Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda su qıtlığı təhlükəyə çevrilib: Mal-qaranı bayıra buraxmırlar ki, susuzluqdan ölməsin
Quraqlıq, su qıtlığı

Tanınmış vəkil Aslan İsmayılov Biləsuvar rayonunda əhalinin yaşadığı su problemləri ilə bağlı paylaşım edib. Rayondan göndərilmiş videoçarxda Biləsuvarın Təzəkənd və Yuxarı Cürəli kəndinin qurumuş su arxı görünməkdədir.

Adıçəkilən və digər kəndlərə su İmişlidən gələn Əzizbəyov kanalı ilə 20 gündə bir dəfə bir gün verilir və həmin gün hamı evdə həsrətlə suyun gəlməsini gözləyir.

“Suya görə kənd camaatı bir-biri ilə üz-göz olur. May ayından sentyabra qədər mal-qaranı da bayıra buraxmırlar ki, susuzluqdan ölməsin. Əvvəllər 5 manata olan 2 tonluq su indi 8 manatdır. Bu aylarda da insanlar mal-qaranın, toyuq-cücənin ölməməsi üçün nəyin bahasına olursa olsun su almağa məcburdurlar.

Biləsuvardan olan deputat Bəhruz Məhərrəmovun köməyilə artezian quyusu vurdurulub. Ancaq 4-5 aydır ki, su quyusunu işə sala bilmirlər, çünki 2 dəfə işə salıblar və bir neçə saatdan sonra motor yanıb”,- deyən vəkil əlavə edib ki, rayonda su problemləri hələ sabiq icra başçısının dövründə yaranmağa başlayıb.

“Biləsuvarın bəlası indi həbs həyatı yaşayan Mahir Quliyevdən başlayıb. O özü üçün 1000 hektar çəltik sahəsi düzəldib və bütün su ancaq çəltik biçilənə qədər ora buraxılıb, insanlar isə susuzluqda zülm çəkiblər”- deyə vəkil qeyd edib.

Mahir Quliyev həbsdə olsa da, bu gün bir çox rayonlarda, xüsusən yayın daha isti keçdiyi aran rayonlarında onun kimi məmurların suyun yolunu əjdaha kimi kəsməsi səbəbilə quraqlıq yaşanır. Bir məmurun cibinə pullar axacaq deyə susuzluqdan kəndlilərin bağları, mal qaraları məhv olur, gücü yetənlər köçüb gedirlər, kəndlər boş, kimsəsiz qalır. Biləsuvarın problemi ilə bağlı deputat Bəhruz Məhərrəmova üz tutduq.

Bəhruz Məhərrəmov Bəhruz Məhərrəmov

Bəhruz Məhərrəmov vurğuladı ki, Biləsuvarın təməl problemi su məsələsidir.

“İçməli və suvarma suyunun təminatında ciddi problemlərin olması ilə bağlı mən özüm istər Milli Məclisin plenar iclaslarında, həmçinin, cənab Baş nazirin özünün iştirakı ilə Hökumətin hesabarlarında dəfələrlə məsələ qaldırmışam. Habelə, mərkəzi icra hakimiyyəti orqanları ilə Biləsuvar rayonun su təminatı sahəsində ciddi müzakirələrim, rəsmi yazışmalarımız var. Əvvəl də demişəm, bu gün də deyirəm, Biləsuvarın təməl problemi su məsələsidir. Su probleminin həlli, bizim rayonda həm məşğulluq probleminin, həm də yay aylarında sosial gərginliyin köklü həlli demək olacaq. Bunun üçün, rayonda Bolqarçay su anbarı bərpa olunmalıdır, ikincisi, rayona əlavə içməli su xətti çəkilməlidir. Yəni, deputat olaraq bu problem ilk dəfə Parlamentdə mənim tərəfimdən ictimailəşdirilib, bu gün də təmaslarımız davam edir, fürsətdən istifadə edib bir daha aidiyyatı hökumət strukturlarına da problemin dözülməz həddə çatması ilə bağlı çağırış edirəm. Bu problemdə deputatı o zaman ittiham etmək olar ki, millət vəkili məsələyə laqeyd qalsın, amma, Milli Məclisin stenoqramları ortada, mediada kifayət qədər sərt çağırışlarımız ortada, rəsmi yazışmalarımız ortada. O ki qaldı Aslan İsmayılovun paylaşımına, inanıram ki, o, həqiqətən, ürək yanğısı ilə, bir nəticəyə nail olmaq üçün ictimailəşdirib. İstənilən, halda medianın və ictimaiyyətin diqqətini bir daha məsələyə yönəldə bildisə, Aslan müəllimə təşəkkür edirəm. İnanıram ki, ictimai fəal olaraq, bundan sonra Biləsuvarın su təminatı ilə bağlı problemlərinin ictimailəşdirilməsi təşəbbüsümlərimizə dəstəyini davam edəcək. Konkret adı keçən kəndə gəlincə, Təzəkənd Biləsuvarda artezian quyusu vurulması mümkün azsaylı ərazilərimizdəndir, digər kəndlərdə yerdən şirin su çıxmır, bu kəndə isə belə bir imkan var. Cənab Prezidentin də Sərəncamına əsasən, Təzəkənddə bir neçə ay öncə artıq artezian quyusu vurulub, texniki məsələlərə görə proses geciksə də, bu yaxınlarda quyu tam istifadəyə veriləcək. Yəni, həmin kənddə su problemi həllini tapmaq üzrədir. Lakin, hələ də su təminatında ciddi çətinlikləri olan vəziyyətin daha acınacaqlı olduğu digər kəndlərimiz var ki, orada problemə son qoyulması üçün mərkəzi səviyyədə müdaxilə olunmalıdır”,- deyə deputat qeyd edib.

Parlament müxbiri olaraq mən Milli Məclisin iclaslarında dəfələrlə şahid olmuşam ki, müxtəlif rayonları təmsil edən deputatlar “Azərsu”ya, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə etdikləri müraciətə cavab verərək, konkret bölgəni su zəhmətindən qurtardıqlarına görə təşəkkür ediblər. Belə çıxır ki, həll olunma imkanı var, amma gərək mütləq kimsə vəzifəli şəxs müraciət eləsin.Kəndlərdə isə “yekə” adamlar olmurlar, sadəcə zəhmətkeş insanlar yaşayırlar. Yayın istisində temperaturu az qala 50 dərəcəyə yüksələn bu aran rayonların da suyun olmaması həyatın məhvi deməkdir.

Bəhruz Məhərrəmov qeyd etdi ki, problemin kökü dərindir, “Azərsu” və Meliorasiya və Su Təsərrüfatı ASC bu problemləri aradan qaldırmaq üçün birgə işləməlidir, hökumət səviyyəsində həll edilməlidir. “Mən özüm il yarımda parlamentdə bu barədə 9 dəfə məsələ qaldırmışam”,- deyə deputat bildirib.

Qarabağdakı qələbəmizdən sonra bir çox rayonlarımızda susuzluq problemi qismən həllini tapıb. Qarabağ Arana öz çaylarından can verməyə başlayıb. Ümid edirik hər yeş yaxşıya doğru dəyişər.Təbii ki, suların yolunu yenə “əjdahalar” kəsməsə.

İlhamə Rəsulova

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› Rusiyada yaşayan soydaşımız elə bir əməl törətdi ki...
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› İran Ermənistanla yaxınlaşır: “Münasibətlərə hətta “bir millət, iki dövlət” prizmasından yanaşırlar”
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
Son xəbərlər
Bütün xəbərlər »