Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Normal yaşamaq üçün Bakıda hər həftə çempionat keçirək...
Bakubus

Bakı şəhərində futbol üzrə Avropa çempionatının 4 oyunu keçirildi. Həmişə beynəlxalq tədbirlər keçirilərkən şəhərdə tıxacların artdığını səbəb gətirərək giley edən sakinlərimiz bu dəfə bəxtiyar oldular.

Oyunlar münasibətilə sağlamlıq mövzusunda həyəcan təbillərinin səsi gəlməz oldu, yoluxanlar azaldı, həyatını itirənlərin sayı sıfıra endi. Bayaqdan küçədə 5-5 gəzməyə görə cərimə olunanlar, indi kütləvi şəkildə futbol meydanına axışdılar, polislər hamıya mehribanlıqla “xoş gəlmisiz, ara məsafəsini qorumaqla buyurun keçin dedilər”. Həftə sonları ictimai nəqliyyat işlədi, nəfəs aldıq.

Son oyuna yaxın statistikadakı artan rəqəmlər onu deməyə əsas verir ki, yenidən qayıdacağıq “qara günlərimizə”. Elə buna görə adam arzulayır ki, Bakıda hər həftə beynəlxalq səviyyəli bir tədbir keçirilsin, qonaqlar, turistlər gəlsin, təki bir zamanlar deyindiyimiz o normal həyatımıza dönə bilək. Bəlkə hər həftə dünya çempionatı keçirək?

Molla Nəsrəddinin məşhur bir gülməcəsi var. Kasıb bir kişi Mollanın yanına məsləhətə gəlir ki, külfətim çoxdur, evim dar. Bir göz otağa sığmırıq, mən nə edim? Molla Nəsrəddin soruşur ki, kişinin inəyi varmı? “Hə” cavabını alandan sonra tövsiyə edir ki, kişi inəyi də gətirib salsın evin içinə və evdə bəsləsin. Kasıb kişi bir şey anlamasa da, evi iki yerə bölür, bir tərəfə 10 baş külfəti yığır, bir tərəfə inəyi. Bir həftədən sonra başına döyə-döyə gəlir ki, ay Molla əmi, bu nə məsləhətdi, biz axı öldük-bitdik bu evin içində. İnəyin iyi, qoxusu, suyu, samanı, peyini.

Mola deyir “di get inəyi çıxart evdən”. Bir gün sonra kasıb kişi küçədə Molla Nəsrəddini görüb ona dua edir.”Allah səndən razı olsun Molla, elə fərahlığıa, elə rahatlığa çıxmışıq, heç olmayan kimi, ev əməlli-başlı genişlənib, rahatca yaşayırıq”.

Sözümün hara gəldiyini yəqin anlayacaqsız. Həmişə avtobuslardakı sıxlıqlardan, tədbirlər keçirilərkən yollarda yaradılmış narahatlıqlardan gileylənirdik, amma bu tədbirlər qapanmalar dönəmində bizə bir nəfəslik oldu. Adam soruşmaq istəyir ki, ay hörmətli Operativ Qərargah, çimərliklər açıq, kafe restoranlar açıq, rayonlara gediş-gəliş açıq, bəs bu həftə sonu ictimai nəqliyyat niyə açıq olmur? Biz niyə qazandığımız beş üç manatı taksilərə verməliyik. İşləyən insanın bir həftəsonu imkanı olur ki, şəxsi işlərinin arxasınca getsin, istirahət eləsin. Onda da addımını bayıra atanda yalnız taksidən istifadə etməlidir? Bahalaşmanın boy götürüb getdiyi bir dövrdə niyə ailəmizin boğazından kəsib taksilərə verməliyik? Bəlkə bu taksilərlə ortaq işləyirsiniz? Hərçənd ki, heç ağlabatan görünmür. Amma sizin bu anlamsız məhdudiyyətiniz də heç bir ağıla sığmır? Soruşuruq e, amma təbii ki, insan yerinə qoyub cavab verən olsa. Bu edilənin tək bir cavabı ağlıma gəlir. Molla Nəsrəddin metodudur yəqin. Həftə sonu avtobus və metronun işini dayandırmaqla həftə arasında sərnişindaşımadakı sıxlıq və basabasa şükr etdirmək.

İlhamə Rəsulova

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Deputat və ruhanilər öz işini görsəydi...
Son xəbərlər
Bütün xəbərlər »