Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şura üzvləri naziri görüb öz işini “aşırmaq” şansına görə sevinirlər...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Son günlər  müxtəlif şəxslərin İctimai Şuralarda təmsil olunması ilə bağlı sosial şəbəkələrdə xeyli məlumatlar yayılmaqdadır. Hamı seçilən şəxsi canı-dildən təbrik edir. Seçilənlərin özləri də bunu bayrammış kimi qeyd edirlər. Sanki məsuliyyətə deyil, padşahlığa seçilmiş kimi təsir buraxır kənardan.

Maaş vermirsə, heç bir faydası yoxdursa, bu şuralara seçilməyə insanlar nə üçün bu qədər can atırlar? Suallarımıza Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü ilə birlikdə cavab tapmağa çalışırıq.

Mübariz bəy, İctimai Şuralar nə üçün təşkil edilir, funksiyaları nələrdir?

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

- İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinə nəzarəti təşkil etmək üçündür. Nəzarət dedikdə hər şey başa düşülür. Yəni şura üzvlərinin əsas vəzifəsi qurumun, onun rəhbərliyinin, əməkdaşlarının fəaliyyətinin qanunauyğun olmasına, qərarların qəbulunda hansı meyarların əsas götürülməsinə, ayrılan vəsaitin hara və necə xərclənməsinə, vətəndaşların müraciətinin nəzərə alınmasına, nə qədər müddətdə cavablandırılmasına, bir sözlə, qurumun fəaliyyətinin nə dərəcədə şəffaf olmasına nəzarəti təşkil etməkdir. Bu fəaliyyət “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təşkil edilir və yaxud da edilməlidir. Bununla yanaşı, Prezident İlham Əliyev dəfələrlə ictimaiyyəti ona dəstək olmağa, ictimai nəzarəti təşkil etməyə çağırış edib. Demokratik, inkişaf etmiş, şəffaf cəmiyyət qurmağın əsas tələblərindən biri də mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, xüsusən onun rəhbərlərinin fəaliyyətinə ictimai nəzarətin təşkilidir. İlk dövrlər bəzi dövlət qurumları ictimai şuraların təşkilini ictimaiyyətdən gizli, qanunun tələbələrini pozmaqla keçirirdilər. Bəziləri bu işin mahiyyətini anlamırdı, bəziləri isə şuraları özündən tam asılı vəziyyətə salmaq, oradakıların özünün müəyyən etdiyi adamlar olması üçün belə edirdi. Sonra Prezidentin köməkçisi, Prezident Admnistrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev durumu tənqid etdi, onun dəyişməsinin vacibliyini qeyd etdi. Seçkilərdə, seçimlərdə dəyişikliklər hiss olunmaqdadır, amma görülən işlərdə...

 - Bu günə qədər onların yaradılmasının, gördükləri işin konkret faydası olubmu?

- İctimai şuralarda təmsil olunanların, müəyyən çalışmalar gerçəkləşdirənlərin fəaliyyətini kiçiltmək, onları həvəsdən salmaq fikrində deyiləm. Lakin ictimaiyyətə müraciət edirəm. Yuxarıda sadalanan tələblərə cavab verən ictimai şura tanıyırlarmı? Şəxsən mən bir neçə qazinin, şəhid ailəsinin, vətəndaşın mənə, rəhbərlik etdiyim QHT-yə etdiyi müraciəti aidiyyatı nazirliklərin, ictimai şura üzvlərinin diqqətinə çatdırmışam, onun həlli üçün qanunamüvafiq tədbir görülməsini xahiş və tələb etmişəm. Nəticə sıfırdır. Həmin şura üzvləri özləri etiraf edilər ki, heç bir müdaxilə edə bilmirlər, onların sözü eşidilmir, problemin qanuna uyğun olaraq həllinə dəstək ola bilmirlər. Cəmiyyətdə ən böyük narazılıqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, “Azərenerji”, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti kimi qurumlardandır. Burada olan ictimai şura üzvü dostlarımızdan ikiqat çalışmalar gözlənilir. Lakin bu gözləntilər özünü nə dərəcədə doğruldur? Çox mübahisəlidir. Bu şuraların rəhbərləri və üzvləri həmin qurumların birinci şəxslərinin qəbuluna düşə bilirmi? Deyək ki, şura üzvü Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə təcili və zəruri bir məqamda görüşüb ondan problemin qanuni həlli üçün addım atılmasını, qərar qəbul edilməsini tələb edə bilirmi? Qoy, bu suala cəmiyyət və şura üzvləri cavab versinlər. Bəlkə də ictimai şuraların səlahiyyətsiz olmasının, edilən haqlı tənqidlərə əhəmiyyət verilməməsinin nəticəsidir ki, cəmiyyətdə bəzi nazirliklərin, dövlət qurumlarının fəaliyyətindən çox böyük narazılıqlar var. Bu şuralar, onların üzvləri həmin narazılıqların həlli üçün kompleks olaraq çox iş görməlidir. Lakin təəssüf ki, biz bunu görə bilmirik.

 - Yəni seçilən şəxslərə maaş verilmirsə, insanlar niyə ora cəlb olunmaq üçün həvəslidirlər?

- Hər bir çalışma QHT-lər üçün müəyyən fəaliyyətlər deməkdir. İctimai şuraya üzvlük də fəaliyyətin bir növüdür. Əgər qanunun tələblərilə çalışılarsa, çox ciddi işdir və ciddi nəticələri də ola bilər. Ola bilər ki, bir sıra QHT təmsilçiləri vicdanlı şəkildə çalışmaq, cəmiyyətə fayda vermək üçün şura üzvlüyünə can atır. Lakin... Görünür, hansısa Şurada üzvlük müəyyən imtiyazların və üstünlüklərin əldə edilməsini asanlaşdırır. Yəni ayda, ildə bir dəfə həmin qurumun rəhbərini, onun müavinlərini, şöbə müdirlərini görmək, ondan hansısa bir şəxsi xahişi etmək özü də müəyyən maddi imkanlar yarada bilir. Bəzi şura üzvləri məhz bu amilə görə orada təmsilçiliyə xüsusi canfəşanlıqla yanaşırlar. Eyni zamanda ictimai şurada təmsilçilik ola bilər ki, bəzilərinin tərcümeyi-halı üçün önəm daşıyır. Bəzi dövlət qurumları isə ictimai şura üzvlərini tam olaraq neytrallaşdırmaq üçün onlara müəyyən maddi imkanlar yaradırlar. Ola bilər, bu kimi məqamlar şuralarda təmsilçilik üçün marağı daha da artırıb. İstənilən halda bu sahədə aktivlikləri müsbət qiymətləndirmək lazımdır. Proses yenidir. Gələcəkdə ümid edirəm ki, bu sahədə fəaliyyətlər daha da ciddiləşəcək və şəffaf, demokratik cəmiyyət qurmaqda şuraların çəkisi artacaq.

İlhamə Rəsulova

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »