Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qiymətlər qalxır, ziyalılar, QHT-lər və deputatlar susur
Nazirlər Kabineti

Qiymətlər ceyranın, maaşlar tısbağanın belində - həyat yarışı gedir...

Bir neçə müddət öncə suyun, sonra benzinin qiymətinin qalxması gələcək qiymət artımlarının “ilk qaranquşu” oldu. Çox keçmədi , Tarif Şurası vərdiş edildiyi kimi gecə yox, gündüz vaxtı elan elədi ki, qaz və elektrikin qiymətini “dəyişdirir”. Alışmışıq yataq, yuxudan durub belə qara xəbərlərlə affekt vəziyyəti yaşayaq. Bu dəfə gündüz vaxtı qərar verdilər, çaşdıq qaldıq, matımız , qutumuz necə qurudusa, ağzımızı da açmadıq. Təkcə biz, qara camaat yox a, heç özünü işıqlı elan edən ziyalılarımız da dinə bilmədilər.

Bircəciyi dinib demədi ki, a kişilər, savaşdan çıxmış ölkəyik, özümüzə gəlməmişik, yaşanan stress içində az qala hər həftə bir qazimiz özünə qəsd edir, ölkədə minumum əmək haqqı ilə qazın qiymətinin qaldırılması düz gəlməz. Sanki kimsə Tarif Şurasındakılara deyib ki, Azərbaycan Ermənistandan 850 milyon təzminat alıb, onu da paylayıb xalqa, millət bu saat yerdən xəkəndazla pul yığır xaral- xaral.

Ölkədə bir iki nəfər istisna olmaqla mövcud olan 4000 QHT-nin sədrləri səslərini çıxarmadı. Hərəsi 10 yerə vəzifəyə seçilib, əlini kiminsə cibinə qoymuş İctimai Şura üzvləri də vəzifələrini yerinə yetirib danışmadılar - vəzifələri danışmaqdır, ağızlarına su almaq yox. Vətəndaş cəmiyyəti dediyimiz bu idi. Bəs niyə hamı susdu? İctimai Şura üzvlərindən ən hay-küylü açıqlama Lalə Azərtaşdan gəldi, o da doslarının bostanına daş atarmı? Bir mürəbbə dedi, karyerası boyunca qazanmadığı populyarlığı gecə bişən mürəbbə ilə bir gecədə qazandı.

Hökümət üzvlərinin verdiyi qərarlar Quran ayəsi kimi qəbul edilməməlidir. Dövlət xalqın birliyi deməkdir, xalqın birliyindən yaranıb və rifahı üçün yaradılıb. Bizdə bir çox qurumların qərarları xalqı dövlətdən ayrı salmağa xidmət edir nədənsə. Buna necə susmaq olar? Tarif Şurası anlamaq istəmir, bəs xalqımızın səsi olan deputatlar niyə bu qərarlara veto qoymurlar, niyə İctimai Şuralar, QHT-lər, hüquq müdafiəçiləri susmalıdırlar və ya səsləri eşidilməməlidir? Niyə danışılanlar qulaqardına vurulmalıdır? Hüquq dövlətində belə olmur.

Məsələ tək qazla bitmir. Qazın qiyməti qalxan kimi ərzaq qiymətləri də qalxır. Əhali buna alışıb birtəhər düzənə qoymaq üçün bir-iki il zülm çəkir, belini doğruldacam deyəndə qiymətlər yenidən qalxır, TŞ yeni sürprizləri ilə hamımızı gözünə işıq tutulmuş dovşana çevirir. Yaxşı olardı ki, belə qərarların qəbulunda İctimai Şura və QHT nümayəndələri də iştirak etsin. Bəs İctimai Şuraları niyə yaradıblar? Qulaq assınlar və xalqın real vəziyyətini görsünlər. Milli Məclisdə ümumiyyətlə, Tarif Şurasının ləğv edilərək səlahiyyətlərinin parlamentə verilməsi təklif edildi.

Amma elə parlament də 5 ildir usaq pulu məsələsini həll edə bilmir. Ölkə əhalisi üçün ən yaxşı ünvanlı sosial yardım məhz uşaq pulu idi. Dövlətdən haqqını ala bilmədən böyüyən o uşaqlar gedib Qarabağda qazi oldular, şəhid oldular. Amma qərar verilmədi ki, verilmədi.

Ancaq gecə ilə ani bir qərarla istənilən qədər qiymət artımına getmək mümkün oldu. Savaşdan çıxan, hələ də şəhidinin, qazisinin sosial problemlərini tam həll edə bilməmiş, qlobal böhranın təkərləri altından çıxmış insanlara bunu rəva görmək düzgün addım olmadı. Üstəlik, tezliklə ictimai nəqliyyatın və çörəyin qiymətinin qalxacağı barədə iddialar artıq səslənməkdədir.

İndi yay aylarıdır, enerji qiymətlərinin qaldırılması o qədər də hiss olunmayacaq, ancaq senytabrdan aztəminatlı ailələlərin şikayətlərini eşitməyə başlayacağıq. Yenə deyirəm, Tarif Şurasının qərarları Quran ayəsi deyil, alınan qərarlar geri oxuna bilər, ən azından "dəyişim" adı altında insanlara sırının o yüksək qiymətlər yeni bir “dəyişim” altında geri qaytarıla bilər. Eybi yox, kasıb alışıb, eşşəyini itirir, yenidən tapanda halına şükür edir. Neft-qaz ölkəsinin insanları neft-qaz qiymətləri ilə imtahan edilməməlidir. Öncə bir cibimizə baxın, sonra cərimənin böyüklüyünə.

İlhamə

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Milli Məclisdə “kədərli” anlar…
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »