Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dünyadakı Cənnət"ə səyahət - Fotolar
Antalya

Antalyanın "dünyadakı Cənnət", "Aralıq dənizinin incisi" adlandırıldığını bilirsinizmi? Çoxsaylı qədim şəhər və tarixi əsərlərlə yanaşı, şəlalə və mağaralarının olduğundan və ya beynəlxalq arenada tanınan məşhur qolf ustalarının tarix ətirli bu şəhərin dünya standartlarındakı qolf klublarını seçdiyindən xəbəriniz varmı? Attalosdan sonra Kleopatra və Hadrian kimi kraliça və imparatorlar tərəfindən ziyarət edilən və Makedoniyalı İsgəndərin dəfələrlə səfər etdiyi Antalyanı yenidən tanımağa hazırsınızmı?

"Yay və qışda əhali sayı dəyişən Antalyanın təxmini 2 milyon sakini var. 2 min il öncə də eyni sayıda əhalisi olub. Aralıq dənizi sahillərində 150, Egey sahillərində 110 qədim şəhər olub. Bəziləri dənizdən uzaq dağlarda, bəziləri limanlarda yerləşir. Buralarda yaşayan əhali, əsasən, kənd təsərrüfatı ilə məşğul olaraq həyat sürüblər." - deyə tur rəhbərimiz Həsən bəy mediaturun ikinci günündə bizə şəhər haqqında tarixi məlumatlar verdi.

"Qədim Perge şəhərində və ziyarət edəcəyiniz başqa şəhərlərdə qarşılaşa biləcəyiniz bir mənzərə var ki, onun mənası dərin, yarası ağırdır. Bu torpaqlarda illərlə dəfinə, qənimət axtaran çox oldu. Dünən də vardı, bu gün də var. Təəssüf ki, sabah da olacaq. Ancaq bu torpaqlardan qoparılıb aparılan parçalar bura aid olduğu üçün gözəldir. Öncə bunu anlamaq gərək. Bu sözləri deməkdə bir məqsədimiz var. Buraya o dəfinə axtarmaq bəhanəsi ilə gələnlər, məzarları açanlar, bu torpaqlara aid sənət əsərlərini və bir çox dəyərli parçaları oğurlayıb xaricə daşıdılar. Qədim Perge şəhərində və təəssüf ki, başqa qədim şəhərlərdə də bu vəhşiliyin şahidi ola bilərsiniz. Vaxtilə almanların, fransızların və ingilislərin Egey sahillərində çəkdiyi dəmiryollarındakı taxtalar söküldü və indi canımız kimi qoruduğumuz bu tarixi şəhərlərin içərisindəki cıdırlarda quraşdırıldı. Bu addımın məqsədi bizim tariximizi heçə sayıb, tarixi əsərlərimizi oğurlayıb bu dəmiryolları vasitəsilə Almanyaya, Fransaya, Vatikana və başqa ölkələrə, onların muzeylərinə daşıyanlara mesaj vermək idi. Əsərlərimizi geri gətirməlidirlər. Çünkü o əsərlər öz vətənində gözəldir, dəyərlidir. Arxeoloqlarımızın apardığı qazıntılarla bir muzey dolusu əsər tapdıq. İndi onları gözbəbəyimiz kimi qoruyuruq." - deyən Məltəm xanım tarix düşmənlərinə irad bildirdi.

qədim Perge şəhərindəki cıdır qədim Perge şəhərindəki cıdır

Bəlkə də adını eşidəndə sahillərindəki çimərlikləriylə xatırladığımız Antalyanın sahilyanı Toros dağları 60 milyon illik meteroid yağmurlarıyla formasını dəyişib. Bu dağlarda 29 ədəd böyük çay var və hamısı dənizə axır. Hətta bunlardan 4 ədədi elə böyükdür ki, gəmi ilə keçilir. Şəhərin əhalisi də keçmişdən bu günə bu axarsuların çox olması səbəbi ilə yerləşib və təsərrüfatla məşğul olub. Son 5 milyon ildə bərəkətli olan bu torpaqlarda üzüm, zeytun yetişdirilib. Yaşamaq üçün indiki dövrdə də ucuz olan Antalya, tarixdən bu günə kimi başqa ərazilərə köç edənlərin də seçimi olub. Bu qədim şəhərin quruluşuna dair bir çox əfsanələr, rəvayətlər var. Bir rəvayətə görə, Bergama kralı II Attalos çevrəsindəkilərə əmr verib ki, kralların və hökmdarların həsəd aparacağı dünyadakı Cənnət tapılsın. Aylarla bütün uzaq diyarları gəzən əsgərlər indiki Antalyaya gəlib çıxıb və burada gördükləri gözəlliklərə heyran olublar. Bergamaya qayıdıb krala xəbər verdikdə isə kral II Attalos gözəlliklərindən bəhs edilən bu yerləri özü şəxsən görmək istəyib. Əsgərləri ilə birgə bu zəngin torpaqlara gələn kral, burada yaşıl meşələrlə örtülü Toros dağlarının ətəyini və Aralıq dənizinin masmavi sularını görüb heyran olur. Dərhal burada şəhər qurulmasını əmr edir. Kralın şərəfinə Attaleia (Attalosun yurdu) mənasına gələn ad, bu şəhərə verilir. Sonrasında Kleopatra, Hadrianus və Alaaddin Keykubatdan Mustafa Kamal Atatürkə qədər bir çox önəmli insanlar bu torpaqları ziyarət edib. Mustafa Kamal ATATÜRK, buranı "dünyanın ən gözəl yeri", Attalos isə "dünyadaki cənnət" adlandırıb. İndi "Aralıq dənizinin incisi" və "Türkiyənin Rivierası" olaraq adlandırılan Antalya şəhəri hazırda dünyanın ən böyük turizm mərkəzlərindən biridir.

Antalya şəhəri, sadəcə, sahillərindəki qədim şəhərlərdən və çimərliklərdən ibarət deyil. Keçmişin və bu günün gözəlliyinin birləşdiyi Kaleiçi (Citadel), içəridən və çöldən böyük qala divarları ilə çevrilib. 2 min ildən çox müddətdə yaşamış müxtəlif mədəniyyətlərin inşa etdiyi bəzi qala divarlarının içərisindən limana gedən yollar və dar küçələrin ətrafında düzülmüş, əsasən, iki və ya üç mərtəbəsi olan tarixi evlər var.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi 1984-cü ildə qoruma siyahısına saldığı Kaleiçi ərazisində restavrasiya layihəsi ilə FIJET (Beynəlxalq Turizm Yazıçıları) tərəfindən Qızıl Alma Turizm Oskar mükafatına layiq görülüb. Bu ərazidəki evlərin bir çoxu otel, hostel, restoran və əyləncə komplekslərinə çevrilib.

3 sütunlu Hadrianus qapısı 3 sütunlu Hadrianus qapısı

Şəhərin hər yerində öz adına abidə düzəldilməsini istəyən Hadrianusun 3 sütunlu qapısından içəri keçdikdən sonra yerli mətbəxin ləziz yeməklərini dada biləcəyiniz məkanları və hədiyyə ala biləcəyiniz dükanları ziyarət edə bilərsiniz. Hətta bu şəhərə aid xatirələrinizə rəng qatacaq insanları və onların hekayələrini də şəhərin tarix qoxulu dar küçələrində tapa bilərsiniz. Küçələrin begonvillərinin çəhrayı tonlu işıqlarının altından keçərkən Hollywoodda "Midnight Express" aktyorluq etmiş Mehmet Ateş adlı satıcı ilə söhbət etmə fürsətimiz oldu. Azərbaycan və Türkiyə qardaşlığından ürək dolusu danışan Mehmet bəy, xoş sözləri və səmimi gülümsəməsiylə bizi qucaqladı.

Antalyalı aktyor Mehmet Ateş Antalyalı aktyor Mehmet Ateş

Küçələri gəzdikcə arasından keçdiyiniz bu divarların hər tozunda bir tarixin gizləndiyini hiss edirdik. Hazırda Türkiyə Cumhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin restavrasiya etdiyi Kəsik Minarəli Məscidin də özünəməxsus sirrləri var. Fərqli mədəniyyətlər görmüş bu məscid, əslində üst-üstə tikilmiş 3 inanclı bir abidədir. Əvvəlcə məbəd tikilib, üzərinə başqa dövrün insanları kilsə inşa edib. Ən son da Səlcuqlu və Osmanlı dövrlərində də memarların əl əməyi ilə məscidə çevrilib. 19-cu yüzillikdə yanğın zamanı minarəsinin üst bölməsi yanan məscid, o gündən bu günə kimi Kəsik Minarə olaraq adlandırılmaqdadır. Davam etdikcə Yivli Minarə Məscidi, Nigar Xatun Türbəsi, Zəncirqıran Mehmet Bəy Türbəsi və daha neçə Səlcuqlu-Osmanlı memarlığına aid dəyərli əsərlər, əsrlərlə bu torpaqlarda yurd salmış fərqli mədəniyyətlərin tarixi ruhunu hiss etdirir.

Qala divarlarının cənubunda, alt hissəsi dördbucaq və üst hissəsi silindir formasında olan Hıdırlık Qülləsi yerləşir. Buradan səmayla dənizin saf mavi rəngi birləşir. Sahilində bu şəhərin duzlu dənizindən dadmış balıqları yemək üçün restoranlar, dalğaların səsinə yaxından qulaq asmaq üçün irili-xırdalı tur yaxtaları var. Dəniz səviyyəsindən yuxarı çıxarkən, "dənizlərin aslanı" Barbaros Hayrettin Paşa büstünün və məşhur yazıçı Sunay Akının Oyuncaq Muzeyinin qarşısından keçdik. Şəhər mərkəzinin ortasında keçmişlə gələcəyin birgə simvollaşdırıldığı, Mustafa Kamal Atatürkün xatirəsinin əbədiləşdirildiyi, zəfərlərlə dolu Türkiyə Cumhuriyyəti tarixiniə aid "Ulusal Yükseliş" adlı möhtəşəm əsər qarşımıza çıxdı. Bu dəyərli heykəltaraşlıq nümunəsinin yaxınlığında, turistlərin də çox faydalandığı gəzinti xəritələrini Tourist information mərkəzlərindən təmin edərək şəhəri yenidən tanımağa çalışdıq. Daşı, torpağı, suyu, havası, insanı ayrı bir hekayə daşıyan Antalyada, sadəcə, bu şəhəri deyil, Türkiyənin ruhunu hiss etmək, sözlərlə ifadə edilsə də, kifayət etmir.

Hıdırlık qülləsi Hıdırlık qülləsi

Begonvillərin ətrini içimizə çəkdiyimiz, dənizinin dalğa səsləri hələ də qulağımızda olan Antalyadan bölüşəcəyimiz daha neçə xatirə var. Və daha neçə xəyal var yaşanacaq...

Orxan Musa, Bizimyol.info

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› PKK-ya bağlı olan terror təşkilatı: “Türkiyədə yanğınları biz törətmişik”
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
Son xəbərlər
Bütün xəbərlər »