Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Toyda yalnız çay və şirniyyat təklifi: Toyxana, yoxsa cərimə təcridxanası...
Şadlıq sarayı, toy

Sentyabr ayından etibarən Naxçıvan Muxtar Respublikasında təşkil olunacaq toy şənliklərində yemək qadağan olunacaq. Yeni qaydalara əsasən, toylarda süfrəyə yalnız şirniyyat və çay qoyulacaq.

Naxçıvanda yas mərasimləri ilə bağlı sərt qaydalar insanların ənənəsi şəklini almağı bacardı və Muxtar Respublikada artıq yas mərasimlərində ehsan süfrələri çay və şirniyyatdan ibarət olur. Bundan başqa məzar daşlarının hamısı standart şəkildə hazırlanır. Daha Naxçıvanda qoyulan baş daşları hamısı kiçik ölçülü qara mərmərdən hazırlanır. Məzarın üzərinə sinə daşı qoyulmur. Bir növ Amerika filmilərində gördüyümüz kimi səliqəli, sadə, təmtəraqdan uzaq. Görünür, bu tədbirlər naxçıvanlıların çox xoşuna gəlib ki, Vasif Talıbov toylarla bağlı da eyni qərarı verib. Amma toy süfrəsinin yalnız şirniyyatdan ibarət olması məsələsində insanların fikri bir qədər fərqlidir.

Azərbaycan türklərinin ta qədimdən gələn bir toy adət-ənənəsi var və bu qədim ənənə Azərbaycan iqtisadiyyatının sütunlarından birinə çevrilməyi məhz elə buna görə bacarıb. Övladı olan hər kəsin eşitdiyi ilk dua “toyunu görək” olur, valideynlər illərlə bu arzuyla yaşayırlar. Dədə Qorqud, Koroğlu dastanlarında, nağıllarımızda 3 günlük, 7 günlük, 40 günlük toy şənliklərindən danışlır və bu bir əfsanə deyil. Ötən əsrin əvvəllərinə qədər 3 və 7 günlük toy mərasimləri keçirilər, aşıqların dastanları, nağılları dinlənərdi. Toy türklərin minillərlə yaşı olan yeyib-içməklə müşayiət olunan ritualıdır. Yəni toyda da yeyib əylənməsən, başqa harda edəcəksən bunu? Acqarına da əyləncə olmur.

Təbii ki, israfçılıq etmədən də toylarda ləziz yeməklər təqdim edilə bilər. Uzun illər rayon və kəndlərimizdə mağar toylarında heç də 40 çeşid yemək təqdim edilmirdi. Ev sahibi süfrəyə 3-4 növ yemək düzərdi, o da həyətində baxıb becərdiyi kənd məhsullarından. Kəndlərdə çox zaman dəvətnamə göndərilməzdi, toydursa, hamı bilirdi ki, toy qapısı açıqdır, gedib yemək, əylənmək, şənliyə qoşulmaq olar. O toy qazanlarından ilk yemək mütləq şəkildə kəndin xəstəsinə, möhtacına, əlsiz-ayaqsızına, kimsəsizinə göndərilirdi. Onların duasının, bu işin savabının evli cütlüklərin xoşbəxtliyinə səbəb olacağına inanardılar. İndiki kimi hər stulun neçə manata başa gələcəyinin dərdi çəkilməzdi. Mağar toylarında ev sahibi yorulardı, bəlkə heç toydan, şənlikdən xəbəri olmazdı, çünki qonaqlarını məmnun yola salmaq üçün səy göstərərdi. Amma bilirdi ki, xərci-borcu olmayacaq.

Bununla belə, bugünkü toylara 500-1000 nəfərin dəvət edilməsi kimi qəribə yanaşmanı ləğv etmək pis olmazdı. Bir insanın o qədər qohumu, əqrəbası, dostu olmaz. Toy gününə ən yaxınlarını dəvət elə, doyunca ürəkdən şənlən. Kimsə də gəlib sənin süfrənə ağız büzməsin, qulp qoymasın. Çünki onlar bu günə ürəkdən sevinəcək əsl dostlar olacaq. Sən də hansısa bir nöqsanda xəcalət çəkib “filankəs müəllimin yanında rəzil oldum” kimi düşüncələrlə stress yaşamayacaqsan.

Operativ Qərargahın toylarla bağlı verdiyi stresli qərar onsuz da yetərlidir ki, özünü toyda deyil, cərimə təcridxanasında hiss edəsən. Bir neçə gündür qonşumuzda kasıb bir oğlan toy edir. Bəli bir neçə gündür. 3 ildir nişanlıydı, axır ki, həyətində toy etmək qərarı verdi. Amma 15 kvadrat metrlik həyətdəki toya da cəmi 10 nəfəri dəvət etmək olur. Odur ki, bir gün dostlar, bir gün qohumlar, bir gün qonşular olmaqla toy gedir. Səssiz, sədasız. Yas mərasimi kimi.Operativ Qərargah bizi məcbur edib 3 günlük toy ənənəsini yaşamağa. Amma bu dəfə sevə-sevə yox, söyə söyə...

İlhamə

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »