Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İgid əsgər: “Çox istərdim ki, Vilayət Eyvazov səsimi eşidəydi”
2021-06-26_182917

Gözümüzün önündə böyümüşdü. Eyni məhəllədə yaşayırdıq. Bütün tay-tuşları kimi o da dəcəl, şən bir oğlan idi. 2 il öncə dedilər əsgər gedir. Arıq cüssəsinə, boy buxununa baxıb “Ay Allah o ki , uşaqdır, necə xidmət edəcək, anasının qucağından ayrılıb bu balaca oğlan dağda-daşda necə xidmət edəcək?” demişdim içimdən, narahatlıq keçirmişdim.

Amma o hərbi xidmətə hamımızın tanıdığı məhəlləmizin uşağı, talış balası Allahşükür kimi gedib, müharibə iştirakçısı, qəhrəman Allahşükür Məmmədov kimi qayıtdı. Duruşundakı, yerişindəki vüqarla, iftixarla mərd, məğrur bir Azərbaycan gənci, Azərbaycan kişisi gördük qarşımızda.

Məmmədov Allahşükür Rəfael oğlu 2019-cu il aprelin 23-dən 2021-ci il aprel ayının 1-nə qədər hərbi xidmət keçib. O əsgər gedəndə kimin ağlına gələrdi ki müharibə başlayacaq? Xidmət müddətinin bitməsinə bir neçə gün qalmış müharibə başladı və həmin ərəfədə Allahşükür ön cəbhədəydi. Gəlişi üçün hazırlanmış qurbanlıq qoç ipdə qaldı. Allahşükür il yarım deyil 2 il xidmət etdi. Anasının, atasının, bacılarının yuxuları ərşə çəkildi, günlərlə xəbər almayanda tək gücləri yetən dualar etmək oldu. Anası Sevda xanımın nələr çəkdiyini kimsə bilməz. Balası döyüşlərdə olan ana ürəyinin nələr hiss etdiyini, neçə atəşlər içində qovrulduğunu yaşamayan bilərmi? Deyir, o 44 gündə bir saniyə aram tapmadım, nə gözlərim yuxu bildi, nə könlüm rahatlıq tapdı. İgid əsgərimiz N saylı hərbi hissənin nəzdində II Qarabağ döyüşlərində , Cəbrayıl, Qubadlı və Laçın rayonlarının azad edilməsi uğrunda döyüşlərdə iştirak etdi. Laçın rayonunun Səfiyan kəndi uğrunda döyüşlərdə Şükür başından ağır yaralandı. Qəlpə yarası almışdı.

Allahşükür Məmmədov, Qarabağ qazisi Allahşükür Məmmədov, Qarabağ qazisi

Allahşükürün başından yaralanması barədə xəbər çıxanda məhəllədə hər kəs gözəl xarakteri ilə ürəklərə yol tapmış əsgərimiz üçün dua etdi. Qonşuluqda yaşayan kürdələr, ruslar, azərbaycanlılar - bir ürək olmuşduq o günlərdə, bütün əsgərlərimiz üçün, içlərində də Allahşükür olmaqla dua edən əllər göyə açıldı. Allahşükür sağalıb yenidən döyüşlərə qatıldı. Cəbhədən gələndə qələbəmizə sevinsə də, həlak olan döyüş yoldaşlarına görə özünə gələ bilmirdi. Gözlərindəki kədər silinmək bilmirdi Allahşükürün. Qucağında can vermiş döyüş yoldaşlarının xatirələri yuxularını ərşə çəkmişdi. Psixoloji yardım aldı. Özünü toparladı və anladı ki, 21 yaş hələ həyatın başlanğıcıdır, yaşamalı, yaratmalıdır.

Bu gün ordumuzun yaranmasının ildönümü münasibətilə Allahşükür də təltif olunanlar sırasındadır. Ürəyi fəxrlə döyünür, sinəsinə sığmır. Bir neçə medala layiq görülüb. Ən böyük arzusu Azərbaycan polisinin sıralarında xidmət etməkdir. 1 dəfə müraciət əsasında dəvət edilsə də, boyunun 175 sm olduğu deyilərək xidmətə alınmayıb. Amma o ümidini üzmür.

“Azərbaycan polisinin şanlı sıraları mənim qürur yerimdir və özümü bu mübariz dəstənin üzvü kimi görmək istəyirəm. Çox istəyərdim ki, bu arzumu cənab nazir Vilayət Eyvazov nəzərə alaydı”,- deyir Allahşükür.

Ümid edirik ki, dövlət bu istəyi nəzərə alar. Vətəni üçün odlardan keçmiş bu gəncin nümunəvi polis nəfəri olacağına da əminik.

Allahşükür Məmmədov, Qarabağ qazisi

Bu gün Allahşükür kimi minlərlə igid vətən oğlunun, vətən yolunda qanı tökülmüş soydaşlarımızın bayramıdır. "Ordun varsa, yurdun var" deyiblər. Qalib vətənin müzəffər ordusunun hər əsgərinə salam olsun deyirik, ürəyində ordu sevgisi daşıyan hər bir kəsi təbrik edir, şəhid analarının qarşısında baş əyirik.

İlhamə Rəsulova

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »