞ-a keçə biləcəklərini düşünür. Buna görə də yoxlama prosesi uzun sürür.

ABŞ-a daha çox meksikalılar can atır. Bunun səbəbini bilmək üçün sərhədi o tərəfə keçmək, Tixuana şəhərini görmək kifayətdir. Şəhərin küçələri yoxsul insanlarla dolub-daşır. Meksikadan ABŞ-a keçməklə aylıq qazancı 10 dəfə artırmaq mümkündür.

Birləşmiş Ştatlara Latın Amerikasının müxtəlif yerlərindən üz tuturlar. Miqrantlar əvvəlcə okeanın o tayında istənilən şəxsin daxil ola biləcəyi Qvatemalaya gedir. Bundan sonra bütün Meksika boyu irəliləyərək ABŞ sərhədinə yaxınlaşırlar.

Co Bayden prezident seçiləndən sonra miqrantların ümidi xeyli artıb. Meksikadakı düşərgələrdə “Co babanın yanına gedirik” yazılmış köynəklərə çox rast gəlmək mümkündür. Hondurasdan bura iki övladı ilə pənah gətirmiş İzabella təkcə ümidə söykənmək lazım gəlmədiyini düşünür. 40 yaşlı qadın çox da nikbin görünmür.

Mütəxəssislər deyir ki, pandemiya çox eybəcər mənzərə yaradıb. İşsiz, bir parça çörəksiz qalan insanların sayı artıb. Üçüncü dünya ölkələrində vəziyyət lap ağırdır. Buna görə də parlaq gələcək vəd edən ABŞ kimi ölkələrə üz tutanların sayı çoxdur. Pandemiya insanları əldən salıb. Onlar rahat yaşaya biləcəkləri ölkəni heç vaxt olmadığı qədər axtarırlar.

San-Fransiskoda yaşayan fotorəssam Ben deyir ki, heç kimi deportasiya etmək lazım deyil. Onun fikrincə, hamıya pul çatdırmaq olar: “Biz səxavətli və mərhəmətli olmalıyıq. Biz bədbəxt adamları necə geri qaytara bilərik? Pul tapılacaq. Sadəcə, İraqı bombalamağı dayandırmaq lazımdır”.

Sərhəd zonasında isə sanki yeni Meksikanın əsası qoyulur. Təsəvvür edin, Latın Amerikasından gələnlərin sayı yerliləri keçməyə başlayıb. Məsələn, Kaliforniyada əhalinin 39 faizi ağdərili, 38 faizi latınamerikalıdır. İndi AŞB əhalisinin 12 faizini Latın Amerikasından gələnlər təşkil edir. 2050-ci ildə faizin 25-ə çatacağı gözlənilir.

ABŞ-da böyük bir zümrə düşünür ki, Bayden bu istiqamətdə ciddi islahatlara başlasa, ölkəyə bu qədər gələn olmayacaq. Amma mütəxəssislər hər şeyin belə bəsit olmaması qənaətindədir. Həyat mütləq qısa zamanda normal halına qayıtmalıdır. Böyük dövlətlər Latın Amerikasının, Asiyanın, Afrikanın ciddi iqtisadi sıxıntı yaşayan ölkələrinə uyğun iqtisadi münasibətlərin yaranması üçün dəstək olmalıdır. Əks halda proses idarəolunmaz vəziyyətə gəlib çıxacaq. Miqrant axını getdikcə daha da böyüyəcək. Bu isə hamıdan əvvəl böyük dövlətlərin maraqlarına uyğun deyil.

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Dünyanı qorxudan 8.2 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› İtaliyada yumruq böyüklüyündə dolu yağdı: Şəhəri cəhənnəmə çevirdi - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »