Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda vəkillərin axırına çıxan qanun qəbul edilir
Milli Məclis

Məhkəmələrə əsassız vəsatət və şikayət verən vəkili 500 manatadək cərimələmək hüququ verilir. Bu da vəkillərin və ümumiyyətlə, ictimaiyyətin kəskin etirazına səbəb olub. Sosial mediada müxtəlif təbəqələrin təmsilçiləri mövzu ilə bağlı narazılıq ifadə edən fikirlərini paylaşıblar.

Bizimyol.info xəbər verir ki, vəkillərin cərimələnməsini nəzərdə tutan Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsi iyunun 25-də Milli Məclisin iclasında birinci oxunuşdan keçib. Müzakirələr zamanı bir sıra deputatlar bu dəyişikliyin əleyhinə olub.

“Deputat kimi, vətəndaşlar bizə müraciət edir. Biz də vətəndaşlarla bağlı dövlət qurumuna müraciət edirik. O zaman həmin dövlət qurumu da bizim müraciətimizin əsassız olduğunu yazıb bizi cərimələməlidir?”, - deputat Fazil Mustafa müzakirələr zamanı belə deyib.

Digər deputat Qənirə Paşayeva da cərimələnmə ilə bağlı dəyişikliyin əleyhinə çıxıb: “Bəs əsassız qərarlar verən hakimlər hansı cəriməni ödəyir?”

Qənirə Paşayeva

Qanuna dəyişiklik layihəsi birinci oxunuşdan keçsə də, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi ilə bağlı ictimai müzakirənin keçiriləcəyini bildirib: “İctimai müzakirədən sonra bütün məsələlərə aydın gətiriləcək”.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov da məhkəmələrə əsassız vəsatət və şikayət verən vəkili 500 manatadək cərimələmək hüququ verilməsinə etiraz edib: “Vəsatətin və ya şikayətin “açıq-aşkar əsassız olması” meyarı necə müəyyən olunacaq? Bu ifadə hüquqi müəyyənlik prinsipinə nə dərəcədə cavab verir? Hal-hazırda imkansız vətəndaş mülki işlər üzrə aşağı instansiya məhkəmələrində dövlət hesabına hüquqi yardımla təmin olunmur, hüquqi savadı və hüquqi yardıma çatımlığı olmayan şəxs istənilən halda “açıq-aşkar və aşkar olmayan əsasssız” vəsatət verəndə 500 manatadək cərimələnməsi nə dərəcədə ədalətli olacaq? Bu sualların əsaslı cavabını eşitmək maraqlı olardı”.

Anar Bağırov Anar Bağırov

Vəkil Babək Həmidov deyir ki, vəsatət və şikayət vəkilin vətəndaşı qanunsuzluqlardan, özbaşınalıqlardan müdafiə prosesində əsas silahıdır: “Milli Məclis vəkili silahsız, vətəndaşı müdafiəsiz qoymaq istəyir. İşə açıq-aşkar qanunsuz və ədalətsiz baxan hakimlər, bu dəyişiklikdən sui-istifadə edərək, vəkili vəsatət və şikayət verməyə görə 500 manat cərimə edə biləcək. Vəkillərin prosessual sənədləri təqdim etməyə görə cərimə edilməsi vəkillik fəaliyyətinin məhdudlaşdırılmasına, cinayət işlərində onsuz da gücsüz olan müdafiə tərəfini daha da zəiflətməyə xidmət edir”.

Başqa bir vəkil Aqil Layıc da vəsatət və şikayətə görə məhkəmənin vəkili cərimələməsini nəzərdə tutan dəyişikliyin qəbuluna etiraz edib. Müdafiəçi vurğulayıb ki, vəkilin vəsatətləri onun müdafiə işinin əsasını təşkil edir:

“Onsuz da bu gün əsaslı vəsatətlər belə, təmin edilmir. Xüsusən də cinayət işlərində. Belə çıxır ki, vəkilin əsaslı hesab etdiyi, məhkəmənin isə əsassız hesab etdiyi bütün vəsatətlərə görə vəkil cərimə ediləcək. Bu qanun dəyişikliyi vəkili lazımsız bir aktyor kimi rəsmiləşdirəcək. Bu arada, qeyd edim ki, Avropa Məhkəməsində ölkəmiz əleyhinə çıxarılan bir çox qərarlar vəkillərin vəsatətlərinin təmin edilməməsi və əsassız hesab edilməsilə bağlıdır. Bu situasiyada, əksinə, hakimlər ölkəmizin təzminat ödəməsinə birbaşa rəvac veriblər. Onda sual yaranır, ədalət mühakiməsinin indeksinin aşağı düşməsinə səbəb hakimlər olub, yoxsa vəkillər? Yenə də sual yaranır: vəkilin verdiyi vəsatət əsaslıdırsa, bunu rədd edən hakimlər özləri ədalət mühakiməsini zədələmirmi? Birmənalı şəkildə bu irtica qanun layihəsi qəbul edilməməlidir”.

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Deputat və ruhanilər öz işini görsəydi...
Son xəbərlər
Bütün xəbərlər »