Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Göydən od yağanda qul əməyi: Əmək Nazirliyi nəyin müqabilində göz yumur...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Bir neçə il öncə yaxın qohumumuz Bakıda fəaliyyət göstərən alman şirkətlərindən birində fəhlə kimi işə başladı. Qış idi, temperatur 0 dərəcə olan kimi almanlar onları evə buraxırdılar ki, işləmək olmaz. Əməkhaqları da o zaman üçün 800 manat idi və kəsilmədən verilirdi. Eyni şəkildə də yayda. Havanın temperatırı 38 dərəcə olan kimi işi buraxırdılar və əvəzində “axşam sərində gəlin işləyin” demirdilər. Bu maaşa da təsir göstərmirdi.

Ömrünü fəhlə kimi müxtəlif müəssilərdə “çürütmüş” qohumum alman şirkətinin bu qaydada rəftarına o qədər heyrət edirdi, ilk başda işdən buraxsalar da, işə gedirdi, qorxurdu ki, onu işdən atıb başqasını götürərlər. Təəssüf ki, o şirkətin ölkəmizdəki işinin ömrü uzun çəkmədi və qohumumun da “Zoluşka” nağılı sona çatdı. Amma şirkət işini anidən dayandırsa belə, işçilərinə kompensasiya verərək getmişdi. Belə həyatlar da var. Azərbaycanda fəaliyyət göstərən bəzi şirkətlər dünya standartları ilə ayaqlaşmağa çalışırlar, lakin sayları barmaqla sayılacaq qədər azdır. Böyük əksəriyyətində iş qul əməyinə bənzəyir.

Azərbaycanda Əmək Məcəlləsində hər bir işəgötürənin üzərinə işçinin sağlamlığının qorunması və əməyin mühafizə qaydalarına əməl edilməsi vəzifə kimi qoyulub. Əmək Məcəlləsinin 233-cü maddəsinə görə, havanın temperaturu 41 dərəcədən artıq qeydə alındıqda işəgötürən səlahiyyəti daxilində əməyin mühafizəsi ilə bağlı tədbir görməlidir.

Temperatur 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləmək üçün imkan yaradılmaqla fasilələr verilir.

Həmçinin güclü külək şəraitində də bir sıra sahələrdə işlər dayandırılmalıdır.

İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur.

İlin soyuq vaxtında örtülü, lakin isidilməyən binalarda temperatur Selsi ilə müsbət 14 dərəcədən aşağı olduqda, işçilərə fasilələr verilir və ya iş dayandırılır.

Qanun var və gözəldir. Lakin bu tədbir görülürmü? Biz o istilərdə tikintilərdə işləyənləri də görürük, küçə süpürənləri də. Əmək şəraiti ağırlaşırsa, buna görə işəgötürən əlavə ödənişlər etməlidir. Bu barədə ümumiyyətlə, danışan yoxdur.

Sahil Babayev Sahil Babayev

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti deyir ki, hava şəraiti açıq olan və sərinləşdirici qurğular olmayan binalarda, otaqlarda işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi nəzərdə tutulur. İşəgötürənlər tərəfindən həmin qaydalara riayət olunması vacibdir. İsta havada işin dayandırılması və fasilələrin verilməsi işəgötürənlə həmkarlar ittifaqının birgə qərarı əsasında həyata keçirilir. Şübhəniz olmasın ki, Əmək Nazirliyinin məmurları belə açıqlamaları kondisionerli kabinetlərdən verirlər. Amma bu qaydaları pozanlara qarşı da tədbir görə bilmirlər, çünki bütün irimiqyaslı subyektlərlə "haqq-hesab" var. Onsuz da qaydalar elə tərtib olunur ki, mütləq haradasa onu pozmalısan, nəticədə "hesablaşmaq" lazım gəlir. İş adamları və dövlət kommunal xidmətləri də bütün məsələləri nazirliklə birdəfəlik "həll edirlər".

Hüquqşünas Vüsal Məmmədov qeyd edir ki, havanın kəskin isti və yaxud soyuq olması səbəbindən iş dayanıbsa, bu işçinin təqsiri olmadan boşdayanma halı hesab olunur. Və həmin halda əməkhaqqının 2/3-si mütləq ödənməlidir. Temperatur 41 dərəcədən çox olduğu halda açıq havada işləməyə məcbur edilən şəxslər Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilər. Hər bir şikayət araşdırıldıqdan sonra qanunauyğun şəkildə tədbir görülür.

50 dərəcə istidə işləməyə məcbur edilən yaşlı qadın, 27 iyun, Bakı 50 dərəcə istidə işləməyə məcbur edilən yaşlı qadın, 27 iyun, Bakı

Son olaraq onu demək olar ki, 41 dərəcə temperatur az deyil . Açıq günəş altında bu, dözülməz hal deməkdir. Günəşli bir ölkə olaraq tədbirlərimizi, qaydalarımızı da uyğun şəkildə qura bilərik. Küveyt, Oman kimi dövlətlərdə şəhərlərdə dayanacaqlarda kondisionerlər fəaliyyət göstərir. Bizdə küçədə demirəm, avtobusda kondisioner tapanda sevinirik. Adımızı Odlar ölkəsi qoymuşuqsa, yaşam şərtlərimizi də adımıza uyğunlaşdırmalıyıq.

İlhamə

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »