Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəyal-Adamın gerçək hekayəsi
Vekil

Tələbəlik illərimizdə Ucardan o adamı tanıdım; yataqxanamızda qalırdı (Haqq dünyasına qovuşub artıq, ona görə adını çəkməyi etik saymadım). Mənim 18 yaşım vardı. Mənə yaşlı görünürdü. Mənim üçün 44 yaşında bir adam... qoca demək idi.

Biz Universitetə daxil olanda o da artıq hüquq fakültəsində 3-cü kursa keçmişdi. Öz kurs yoldaşları zarafat edirdilər: "Universiteti bitirib pensiyaya çıxacaqsan" deyə onu cırnatmağa çalışırdılar. Sarışın, amma iri cüssəli o Adamın içində sanki bir uşaq oturmuşdu; bu zarafatlara da körpə səmimiyyəti ilə gülüb keçirdi.

Adam canlı kitabxana, canlı ensiklopediyaydı. Arada fasilə verməklə düz 9 dəfə imtahan vermiş, hər dəfə də müsabiqədən keçə bilməmişdi. Misal üçün, tarixdən bir sual versən, deyirdi ki, filan sinfin dərsliyində filan səhifədə yuxarıdan aşağı filanıncı abzasdadır. Adam o qədər kitab oxumuşdu ki, özü də sanki kitaba çevrilmişdi.

Universitetə qəbul olunmasının da öz tarixçəsi vardı. Deyirdi: "Bütün fənnlərdən keçirdim, yüksək qiymət alırdım, bircə fransız dilindən aşağı qiymət verirdilər. Həmişə də tərslikdən eyni müəllimə düşmüşdü, hər dəfə də: "Sən yenə gəlmisən?" deyə ironiya edirdi.

Axırıncı qəbul imtahanında yaşlı fransız dili müəlliməsi bütün sualları cavablandırmasına baxmayaraq, ona yenə "3" yazmaq istəyəndə, Adam arıq, sısqa qadını başı üzərinə qaldırır və əgər "5" yazmasalar, 8-ci mərtəbədən aşağı atacağını deyir. Qadın isə assisentinə yuxarıdan: "Yazma" deyə qışqırıb inad edir. Hay düşür, Qəbul İmtahan Komissiyasının məsul katibi, prorektor, xarici dillər kafedrasının müdiri hadisə yerinə gəlir. Adamı dilə tuturlar alınmır. Axırda məsul katib kafedra müdirinə göstəriş verir ki, Adama "5" yazsın. Qiyməti yazıb özünə göstərəndən sonra qadını yerə qoyur. Və o müəlliməni rektor şəxsən qəbul edib şikayətçi olmamağa razı salır; bu insident Universitetin adına minus gətirər deyə.

Bax, həmin o Adam uşaqlıqdan vəkil olmağı xəyal etmişdi. Universitetdən çox sonralar onunla Şəkidə təsadüfən rastlaşdım; mən jurnalist kimi ezamiyyətə getmişdim, o da müvəkkilinin istintaq hərəkətlərində iştirak etməyə gəlmişdi. Xeyli yaşlanmışdı artıq. Məni tanıdı, kövrəldi. "İşləriniz necə gedir?" deyə soruşdum. Dərdi açıldı, Vəkillər Kollegiyasının o zamankı sədrini "yıxıb-sürüdü":

- Mən məktəbdə 6-cı sinifdən deyirdim ki, vəkil olacam. Kinodan təsirlənmişdim, o kinodakı kimi vəkil olmaq istədim. Çox böyük çətinliklə hüquqa daxil ola bildim. "Qırmızı diplom"la bitirdim. Ancaq mən Vəkillər Kollegiyasına gəlib düşənə, cinayət işinə çıxana qədər vəkillik qalmadı. Bütün dünyam çökdü...

Adam həyatdan belə küskün kimi danışırdı. Mən getdikcə o Adamın nə demək istədiyini daha dərindən, daha böyük ağrı hissi ilə anlayıram. Gözümün önündə keşmişlə gələcək arasında azıb qalmış bir küskün Xəyal Adam vardı.

Və sonralar da elə hey o Xəyal Adamı, keçmişi, gələcəyi düşünürdüm. Texniki yaradıcılığa həvəsli uşaqlarımız oxuyurdu ki, yaxşı mühəndis olsun, biz götürdük, bir dövr zavodları dəyər-dəyməzinə özəlləşdirdik, sonra da qapısına yekə bir qıfıl vurduq, doğrayıb metallom kimi satdıq. Jurnalistikaya həvəsli uşaqlarımız əlinə qələm alana qədər medianı susdurduq. 44 yaşında adam 14 yaşından xəyalını qurduğu vəkilliyə gəlib çatana qədər vəkilin də əl-qolunu bağladıq; başqalarını müdafiə edən Adamı özünü müdafiə etmək zorunda buraxdıq. Və hələ də davam edirik; bircə o qalıb ki, vəkili də məhkəmədə müvəkkilinin yanında qolu qandallı oturdub müttəhimlə birlikdə mühakimə edək. İndi də yenə vəkiili hakimə, prokurora, hətta az qala müstəntiqə tabe tutmağın yollarını axtarırıq.

Peşəsinin məhvərində və də öz içində ədalət cövhəri, azadlıq duyğusu, yaradıcı başlanğıc olan hər kəsi bir şəkildə "qandallamaq"... bizi hara aparacaq?! Daha doğrusu, hara gətirib çıxarıb artıq. Biz uşaqlarımızın gələcəyə dair xəyallarını əindən alıb keçmişə bənd eləməklə nəyə nail olacağıq?! Bu gün vəkil olmaq, yazar olmaq... Vətəndaş olmaq xəyalı quran övladlarımızı ifrat çərçivələsək, içindən şikəst etmərikmi?! Seçə bilmək, bütün anlamlardan seçilə bilmək də əvvəl xəyaldan başlar. İnsan şəxsi yaşamında da, işində-gücündə də...seçilmək istər. Seçilmək həm də sevilməyin, ən azı bəyənilməyin, təqdir tapmağın həm səbəbi, həm nəticəsidir. Hər gözəl şey, Dövlət özü də xəyaldan başlayıb. Məşhur frazanı xatırlasaq, bəli, Osmanlı bir çadırda qurulanda yalnız xəyalı vardı, o xəyal bitəndə nəhəng imperatorluq möhtəşəm saraylarda dağılmışdı. Ən böyük xəyal isə məsuliyyətli azadlıqdır.

Bir dəfə də yazmışdım: dövlətin öz vətəndaşına verdiyi dəyər onun azadlığına dözümü, hətta dəstəyilə müəyyənləşir. Əgər biz azadıqsa, varıq, köləyiksə, yoxuq. Bu qədər sadə.

Bahəddin Həziyev Bahəddin Həzi
Paylaş »
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› “Ermənistan yeni itkilərini gözə almalıdır”
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Azərbaycanda zəlzələ olub
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »