Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda parklarda qurulan pul tələləri: Dünya o yana, biz bu yana...
İstirahət parkı

Son illərdə görülən işlərin yaxşı nəticələrindən biri də şəhərimizdə salınan parkların sayının çox olmasıdır. Demək olar ki, hər addımbaşı binaların arasında insanların istirahəti üçün nəzərdə tutulmuş parklara rast gəlmək olur. Amma bəzən bu parklar heç də yaxşı niyyətlə salınmır – bu, bir növ biznes sərmayəsi kimi bir şeydir.

Xırdalan şəhəri ərazisində də 3 park sahəsi mövcuddur. Bunlardan biri isə Heydər Əliyev prospektində yerləşən, “AAAf Park” layihəsinin saldığı parkdır. Bu parkı digərlərindən fərqləndirən özünəməxsus, qəribə qayda-qanunları var. Belə ki, parkın girişində mühafizə dayanır və insanların giriş-çıxışına nəzarət edir. Təbii ki, insan sayının çox olduğu yerin qorunması sevindirici haldır. Lakin həmin mühafizə əməkdaşlarının işi təkcə bununla bitmir. Belə ki, içəri bir neçə oğlan birlikdə girmək istəyərsə, onların girişi həmin mühafizə tərəfindən məhdudlaşdırılır. Buna səbəb olaraq isə parkın ailəvi istirahət üçün nəzərdə tutulduğunu bildirirlər. Amma bu qayda bir neçə qadının birlikdə içəriyə daxil olmasına şamil olunmur. Adətən, qadın hüquqlarının pozulmasından danışılır. Bəs bu kişilərin hüququnu pozmaq deyilmi? İki qardaş, əmi oğlanları birlikdə istirahət edə bilməzmi?

Bu məsələ öz yerində. Amma başqa bir nüansdan da danışmaq istəyirəm. Park dedikdə ilk ağlımıza yaşıllıq ərazi, ağacların altında qoyulmuş skamyalar, uçuşan göyərçinlər gəlir. Burada sonacan yaşıllıq ərazi, səliqə-sahman, qəfəslərdə quşlar olsa da, nədənsə, skamyalara rast gəlmək olmur. Düzü, bu park yeni salınanda çox az sayda rast gəlmək olurdu. Lakin uzun müddətdir ki, həmin barmaqla sayılacaq oturacaqları da yığışdırıblar.

Parkın girişi pullu olmasa da, elə sistem yaradıblar ki, oturmaq pulludur. Düşünürsünüz ki, necə?  Bunun təbii ki, bir cavabı var. Oturmaq istəyən insanlar keçib restoranın stullarında əyləşməli və məcburi şəkildə menyuda olan təamlardan sifariş verməlidirlər. Nəzərə alaq ki, parka gələnlərin əksəriyyəti uşaqlıdır və bir müddət sonra uşaqlar yorulur. Məcbur qalan valideynlər isə oturmaqdan ötrü restoran ərazisinə daxil olur və mütləq nə isə sifariş verməli olurlar.

Üstəlik, parkın daxilində yerləşən restoranlardan bəziləri, adamların çox olan saatlarında tək çay verməkdən imtina edirlər. Ya oturub yemək yeməlisən, ya qıçların qırılana kimi ayaq üstə durmalı, ya da bura bir daha gəlməməli...

Qeyd edim ki, parkın daxilində uşaqlar üçün atraksionlar da fəaliyyət göstərir. Həmin atraksioanlarda oynayan uşaqlarını gözləyən valideynlər də bu vəziyyətdən çox narazıdırlar.

İnsan düşünməyə məcbur qalır - görəsən, bu qədər mükəmməl görünüşlü park salan şəxslərin oturacaq qoymağa gücü çatmayıb, yoxsa gəlirini birə-beş artırmaq üçün bu addımı atıb?

Pulu olan insan onsuz da skamyalarda yox, restoranda oturub necə lazımdır yeyib-içəcək. Bəs bir bulka alıb övladını gəzməyə çıxara bilən valideynin bu parkdan istifadə etməyə haqqı yoxdurmu?

Bakıda ümumiyyətlə, parkların əksəriyyəti biznes obyektlərinə çevrilib. Büdcə hesabına salınan parklarda da insanların pulunu almaq üçün min bir tələ qurulur. Bu gedişlə hələ yaxın zamanlarda sivil dünyanın bir parçası ola bilməyəcəyik.

Leyla Mirzə

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »