Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəzərdə... "informasiya partlayışı"
Xəzərdə partlayış, vulkan

Dünən gecə saat 11 radələrində Xəzər dənizində partlayış baş verdi. Yanğın çıxdı. Alovun işığı Bakı şəhərinin hər yerindən görünürdü. Bunun məsafə olaraq hardasa Salyan rayonunun Xələc kəndinin bərabərində olduğu deyildi. Rəsmi məlumata görə, Ələt qəsəbəsi yönündə açıq dənizdə olub. Yəni sahilə yaxın. Bakı Dənizkənarı Milli Parkından insanlar o yanğının şəklini çəkib paylaşırdı.

Sosial mediada "Ümid" yatağının adı dolaşdı. Partlayışın "Ümid" qaz yatağında baş verdiyi yazılırdı. Və dərhal ağıla gələn terror-təxribat hadisəsi oldu. Ölənlərin, yaralnanların, itkin düşənlərin olub-olmadığı haqda həyəcanlı suallar yarandı. SOCAR-ın sözçüsü öz sosial şəbəkə hesabında bu hadisənin vulkan püskürməsi nəticəsində baş verdiyini yazdı. Sonra vulkan ehtimalını sildi. Sonra SOCAR açıqlama yayaraq hadisənin "Ümid" yatağında baş vemədiyini dedi. Hətta APA-da yanğının "Ümid" platformasından çəkilmiş videogörüntüsü paylaşıldı. Hadisənin "Ümid" qaz yatağından 12-17 kilometr məsafədə meydana gəldiyi haqda məlumat yayıldı. Rəsmi olaraq bildirildi ki, SOCAR-a aid heç bir platformada heç bir qəza olmayıb, işlər qaydasında gedir. Bu halda, təbii ki, heç bir insan tələfatından da söhbət getmir. İnsan itkisinin olmaması sevindirici xəbər idi.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanova da məlumat yaydı ki, bu partlayış istismardan çıxarılmış köhnə quyularda olub; quyular sementlənib. Ancaq sement keyfiyyətsiz olub. Ona görə də qaz yığılıb və partlayış baş verib.

Milli Elmlər Akademiyasının nəzdində Dövlət Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli dedi ki, partlayışa səbəb palçıq vulkanının püskürməsidir. AMEA-nın özündən başqa məlumat çıxdı: "Orada palçıq vulkanı yoxdur" dedilər. Ancaq son nöqtəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi qoydu: bildirdi ki, hadisənin səbəbi vulkan püskürməsidir.

Hadisədən təqribən bir saat ərzində formalaşan informasiya bu idi: partlayış və yanğın SOCAR-ın birbaşa nəzarət etdiyi obyektdə baş verməyib. Hadisə nəticəsində tələfat yoxdur (məlumat yox idi). Səbəbi vulkan püskürməsidir.

Əlbəttə, təbii və hətta texnogen hadisələrdən heç kim sığortalanmayıb. İllər əvvəl "Günəşli" yatağında da partlayış və yanğın olmuşdu, onlarla neftçimiz həlak olmuş və itkin düşmüşdü. Cəmiyyətimizin bu dəfəki partlayış hadisəsinə də həssaslığı oradan gəlir. Buna görə də insan tələfatının olmaması bu hadisəyə dair ən yaxşı xəbər idi. Eyni zamanda ilkin rəsmi açıqlamalara əsaslansaq, bu, təbiət hadisəsi - vulkan səbəbindən baş verib. Yəni terror-təxribat da deyil. İranmeylli dindarların dediyi - İmam Mehdinin zühuru heç deyil (İran demişkən, hadisədən 4 gün qabaq cənub qonşumuz Xəzərdə hərbi təlim keçirib).

Əlbəttə ki, bütün məlumatlar ilkin versiyalar idi; yanğın rayonuna yaxınlaşmaq çətin, bəlkə də mümkünsüz olub. Və bəlkə buna görə, Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı dəqiq bir informasiya vermirdi. Hətta Nazirlik: "Bizə bu haqda məlumat daxil olmayıb" dedi və sosial mediada tənqid olundu. "Bakıda hamının görə bildiyini FHN necə görmədi?!" deyə ironik-ritorik sual verildi sosial mediada. Ancaq formal baxımdan, doğrudan da, belə ola bilərdi. Rəsmi quruma məlumatı rəsmi mənbə verir. Yaxud Nazirlik qeyri-rəsmi mənbədən məlumat alaraq, yoxlayıb dəqiqləşdirib rəsmi açıqlama yayır. Görünür, bunların heç biri olmamışdı. Əlbəttə, çox qısa müddət ərzində dəqiq məlumata çıxmaq obyektiv baxımdan da mümkün olmaya bilər. O miqyasda yanğın yerinə yaxınlaşmaq çətin ola bilər. Və yaxınlaşıb, sadəcə, alova baxıb onun nədən baş verdiyini görmək, dəqiq bilmək mümkün deyil. Alovu söndürmək, hadisə yerində araşdırma aparanların təhlükəsizliyini təmin etmək, sonra tədqiq etmək mümkündür. Buna görə də rəsmi qurumların ilk başda "informasiya xəsisliyi"ni anlamaq olur. Ancaq informasiya çaşqınlığını deyil. Əsas tənqid olunan məsələ də budur: rəsmi qurumlar bu halda dərhal bir araya gələrək bir (əsaslandırılmış) versiya üzərində dayanmalı və yaymalı idilər. Bir-birinə zidd bəyanatlar vermək olmaz. FHN dediyi kimi, "yanğından xəbərim yoxdur" demək heç olmaz. Çünki bu cür hallarda informasiya boşluğu özü təhlükəlidir; cəmiyyətdə "informasiya turbulenti" böyük "ictimai qəza"lara səbəb ola bilər. İnformasiya çaşqınlığı isə informasiya boşluğundan da qat-qat daha təhlükəlidir. Bu halda ilgili rəsmi qurumlar əsaslandırılmış vahid mövqedən çıxış etməli idi. Və, bir daha deyək, əsaslandırılmış. Sonra hərtərəfli araşdırma aparıb dəqiq məlumat verəcəklər. Hər halda verməlidirlər. Və yaddan çıxarmasınlar deyə bir daha təkrar edirəm: dəqiq məlumat. Çünki cəmiyyətin istədiyi rəsmi təsdiqlənmiş dəqiq məlumatdır. Şayiəyə qalanda, onu özü də uydurub yaya bilir...

P.S. SOCAR məlumat yayıb; hadisə yerinə gəmi göndərilib. Ələt istiqamətində - Neftçala şəhərindən 30 kilometr məsafədə Daşlı adada vulkanın səbəb olduğu yanğın artıq sönməyə doğru gedir. Heç bir neft-qaz obyektinə zərər dəyməyib. Çünki ətrafda belə özül və obyektlər yoxdur.

bizimyol.info

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Dağlar qoynunda gizlənmiş cənnət: Təngə dərəsi - Fotolar
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Bakı gözəl şəhərdir, amma pulu olanlara
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
››› Saakaşvili Putinin işğal planını açıqladı
Son xəbərlər
Bütün xəbərlər »