Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahilboyu istirahət mərkəzləri mövsümə hazırdırmı... - Fotolar
Sahilboyu istirahət mərkəzləri mövsümə hazırdırmı... - Fotolar

Ötən il pandemiya ilə bağlı istirahət mərkəzlərinin, çimərliklərdə fəaliyyət göstərən kafe və restoranların fəaliyyəti məhdudiyyət altında idi. Əvvəlcə ümumiyyətlə, işləməsinə qadağa qoyulsa da, sonradan saat məhdudiyyətləri və onlayn sifariş kimi qaydalar qüvvəyə mindi. Sahibkarların təbirincə desək, onlar ötən il demək olar ki, işləmədilər. Bu il isə iyunun 10-dan çimərliklərin fəaliyyətinə icazə verilib. Yəni artıq sahilkənarı istirahət mərkəzlərinin də fəaliyyəti azaddır. Bəs bu il qiymətlər necə olacaq? Sahibkarlar ötən il düşdükləri zərərləri bu il qarşılamağı necə düşünürlər?

Bizimyol.info saytının əməkdaşı sahilboyu fəaliyyət göstərən bir neçə istirahət obyektində olub, sahibkarlar və icarədarlarla söhbətləşib. Novxanı-Corat ərazisində fəaliyyət göstərən istirahət mərkəzlərindən birinin sahibkarı bildirib ki, ötən il qoyulan qadağalar biznesə böyük zərər vurub:

“Bir tərəfdən tez-tez açılıb-bağlanmalar, digər tərəfdən küləklər bizi ötən il heç işləməyə qoymadı. Beş gün fəaliyyətə icazə verdilərsə, bu da küləklərə görə alınmadı. Bəli, zərərdəyik. Bu il bu zərəri qarşılayacağımızı düşünmürəm. Çünki pandemiya bir çox sahələri vurub. Vətəndaşlarda da pul yoxdur. Məsələn pandemiyadan öncə kababın şişi 5 manat idisə, indi də elə olmalıdır ki, bəlkə vətəndaş gəlsin”.

çimərlik

Sahibkar hesab edir ki, iyun ayı küləklə başladığı üçün istirahət mərkəzinə gələnlər çox deyil. Ancaq sərhədlərin bağlı olması səbəbi ilə bu ilin nisbətən qazanclı olacağına ümid var:

“Hazırlıq işlərimizi başa çatıb. Artıq yay mövsümü üçün fəaliyyətə başlamışıq. Görək də”.

Bilgəh ərazisində fəaliyyət göstərən restoranlardan birinin adminstratoru isə bildirir ki, restoranlarn fəaliyyətinə bir müddət əvvəl icazə verildiyi üçün obyekt işlək vəziyyətdədir. Yəni heç bir hazırlığa ehtiyac yoxdur:

“Çimərlik mövsümüdür. Biz vətəndaşlara “bisetka”ları icarə veririk. İstəyənlər götürür. Qiymətlər 10-15 manat arası dəyişir. Digər xidmətlərimiz də var. Ancaq qida və çayı mütləq bizim restoranımızdan almalısınız kimi şərtimiz yoxdur. Bizim restoran və çimərlik ərazisi büdcəsindən asılı olmayaraq hər kəs üçündür. Bu səbəbdən də zərərimiz çox olmur”.

Ötən ilə gəldikdə isə, adminstrator qeyd edib ki, bütün restoran və istirahət mərkəzlərində olduğu kimi onlarda da zərər olub.

Xatırladaq ki, ötən il koronavirus pandemiyası ilə əlaqədar ölkədə fəaliyyət göstərən kafe, restoran və istirahət mərkəzlərinin fəaliyyətinə müəyyən istisnalar olmaqla qadağa qoyulmuşdu.

çimərlik

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »