Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bizdə niyə turistə “yolunası qaz” kimi baxırlar...

Xaricə səyahət hər kəsin arzusudur. Bir dəfə gedirsən, bir ömürlük xatirən, danışmağa söhbətin olur.

Amma qlobal böhranla əlaqədar uçuşlara qoyulan qadağalar test vermək, pasport analizi, qapanmalar və s. kimi problemləri gözə alaraq deyirsən ki, yollarda başımı ağrıtmaqdansa, elə öz gözəl vətənimdə dincəlim, xeyir də vətənimə qalsın.

Təbiətin Azərbaycana verdiyi əvəzsiz gözəllik başqa harada var? Bir insanın arzu edə biləcəyi hər şey bu ölkədə mövcuddur - dağ, dərə, meşə, çay, dəniz, çöl, səhra, dağ başında qar, tarixi abidələr, dadlı mətbəx... Say sadalaya bildiyin qədər. Çatışmayan tək şey bu nemətləri turizm kimi bazarlayanların peşəkarlığıdır. Bütün dünyada turizm gəlirlərinin böyük hissəsi daxili turizmin payına düşür. Avropa Birliyində turizm gəlirlərinin 80 faizini daxili turizm təşkil edir. Elə isə iki il ərzində turizmə dəymiş zərbəni elə daxili potensialla aradan qaldıra bilərik. Amma bu dediyim təəssüf ki, iqtisadi tərəqqi kimi yox, turizm obyektləri sahiblərinin turistlərə zərbə vurması kimi anlaşılır.

“Qısa zamanda çox gəlir” prinsipi ilə işləyən turizm obyektləri məhdud imkanlarla yay tətilini səmərəli keçirmək istəyənlərin arzusunu gözündə qoyur. Əslində elə özünə gələn gəlir qapısını da bağlayır.Turizm “bir gələn bir də gəlmək istəsin, özü ilə tanış-bilişlərini gətirmək istəyi doğursun, hər mehman bir reklamçıdır” prinsipi ilə fəaliyyət göstərməlidir. Türkiyədə müştəri “vəlinemətdir” deyə gözəl bir söz var. Bizdə hər qonağa “yolunası qaz” kimi baxırlar. Bacardıqca baha qiymət oxu! Əlində olanını-olmazını qoyub getsin, tətilə çıxdığına min peşman olsun, tətildən sonra da bir neçə ay yerli turist belini düzəldə bilməyib borc ödəsin.

Turizm obyektlərində qiymətlərin aşağı salınması üçün dövlət müəyyən təsir alətlərinə malik olmalıdır. Məsələn, turizmdə çalışan sahibkarların xərclərinin azaldılması üçün xüsusi güzəştlər, o cümlədən vergi güzəştləri tətbiq etmək yaxşı olardı. Son 15-20 ildə turizm sahəsində böyük irəliləyişlərə nail olmuş qardaş Türkiyədə sektorda çalışan sahibkarların xərclərini azaltmaq üçün subsidiyalar verildi və nəticə göz önündədir.

Lakin sahibkarda da insaf yaxşı şeydir. Bütün bunlar baş verdikdən sonra tələbi görüb təklifin qiymətini süni surətdə artımasınlar.

Və Azərbaycanda turizm sahəsində ən böyük nöqsan xidmətin keyfiyyətindədir. Hər hansı bir türk lokantasında, otelində sənə elə diqqət, elə xidmət göstərirlər ki, sən özünü orada xüsusi qonaq kimi hiss edirsən, xərclədiklərin də gözünə görünmür, ümumiyyətlə, pul kisənin ağzını könüllü surətdə açırsan, qarşındakı çox nəzakətli, sənə özünü sevdirən, daha yaxşı hiss etdirən qarsona, obyekt sahibinə bəxşişlər verirsən. Bəs bizdə?

Bu günlərdə İsmayıllı rayonunda tur daxilində səfərdə olduq. Gündə bir neçə avtobus dolusu qonaq qəbul edən obyektin ofisiantları kənd sakinləridir , günəmuzd işləyirlər, qonağa xidmət anlayışı ümumiyyətlə yoxdur, kobud, səhlənkar, vecsiz. Dağların döşündə uçurum kənarında yerləşmiş həmin restoranın tualeti uçurumun tam kənarındadır, yəni ayağın bir balaca sürüşsə, 20 metr yüksəklikdən dərəyə yuvarlanacaqsan. Nə bir sədd yolulub, nə bir maneə. Üstəlik, tualetlər biabırçı dərəcədə çirkli. Son dəfə nə zaman su görüb - bəlli deyil. Belə bir yerə ikinci dəfə ayaq basmaq istəyərsinizmi?

Düşünmədən keçə bilmirsən. Görəsən, buradan pul qazanmağı hədəfləmiş bu sahibkar niyə özünə belə pislik edir? Müştəriyə qarşı laqeydliyi anladıq, axı qazanc qapısını bağlayır. Belə hallara Azərbaycanın istənilən rayonunda rast gələ bilərsən və mütləq təəəssüf hissi doğurur. Təbii gözəlliklərimiz var, insan potensialımız var, səyahət etmək istəyənlərin də sayı kifayət qədər çox. Bəs xidmət niyə bu gündədir? Biz nə vaxta kimi özümüzünküləri aldatmaqla, çalıb-çapmaqla öyünəcəyik?

İlhamə

Paylaş »
››› Rusiyada yaşayan soydaşımız elə bir əməl törətdi ki...
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› İran Ermənistanla yaxınlaşır: “Münasibətlərə hətta “bir millət, iki dövlət” prizmasından yanaşırlar”
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Fransada yeni şəxsiyyət vəsiqəsi qəzəbi: “Makron Fransanı alçaltdı”
Son xəbərlər
Bütün xəbərlər »