Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident baş nazirə qarşı "müxalifətə" keçib
Paşinyan - Sarkisyan

Armen Sarkisyan - Nikol Paşinyan qarşıdurması varmı?

Məlum olduğu kimi, Ermənisstan prezidenti Armen Sarkisyan İspaniyanın El Pais qəzetinə müsahibə verib. Müsahibədə 44 günlük müharibədə Ermənistanın məğlubiyyəti fonunda Azərbaycanla və Türkiyə ilə münasibətlərə toxunub.

Ermənistan Prezidenti deyir: "Qonşularla münasibətlərimiz sərhəddə və əsgər sayına bağlı olmayacaq. Eyni ölkələr 26 il əvvəl savaşa girdi və Ermənistan qazandı. Sabah nə olacağını hardan bilməmiz mümkündür?"

Bu sitatdan göründüyü kimi, Ermənistan prezidenti öz cəmiyyətinə gələcəkdə mümkün müharibənin anonsunu verir. Bu, keçmiş prezident, indiki "ana müxalifət" başçısı Robert Köçəryanın yeni müharibə və qələbə vədləri ilə eyni məzmun daşıyır. Burdan belə nəticə çıxarmaq olar: ya prezident də revanşistləri dəstəkləyir, ya da cəmiyyəti bir arada tutmaq, siyasi böhran və xaos təhlükəsini önləmək üçün hər iki tərəfi qane edən bəyanatlar verir. Çünki həm revanşist çağırışlara, həm də qonşularla normallaşmaya dəstək siqnalları verir.

Əslində belə görünür ki, Armen Sarkisyan Nikol Paşinyanın hələ formalaşdırmadığı yeni hökumətə qarşı... müxalifətə keçib. Azərbaycanla və Türkiyə ilə münasibətlərin normallaşmasına dair Nikol Paşinyanla fikir ayrılığı olduğunu vurğulayır. Son növbədənkənar parlament seçkilərində Ermənistan seçicilərinin çoxunun revanşistlərə deyil, Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyasına səs verərək bu partiyaya təkbaşına hökumət formalaşdırmaq imkanı yaratmasını həm yerli, həm beynəlxalq ekspertlər Ermənistan cəmiyyətinin qonşularla münasibətləri bundan sonra sülh üzərində qurmasına dəstəyi kimi qiymətləndiriblər. Beynəlxalq aləmdə bu, müsbət qarşılanıb. Qərb dövlətləri də Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə çağırışlar ediblər; Almaniya ilə Böyük Britaniyanın son birgə bəyanatında da bu çağırış bir daha yer alıb. Qərbin bu iki böyük dövləti Qafqazda sülh üçün birgə çalışacaqlarını bəyan etmiş olublar. Ciddi və müsbət siqnaldır; Avropada Fransanın Ermənistana birtərəfli dəstəyini balanslaşdırmaq baxımından mühüm addımdır. "Böyük Yeddilik" formatına baxsaq, orda Avropadan təmsil olunan daha bir böyük dövlət - İtaliya da Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Beləliklə də Fransa prezidenti Emmanuel Makronun ermənipərəst mövqeyi təklənir. Avropa qitəsində Azərbaycanla Ermənistan arasında qalıcı sülhə dəstək artır. Bu da Ermənistan cəmiyyətində, eləcə də, dövlətində yer alan revanşistləri narahat edir. Ermənistan prezidenti Sarkisyan isə həmin revanşistləri sakitləşdirəcək bəyanatlar verir. Faktiki şərtlər irəli sürür: birincisi, Azərbaycanı erməni cəmiyyətinin "dəyər"lərinə hörmət etməyə "dəvət edir". Yəni Azərbaycan Ermənistanla sülh istəyirsə, qondarma "erməni soyqırımı"na dair siyasi tövrünü dəyişsin deyir. Eyni zamanda Türkiyənin indiki hökumətinin Osmanlı İmperiyasında baş verənlərə məsuliyyət daşımadığını deyərək Prezident Ərdoğandan üzrxahlıq gözləyir. Beləliklə, faktik olaraq, Ermənistanın bu iki qonşusu ilə münasibət qurmasına ön şərtlər irəli sürmüş olur. Paşinyanla fikir ayrılığı deyəndə bunu qəsd edir. Demək istəyir ki, Azərbaycanla sülh müqaviləsini (ki, Türkiyə-Ermənistan normallaşnası da bundan çox asılı olacaq) Paşinyan imzalasa da, parlamentdə ratifikasiya etdirsə də, prezident olaraq Sarkusyan ona veto qoya bilər. Bu, Ermənistanın qonşulara sülhü "baha satmağa" cəhdinə də oxşayır. Ancaq daha çox "yaxşı polis-pis polis" oyununu da xatırladır.

Yadınızdadırsa, Nikol Paşinyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi (Rusiyaya bağlı qiyamçı general) Onik Qasparyanı vəzifəsindən azad edərkən Armen Sarkisyan bu fərmana veto qoymuşdu. Ancaq sonra bu qərarı imzaladı. Nəzərə alaq ki, Paşinyan o zaman müharibəni yeni uduzmuşdu və zəif idi. Və o, qırılma nöqtəsi idi; Paşinyan Onik Qasparyanın istefasına nail ola bilməsəydi, özü ya erkən devriləcəkdi, ya da erkən seçkilərdə məğlub olacaqdı. Bu faktlar da deməyə əsas verir ki, Paşinyan ənənəvi siyasətdən uzaqlaşıb ölkəsinin üzünü Qərbə çevirmək istərkən buna qarşı müqavimət siyasi kataklizmlər yaranmasın deyə Armen Sarkisyan revanşistlərin də emosiyalarını təmin etməyə çalışır. Çünki Paşinyan, faktik olaraq, erməni Qriqoryan kilsəsinin "birləşdirici" görüntüsündən belə imtina etdi; kilsə özü daha çox revanşizmi dəstəkləyən quruma - tərəfə çevrilib. Ermənistanda getdikcə daha aydın dərk edirlər ki, Azərbaycanla və Türkiyə ilə münasibətləri normallaşdırmadan ölkənin gələcəyi yoxdur. İndiyədək erməni diasporası da, dövləti də, erməni kilsəsi də erməniliyi ancaq və ancaq tarixlə, həm də saxta tarixlə yemləyib. Gələcək haqda strategiya baxımından böyük fürsətlər qaçırılıb. İndi yeni fürsətlər yaranıb; yeni regional, bizim regionu da əhatə edən yeni qlobal layihələr var. Ermənustan bu dəfə də kənarda qalsa, öz perspektivini tamamilə uduzub Rusiyanın bir əyaləti vəziyyətinə düşər. Buna görə də Ermənistan siyasi elitası manevrlər etmək zorundadır; Rusiyadan elə sürətlə, elə ehtiyatla uzaqlaşmaq istəyirlər ki, həm Moskvadan az zərbə alsınlar, ya heç zərbəsiz ötüşsünlər, həm də Qərbə daha tez yaxınlaşsınlar (Avropa İttifaqı ilə inteqrasiya sənədini imzaladılar artıq). Bütün bunlardan görünür ki, Ermənistanda Armen Sarkisyan-Nikol Paşinyan qarşıdurması, əslində, prosesi daha az itki ilə aparmaq üçün bir imitasiyadır. Nəticədə hər ikisinin hədəfi eynidir. Bunun bizim üçün mümkün müsbət və mənfi nəticələri nə olacaq? Bu, artıq başqa bir yazının mövzusudur.

Bizimyol.info

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »