Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...

Uzun müddətdir ki, Bakı şəhərində avtobusların çox hissəsi kartla işləyir. Lakin mərkəzdən bir az kənar yerlərdə hələ də dədə-baba üsulu ilə, yəni nəğd ödənişlə işləyən avtobuslar var.

Bu avtobuslardan biri də Bakı-Xırdalan üzrə hərəkət edən 119 nömrəli marşrut xətti idi. Bir neçə ay öncə nəhayət ki, bu xətti də kart sisteminə keçirdilər. Bu nəqliyyat xətti onsuz da əzəldən bəri problemlərlə dolu idi. Kart sisteminə keçdikdən sonra isə vətəndaşların problemi daha da artıb. Belə ki, nəqliyyatın hərəkət etdiyi istiqamətdə nə dayacanacaqlar var, nə də karta balans yükləmək üçün aparatlar. Marşrutun hərəkət istiqaməti üzrə 1-2 aparat var. Vətəndaş kartına balans yükləmək üçün mütləq yolunu uzadaraq, bir neçə km yol qət edərək həmin aparatlara getməlidir. Bu səbəbdən də işə, dərsə gecikən insanlar məcbur olub digər sərnişinlərdən xahişlə, minnətlə onu da keçirmələrini istəyirlər. Avtobusa minən zaman hamının üzündə bir utanc, çəkingənlik olur. Pulun var, amma kimlərinsə günahı, səhlənkarlığı ucbatından yalvarmalı olursan. Buna deyirlər “pulunla rəzil olmaq”.

Əgər bu nəqliyyat vasitəsindən istidafə zamanı kiminsə kartında balans varsa və bir nəfəri keçirdisə, onda vay o insanın halına. Minəndən düşənə kimi olur “konduktor”. İşi gələni-gedəni keçirmək olur. Düşəcəyi dayanacağa qədər artıq balansı da bitir.

Bu avtobusa minən zaman bilmirsən kartında balans olub hamını keçirmək, yoxsa kiməsə “məni də keçir” deyib yalvarmaq yolunu seçəsən.

Nəzərə alaq ki, bu nəqliyyat vasitəsindən yaşlılar, uşaqlı insanlar istifadə edir. Yayın bu istisində vətəndaşlar niyə “ağ baba”nın yoluna düşüb aparat axtarmalıdır?

Nəzərinizə çatdırım ki, bu problemlə üzləşən yalnız 119 nömrəli marşrut xəttinin sərnişinləri deyil. Şəhərin müxtəlif ərazilərində bu problemlə üzləşmək mümkündür. Şəhərin mərkəzi hissələrində belə quraşdırılmış aparatların bir çoxu işlək vəziyyətdə olmur.

Anlamaq olmur ki, əgər dayanacaqla, kart yükləmək üçün aparatla təmin edə bilməyəcəkdilərsə, nə ehtiyac var idi kart sisteminə keçməyin. Pulumuzu verib, ağa kimi minib-düşürdük. Nə ona-buna ağız açmalı olurduq, nə də əsəb keçirməli...

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »