Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həyatını Vətənə həsr edən Qarabağ şəhidi Sərxan Muxtarov - Foto, Video
Həyatını Vətənə həsr edən Qarabağ şəhidi Sərxan Muxtarov - Foto, Video

Boynunu büküb gah məzarın arxasına keçib baxır, gah önünə. Sanki oğlunun başına dolanır... Gözləri dolub, susur. Baxışları oğlunun məzardan boylanan baxışları ilə toqquşur. “Ay bala, qəddimi əydin, həyatımı alt-üst etdin, ay bala” - deyir şəhid atası.

Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi iştirakçısı Sərxan Muxtarov 26 iyun 1988-ci ildə Xanlar rayonunun Sarıqamış kəndində anadan olub. 2005-ci ildə Gəncə şəhər 36 nömrəli tam orta məktəbi bitirən gənc 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alır. Sərxanın ilk müəllimi elə öz anası Çimnaz xanım olur. 2009-cu ildə "Motoatıcı” ixtisası üzrə ali hərbi təhsilini aldıqdan sonra leytenant ilkin hərbi zabit rütbəsi alır.

Mayor Sərxan Muxtarov, Vətən müharibəsi dövründə Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrinin tərkibində Ağcabədi, Ağdam, Qazax, Qubadlı və Sərhəd Qoşunlarında hərbi xidmətdə olur, qəhrəmancasına döyüşür.

Azərbaycan Ordusunun mayoru olan Sərxan Muxtarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edir. Füzulinin, Cəbrayılın, Qubadlının, Laçının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşur.

Müharibə bitdikdən sonra Qubadlı rayonunda xidmətini davam etdirən tabor komandiri Sərxan Muxtarov 12 yanvar 2021-ci ildə həmin yerdə vəzifə başında minaya düşərək şəhid olur. Sərxan Muxtarov Gəncə Şəhidlər Xiyabanında dəfn edilib.

Həyat yoldaşı Vəfa xanım danışır ki, Sərxanla ailə həyatı qurduqdan sonra o Ağdam, Mingəçevir, Tərtər, Qazax və s. ərazilərdə xidmət edib:

“Yoldaşım aprel döyüşlərində də iştirak etmişdi. Ötən il bu vaxt Qazaxa köçdüyümüz zaman Tovuz döyüşləri başlamışdı. Raquf Orucov və Polad Həşimov qəhrəmancasına həlak olanda yoldaşım çox əzab çəkirdi. Müharibə bitəndən yoldaşım gecə ilə bizə xəbər verdi ki, müharibə qutardı. Çox sevinirdik. Sərxan deyirdi ki, “ölkə başçısı çıxış edir, durun dinləyin”. Müharibə bitəndən sonra çox gəlib getdi. Sərxan tabor komandiri idi. 400 nəfərə rəhbərlik edirdi. Rütbəsi kapitan idi. Bu il mayor rütbəsi təqdim edilməli idi. Qismət olmadı. Biz onu Qubadlıya yola saldıq. Yanvarın 12-si xəbər gəldi ki, Sərxan minaya düşüb. Yanında olan şəxs ağır dərəcədə yaralanmışdı. Yoldaşım isə şəhadətə qovuşmuşdu. Biz onu yanvarın 13-ü dəfn etdik”...

Vəfa xanım gözyaşlarını saxlaya bilmir. Deyir ki, Sərxan həyatda olmasa belə hər zaman onun yanındadır. Onun varlığını hiss edir.

“Bir təsəllim odur ki, qələbəyə şahid olub, rahat getdi. Yoldaşım Silahlı Qüvvələr günü dünyaya gəlmişdi və bütün həyatını vətəninə həsr edən insan idi. O, vətən üçün yaşayan bir adam idi. Qızımıza da bunu aşılayırdı. Hər zaman qızımıza “Vətən üçün” sözlərini öyrədirdi” - deyir Vəfa xanım...

Qarabağ şəhidi Sərxan Muxtarov

Xatırladaq ki, Muxtarov Sərxan İlqar oğlu Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

İlahin

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »