Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məmur oliqarxlar Xəzərin sahilini işğal edib baba yurdu kimi bölüşüblər
Xəzər sahili boyunca hasarlar

“Yayda Bakının hansı ləzzəti var” deyə soruşsanız, ilk cavab yəqin ki “dəniz, çimərlik” sözləri olar. Di gəl ki, Allahın gözəl ölkəmizə, xalqımıza bəxş etdiyi nəhəng dəniz qalıb “nəhəng”lərin əsarətində.

İllərdir, əsasən də yay mövsümündə yada düşən bu mövzu danışılsa da, həllini tapmır. Hətta bir zamanlar deputat kürsüsündə oturan Xalq artisti Zeynəb Xanlarova da dənizin hasarlanması mövzusunu parlamentdə dilə gətirmişdi. Amma nə fayda? Kimsə bunu eşitmək istəmir.

Dənizin dili olsa, “açın sinəmdəki bu daş buxovları, imkan verin nəfəs alım” deyərdi. Dəniz elə bərk-bərk hasarlanıb ki, bulvar olmasa, kimsə Bakının dəniz sahilində yerləşdiyinə inanmaz daha. Xəzəri elə səliqəylə və elə uca hasarlar arxasında gizlətmişik ki, hərdən adama elə gəlir, dənizdən Qodzillamı çıxacaq, Kinq-Konqmu gələcək... Bu nə ehtiyat tədbiridir belə, dənizi bizdən qoruyurlar, ya bizi dənizdən?

Vaxtilə Prezident Heydər Əliyev dənizə yaxın ərazilərdə tikintini qadağan edən sərəncam imzaladı. Amma nə hasarlar azalır, nə də etirazlar. Səngəçaldan ta Bibiheybət məscidinə, Zirədən Novxanıya qədər Xəzəri məmur oliqarxlar baba yurdları hesab edib yiyələniblər, hasarlayıblar. Qaradağ tərəfdən paytaxta gələrkən başlanır Xəzərin hasarla “hicablanması”, az qala qartalın burnu dediyimiz Şahdili ərazilərinə qədər uzanır bu hasarlar. İllərdir sahil əvəzinə hündür hasarlar görürük. Villa olmayan yerlərdə də mövsümü kafe-restoranlar at oynadır. Hərə sahilin girişini bildiyi kimi tutub gəlib-gedəndən pul tələb edərək buraxır dənizə.

Ödənişsiz çimərlik tapmaq müşkül məsələyə çevrilib. Əksər çimərliklərə giriş 5 manatdan – 20 manatadək olur. Üstəlik, Xəzərə axıdılan kanalizasiya xətləri. Hövsanda kanalizasiya çirkabı birbaşa dənizə axıdılır, tullantılar vaxtı-vaxtında daşınmır. Evlərlə dəniz arasında 10-15 mert məsafə var. Kanalizasiyanın çirkabı dənizə axıdılır. Sahilə gəmi yaxınlaşdıqca Zığ yolunda dənizdən gələn üfunət iyi baş çatladır. Neftini çıxarıb qara qızılı ilə dövlətləndiyimiz dənizə təşəkkür olaraq zir-zibil axıdırıq. Bütün inkişaf etmiş ölkələrdə dəniz sahil sularının təmizlənməsi üçün xüsusi gəmilər var. Bu gəmilərdən hərçənd ki, Bakıda da var. Olmasa, məmurların yaşadıqları ərazilərdə dəniz suyu göz yaşı kimi duru, bulvar ərazisində isə neft və çirkab qarışığı olmazdı.

Ötən il Bakıda 7 ödənişsiz çimərlik açılacağı bildirildi. Çimərliklər Səbayel rayonu “Şıx” ərazisində və Novxanı qəsəbəsində, sonradan isə Hövsan, Buzovna, Bilgəh, Nardaran olmaqla, ümumilikdə yeddi ərazidə yaradılacaq. Çimərliklərə giriş pulsuz olacaq, müvafiq qurumlar tərəfindən bura nəzarət ediləcək. Hərçənd qlobal böhran bu planı qismən yarımçıq qoydu. Dövlətin ödənişsiz çimərlikləri açacağına şübhəmiz yoxdur. Amma Xəzər dənizinin məhkumluq həyatı nə zaman başa çatacaq, daş divarlar arasından nə zaman azadlığa çıxacaq, bu, ömürlük həbsdirmi? Bunu kimsə bilmir. Bilənlər də susmağa üstünlük verirlər. Hansısa böyük adamların xətrinə dəyməmək üçün...

Bizdə adətdir axı, hansısa qiymətlər yüksələndə mütləq başbilənlər tapılıb məsələni malalamağa çalışırlar. Gah “mürəbbəni gecə bişirin, gah pəncərələri açmayın, ev soyumasın, qaza qənaət olsun” deyirlər. Sonda inanıram ki, “Xəzərə bu qədər pislik edirik, onu sizdən qorumaq üçün hasarlayırıq” deməklə işin içindən çıxacaqlarına da ehtimal var.

İlhamə

Paylaş »
››› Rusiyada yaşayan soydaşımız elə bir əməl törətdi ki...
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› İran Ermənistanla yaxınlaşır: “Münasibətlərə hətta “bir millət, iki dövlət” prizmasından yanaşırlar”
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Fransada yeni şəxsiyyət vəsiqəsi qəzəbi: “Makron Fransanı alçaltdı”
Son xəbərlər
Bütün xəbərlər »