Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AZAL tükürpədici qiymətlərlə yola davam edir: Gürcüstandan 110 manata, Azərbaycandan 800 manata
AZAL tükürpədici qiymətlərlə yola davam edir: Gürcüstandan 110 manata, Azərbaycandan 800 manata

Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva bir daha AZAL-ı təyyarə biletlərlərinin baha olması ilə əlaqədar tənqid edib.

Xanım deputat qeyd edib ki, dəfələrlə deyilməsinə baxmayaraq, şirkət qiymətləri baha saxlamaqda davam edir, bu isə ölkəmizə gəlmək istəyən minlərlə insanın arzusuna mane olur:

“Hər gün yüzlərlə insan yazır ki, Azərbaycana gəlmək istəyir, amma biletlər əksər ölkələrlə müqayisədə qat-qat bahadır. Türkiyədən Azərbaycana gəlmək, ölkəmizi görmək istəyən minlərlə insan müraciət edir, amma biletlər baha olduğundan gələ bilmirlər. Mən bu məsələni bir dəfə də qaldırmışdım. Amma nəticə olmadı”,- deyə deputat bildirib.

O əlavə edib ki, təyyarə biletlərinin bahalığından şikayət edən, gedib-gəlməkdə çətinlik çəkən yalnız turistlər deyil. “Tələbələrimiz, xəstələrimiz var. Onlar digər ölkələrdən qat-qat baha olan bu bilet qiymətlərinə görə əməlli-başlı əziyyət çəkirlər. Mən xahiş edirəm ki, bu məsələyə baxılsın. Müvafiq qurumlara müraciət edirəm ki, bu məsələyə baxılsın, qiymət məsələsinə yenidən baxması ilə əlaqəli AZAL-a çağırış edirəm”.

Qeyd edək ki, AZAL-ın özündən daha yüksəklərdə uçan qiymətləri ilə bağlı dəflərlə tənqidi fikirlər səsləndirilib. AZAL-ın qiymətləri həmişə digər hava yollarının xidmətlərindən dəfələrlə baha olub. AZAL özünün monopolist mövqeyini maksimum dərəcədə qorumağa çalışır. Pandemiya dövründə çəkdiyi ziyanı da bilet qiymətləri ilə kompensasiya etmək istəyən şirkət səyahət arzusunda olanların qol–qanadını əməlli başlı qırıb. İki qonşu ölkəmizdən nümunə gətirərək deyək ki, Gürcüstandan İstanbula uçuş 110 manat olduğu halda Azərbaycandan uçuş 800 manat təşkil edir. Məntiqi açıqlama isə yoxdur. AZAL-ın göstərdiyi xidmətlərin dəyərinin kəskin fərqlənməsinin əsas səbəbi ölkəmizdə aşağı büdcəli aviaşirkətlərin fəaliyyəti üçün lazımı şəraitin yaradılmamasıdır. Daha dəqiq desək, onların ölkəyə gəlməsinə qadağa qoyulmasıdır.

Qəribədir, xalqın səsini eşitmir, nazirliyi eşitmir, deputatları eşitmir, hətta Prezidentin tənqidindən belə nəticə çıxarmır. Bu baha qiymətlərlə, ölkəyə gələn turistlərin də istiamətini dəyişməsinə məhz AZAL səbəb olur.

2020-ci ilin avqust ayında dövlət başçısı müşavirədə çıxışı zamanı bildirdi ki, AZAL şirkətinin bütün təyyarələri dövlət tərəfindən alınıb.

"Bütün aeroportlar dövlət tərəfindən tikilib. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?"- deyə Prezident İlham Əliyev bildirmişdi.

Görünür, şirkət bu tənqiddən nəticəni öz bildiyi kimi çıxararaq, borcunu az müddətdə qaytarmaq üçün biletlərin qiymətlərini buludların üzərində tutur.

Xatırladaq ki, Terkiyə milli futbol komandası Bakıda oynayarkən AZAL-ın tükürpədici qiymətləri qardaş ölkənin sosial şəbəkə seqmentində də şok yaratmışdı. Türkiyədə minlərlə insan UEFA-dan onlayn qaydada oyuna bilet alsa da, sonradan inhisarçı AZAL-ın qiymətlərini görüb biletləri geri qaytarmışdılar.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »