Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda ucuz istirahətin keşməkeşləri...
Çimərlik

Artıq bir neçə gündür ki, Bakıda dəhşətli istilər hökm sürür. Küləklər şəhəri adını almış Bakıda küləkdən əsər-əlamət qalmayıb.

Bayırın istisindən qaçıb evə girirsən ki, havalandırma sistemini qoşub bir az nəfəs alasan, amma bu da nəticə vermir. Havalandırma sistemlərinin belə havanı sərinlətməyə gücü çatmır. İsti insanı o qədər təngə gətirir ki, az qalırsan harda bir balaca gölməçə görsən, özünü atasan ora.

Yaxşı ki, Bakı Xəzər dənizi sahilində yerləşir. Çünki Bakı sakinlərinin bu istilərdə istirahət edə biləcəyi, bir az sərinləyə biləcəyi yer yalnız Xəzər dənizidir.

Dünən axşam saatlarında şəhərdən canımızı qurtarıb dəniz havasını udmaq üçün Novxanı çimərliyinə üz tutmağa qərar verdik. Dincəlmək üçün çıxmışdıq, amma bizi qarşıda gözləyən mənzərədən xəbərsiz idik. Masazır ərazisinə daxil olmuşduq ki, gördük bütün şəhər əhalisi buradadır və ucu-bucağı görünməyən tıxac bizi gözləyir. Qəribəsi odur ki, bu qədər böyük tıxacın olduğu ərazidə, maşınların hərəkətini tənzimləmək üçün heç bir yol polisi əməkdaşına rast gəlmək olmurdu. Bu mənzərə hər il dəniz mövsümündə yaşanır və yenə də yollarda heç bir tədbir görülmür.

Havanın dözülməz istisi bir yandan, maşınların buraxdığı isti-tüstü hava isə digər yandan. Az qalırdı ki, maşındaca can verəsən.

Nəhayət, uzun yolu qət edib Novxanı ərazisinə çatdıq. Bu ərazilərə yolu düşənlər bilir ki, yol boyu təndirxanalar var. Həmin təndirxanaların qarşısında elə bir mənzərə var idi ki, 90-cı illərin çörək qıtlığını xatırladırdı. İnsan sayı o qədər çox idi ki, yol boyu addımbaşı yerləşən təndirxanalar çörək çatdıra bilmirdi. Kim qıvraq, cəld və qolu güclü idisə, çörəyi də onlar əldə edə bilirdi. Təzə çörək ala bilməyəcəyimizi görüb, dünəndən qalma boyat çörəyin birini 1 manata tapmağımıza sevindik. Küyə düşüb lazım olandan daha artığını aldıq və yollandıq çimərlik ərazisinə.

Günorta evdən çıxmağımıza baxmayaraq, dənizə çatanda artıq axşamtərəfi idi. Dəniz sahili boyunca addımbaşı çimərlik obyektləri var və hər birinin qiymətləri fərqlidir. Buna baxmayaraq, hamısının içərisində insan əlindən tərpənməyə yer yox idi. Necə deyərlər, iynə atsan, yerə düşməzdi. Oturmaq üçün yer tapmaq isə samanlıqda çöp axtarmaq kimi bir şey idi. Bu qədər çətinlikləri gözə alıb gəldiyimiz dənizin suyu isə mamır, yosun, plastik stəkan, salfetka və s. məişət əşyaları ilə sakinlər tərəfindən çirkləndirilmişdi. Bütün çətinliklərə baxmayaraq, özümüzü dənizə ata bildik. Havanın isti olmasının, gəldiyimiz yolboyu çətinliklərin acığını sanki sudan çıxdıq. Bir az vaxt keçirmişdik ki, artıq axşam oldu və evə çatmaq vaxtı gəlib çatdı. Evə qayıtmağı düşünməyə belə qorxurduq. Çünki gələndə yaşadığımız mənzərə yenidən bizi gözləyirdi.

Bilmirəm bir neçə saat istirahət edə bilmək üçün bu qədər əziyyət çəkməyə dəyərdimi? İnsanların ən ucuz başa gələn istirahətini kimlər bu qədər çətinləşdirib? Hər bir halda dənizə getməyi düşünsəniz, yuxarıda qeyd etdiklərimi nəzərə almağınız məsləhətdir.

Leyla Mirzə

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »