Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Luvr muzeyində əsəri nümayiş etdirilən azərbaycanlı rəssam - Fotolar
Rəssam Nigar İbrahimova

18-20 iyunda Parisdə Luvr muzeyində “Carrousel du Louvre Art shopping d art contemporain” sərgisində azərbaycanlı rəssamların əsərləri sərgilənib. Gənc rəssam Nigar İbrahimovanın (Azəri) da “Sülh Keşiyində” adlı rəsm əsəri sərgidə nümayiş etdirilib.

Bizimyol.info xəbər verir ki, Nigar İbrahimova uşaq yaşlarından rəssamlıqla məşğul olmağa başlayıb. Yeddinci sinifdə oxuyan Nigarın ilk rəsm əsəri "Molla Nəsrəddinin" karikaturası olub. Sonradan rəssamlığa daha çox meyl edən Nigar bütün janrlarda rəsm çəkməyi sevir.

“Özüm texniki universiteti bitirsəm də, rəssamlıq mənim üçün xüsusi bir sevgidir. Çalışıram, peyzaj, natürmort, portret və s. janrlarda da özümü sınayım. Onu da deyim ki, Bakı Yunus Əmrə Universitetində keramika, ebru və təzhibdən dərs almışam” - deyir gənc rəssam.

N. Azəri ilk dəfə 2015-ci ildə Rəssamlar İttifaqında Vəcihə Səmədova adına sərgi salonunda keçirilən “Avropa Oyunları Gənc rəssamların gözü ilə” adlı sərgidə iştirak edir. Gənc rəssamın qrafika üslubunda çəkdiyi əsəri bəyənilir və ona sertifikat təqdim edilir. Daha sonra Nigar, sərgilər barədə araşdırmalar aparır və keçirilən sərgilərdə əsərlərini təqdim edir:

“Milli İncəsənət muzeyində “Yaşıl İncəsənət” adlı ekologiya yarışmasında, “Tolerant Azərbaycan” sərgisində, Rəssamlıq Akademiyasında keçirilən “Xeyriyyə yağmuru” və Baku Kitab Mərkəzində "AXIN" adlı qrup rəssamlarının sərgilərində iştirak etmişəm. ASAN xidmətdə könüllü fəaliyyəti ərzində ekoloji yeni il ağacı yarışmasında 200-dən çox lazımsız disklərdən hazırladığım yeni il ağacı bütün ASAN xidmətlər arasında keçirilən yarışda 1-ci yerə layiq görülüb. Həmçinin TİKA-nın təşkilatçılığı ilə böyük sərgidə də iştirakçı olmuşam. Eləcə də, Serbiyada Majdanpek Mədəniyyət Mərkəzində “Qadın Ruhu” adlı sərgidə əsərim sərgilənib və kataloqda yer alıb. Eyni zamanda, Türkiyədə “Bizyüzeportreler” Karma görsel sənətlər sərgisində sufi, şair Nəsiminn portreti sərgiyə seçilib və kataloqda yerləşdirilib.

Banqladeşdə keçirilən “Inclusive indo bangladesh online art competition”-da “Mizan tərəzisi” adlı əsərim sərgilənib. Bundan sonra isə xarici sərgiləri araşdırmağa başladım. Rəssam dostlarım da uyğun sərgilər olanda məni istiqamətləndirirdilər”.

Nigar İbrahimovanın rəssamlığa meyilli olması ailəsinin incəsənətə bağlılığı ilə əlaqəlidir. Belə ki, gənc rəssamın atası qarmon ustası və ifaçısıdır. Əvvəllər mədəniyyət evində qarmon müəllimi kimi çalışıb. Onun hazırladığı qarmonlardan biri eksponat kimi Luvr muzeyində sərgilənir:

“Anam rəsm və texnologiya müəllimi, bacım isə musiqi məktəbində piano üzrə təhsil alıb. Atamdan sonra Luvrda əsərimin sərgilənməyi mənə qismət oldu. Sərgi Xalq rəssamı Toğrul Nərimanbəyovun qzı Əsmər Nərimanbəyovanın təşəbbüsü ilə təşkil edilmişdi. Mən əslində əsərimi UNESCO-nun sərgisində nümayiş etdirilməsi üçün göndərmişdim. Sərgi gecikdiyinə görə, Əsmər xanım təklif etdi ki, Luvrdakı sərgiyə qatılım. Azərbaycanlı rəssamlar içində mənim də əsərim sərgiləndiyinə görə, qürur hissi keçirirdim” - deyə danışan rəssamın əsərləri digər xarici ölkələrdə təşkil edilmiş sərgilərdə də sərgilənib.

Luvr muzeyində sərgi Luvr muzeyində sərgi

rəssam Nigar İbrahimovanın Luvr muzeyində sərgilənən əsəri rəssam Nigar İbrahimovanın Luvr muzeyində sərgilənən əsəri

N. İbrahimova qeyd edir ki, rəssamlıq çətin bir sənətdir. Qəlbi kirli olan insan rəssam ola bilməz. Çünki rəssam saflığı və fərqliliyi görməli, hər kəsin görmədiyini görüb üzə çıxarmalıdır. Bu səbəbdən də hər kəs rəssam ola bilməz.

İlham alıb rəsm əsəri yaratmaq isə o qədər də çətin deyil Nigar üçün. Sevinəndə, kədərlənəndə gənc rəssam hisslərini boyalarla kətan üzərinə tökür.

“Hər zaman yanımda kiçik bloknot olur. Yatanda belə ağlıma gələn fikirləri durub, kağız üzərində çəkirəm. Bütün əsərlərimi sevsəm də, hələ ən sevdiyim arzuladığım əsəri yaratmamışam. Beynimdə dolansa da, hələ o hazır deyil. Bununla belə tənqidi də sevirəm. Bəzən əsərlərim sərgilənir, evə gətirəndən sonra baxıram ki, bu hissəsini başqa cür edə bilərdim” - deyən gənc rəssam rəssam Sakit Məmmədovun əsərlərini çox sevir. Onun sərgilərində olduğu zaman əsərlərin sehrinə düşür.

Nigar İbrahimova hələ ki, sifarişlə rəsm əsəri yaratmağa üstünlük vermir. Deir ki, belə planları gələcək üçün nəzərdə tutur. Amma hələ ki, öz ruh halını əks etdirən rəsm əsərləri yaradır.

“Ən böyük rəssam Allahdır. Biz insanlar onun sənət əsəriyik. İnanın əlləri, gözləri və əsas ürəyi gərək bir-biri ilə uzlaşsın. O zaman gözəl əsərlər ərsəyə gələ bilər. Rəssamlıqla yanaşı mən şeir də yazıram. Düşünürəm nə vaxtsa şeirlərimi ifaçılara təqdim edim” - deyir gənc rəssam Nigar Azəri.

Gənc rəssam Nigar İbrahimovanın digər əsərlərini təqdim edirik:

rəssam Nigar İbrahimovanın əsərləri

rəssam Nigar İbrahimovanın əsərləri

rəssam Nigar İbrahimovanın əsərləri

Bizimyol.info

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Prezident: "25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?"
Son xəbərlər
Bütün xəbərlər »