Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətənindən qaçan şimalikoreyalı: “Adamları yeyirdilər, uşaqlara da qıyırdılar”
Simali koreya - Kim Çen

Şimali Koreyada insanlar yenə aclıq çəkir. Vəziyyət o qədər pisdir ki, hətta dövlət başçısı Kim Çen In iqtisadi, sosial sıxıntıları dilə gətirir. O, Şimali Koreyanın tarixində hələ belə ağır dönəm olmadığını bildirir.

Bizimyol.info xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasından (KXDR) qaçmağa çalışan çox olur. Bunun asan olmadığını qaçmağa cəhd göstərənlər də yaxşı bilir. Çinə keçənləri daha böyük təhlükə gözləyir. Çünki Pekin ələ keçənləri Şimali Koreya hökumətinə təhvil verməyin tərəfdarıdır.

KXDR-dən qaçmağı bacaranlardan biri Rusiya mətbuatına müsahibə verib. Çjixyon Pak vətənində dəhşətli aclıq yaşayıb. Sonra insan alverçilərinin əlinə düşüb. Az qala əmək düşərgəsində canını tapşıracaqmış. Axırda istəyinə çata bilib, Şimali Koreyadan qaçıb.

Çjixyon Pak 1968-ci ildə SSRİ sərhədlərinə yaxın ərazidə, Çxoncin şəhərində doğulub. Atası sürücü işləyirmiş, buna görə də uşaqlarına tez-tez rus çörəyi və şirniyyatı gətirə bilirmiş. Amma bu haqda kiməsə danışmaq təhlküəli imiş.

“Heç kim belə çörək görmürdü. Başqalarından fərqlənə bilməzdik. Ümumiyyətlə, hamı ABŞ-a və Cənubi Koreyaya nifrət etməli idi”.

Çjixyon ötən əsrin 90-cı illərinin aclığını yaxşı xatırlayır. Şimalikoreyalı danışır ki, 1980-ci illərdə hökumət insanları gündə üç yox, iki dəfə qidalanmağa səsləyirmiş. Getdikcə sellər, daşqınlar vəziyyəti çox ağırlaşdırıb. Xeyli məhsul tələf olub. İnsanlar adi ərzaq məhsullarına möhtac qalmağa başlayıb. 1997-ci ildən qida kartları fəaliyyətini dayandırıb.

“İnsanlar acından küçənin ortasında ölüb qalırdı. Dayım da acından ölmüşdü. Onun meyitini gördüm, insana oxşamırdı. Elə bil sümüklərin üzərinə dəri çəkmişdilər. Ailəm hər şeyi satdı. Atamın mənə hədiyyə etdiyi sevimli köynəyimi də satmalı olduq”.

Çjixyon deyir ki, indi insanlar aclıq nə olduğunu bilmir. Həmin günlərdə bir dəfə yemək tapan ailə günlərlə yalnız su içməli olurdu.

“Az qala hamı aclıqdan ağlını itirmişdi. Eşidirdin ki, adamları yeyirlər. Hətta uşaqların da canına qıyırdılar”.

Onda şimalikoreyalı qadın qaçmaq qərarına gəlir. Planı 1998-ci ildə baş tutur.

“Qardaşımın hərbçilərlə problemi yarandı. Qaçmaqdan başqa yol qalmamışdı. Atamı soyuq otaqda qoyub gəlməli olduq. Hələ də bilmirəm ki, nə vaxt ölüb”.

Çjixyon qardaşıyla birlikdə sərhədi keçib. Dərhal insan alverçilərinin əlinə düşüblər. Çjixyonun qardaşını Şimali Koreyaya qaytarıblar. Çünki insan alverçilərini yalnız qadınlar maraqlandırır.

“Qardaşımı bir daha görmədim. Məni bir çinliyə 5 min yuana arvad kimi satdılar. “Qayınana” mənimlə qəddar davranırdı. Dedi ki, mənim üçün ödədikləri pulu çıxarmalıdırlar. Kölə həyatı başladı. Mən səhərdən axşama qədər işləyirdim. Hətta onlarla birlikdə süfrə arxasında əyləşməyə icazə vermirdilər. Məni insan saymırdılar”.

Tezliklə Çjixyon hamilə qalıb. Əvvəlcə buna görə çox məyus olub. Sonra anlayıb ki, indi onun üçün yeganə dəyər övladıdır.

“O, doğulanda çox xoşbəxt oldum. Amma tezliklə uşağın atası dedi ki, onu satmaq istəyir. İlk dəfə özümü müdafiə etdim. Əlimi bıçağa atıb dedim ki, uşağı verməyəcəyəm”.

Çjixyonun oğlu nikahdan kənar doğulmuşdu. Çin hökuməti isə buna isti yanaşmır. Uşağın 5 yaşı olanda evə polislər gəlib, qadından övladını alıblar. Çjixyonu isə Şimali Koreyaya qaytarıblar. Əmək düşərgəsində məşəqqətli həyat başlayıb.

“Bizi ayaqyalın işlədirdilər. Bunu həm də ona görə edirdilər ki, qaça bilməyək. Təbii ehtiyaclarımızı nəzarətçilərin qarşısında yerinə yetirirdik. Yatdığımız yerdən çox pis qoxu gəlirdi. Öz vətəndaşlarına qarşı soyqırım törədirdilər”.

Çjixyon növbəti dəfə ölkədən qaçmaq üçün insan alverçilərinə müraciət edib. Bu dəfə də istəyi baş tutub. Qadın uzun ayrılıqdan sonra – 2005-ci ildə Çində oğlu ilə görüşə bilib.

“Heyrət içindəydim. Oğlumla bu illər ərzində çox pis davranmışdılar. Paltarları dəhşətli dərəcədə çirkli idi. Çox çəlimsiz görünürdü. Onunla birlikdə Monqolustana qaçdıq”.

Çjixyon Monqolustana gedən qrupda bir kişi ilə tanış olur, evlənirlər. Onlar yenə Çinə qayıtmalı olur. Amma günlərin birində təsadüfən tanış olduqları keşişin sayəsində Böyük Britaniyaya yollana bilirlər.

İndi Çjixyon hüquq müdafiəçisidir. Onun fikrincə, Şimali Koreyada da insanlar ayılıb, azadlıq haqda daha çox düşünməyə başlayıblar. Kim Çen Inın narahatlığı da bu dəyişikliyə söykənir.\

Bizimyol.info

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »