Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
“Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”

Bakıda Ermənistanın iki vətəndaşının məhkəməsi keçirilir. Alyoşa Xosrovyan və Lüdvik Mkrtiçyan azərbaycanlı əsirlərə işgəncə verməkdə ittiham olunur. İşə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyilə baxılır.

Bizimyol.info xəbər verir ki, iyunun 23-də məhkəmə iclasında əvvəlcə zərərçəkmişlər ifadə verib.

1997-ci ildə əsir düşən Elşən İslamov Şuşa həbsxanasında kəmərlə necə döyüldüyünü xatırlayıb. Ermənilər sonra onu qarın üstünə tullayıb.

“Üstümə benzin tökdülər. Məni yandırmağa hazırlaşırdılar. Xəbər gəldi ki, məni aparırlar, yandırmasınlar. Buna görə hirsləndilər. Məni maşının yük yerinə mindirdilər, qabağıma da yemək qoydular, yemək istəyəndə isə döyürdülər. Yenə Şuşa türməsinə gətirdilər. Şuşa türməsində azərbaycanlı əsirlər çox idi. Birinin gözünü çıxarmışdılar. Təsəvvür edin, betonun üstünə su tökürdülər, biz də orada yatırdıq. Beynəlxalq Qırmızı Xaç Komitəsindən nümayəndə gəlmişdi, bizim vəziyyətimizi gördü. O, tapşırıq verəndən sonra bizə yatmağa yorğan-döşək verdilər. Gedən kimi də yorğan-döşəyi aldılar”.

Elşən İslamov işgəncələrə görə o vaxt həyatından bezdiyini, ölmək istədiyini bildirib. Onu Şuşa həbsxanasından dağa aparanda çox sevinib. İnanıb ki, aparıb güllələyəcəklər.

“Dedilər ki, “arxaya dön”. Çevrilib gördüm ki, bizim postumuzdu. Ora tərəf güllə atdılar ki, bizimkilər də atsın, mənə dəysin. Amma bizimkilər məni vurmadı”.

Elşən İslamov ağzındakı bütün qızıl dişlərin kəlbətinlə çəkildiyini deyib. Mkrtiçyanla söhbətini xatırlayıb. Ona ad-soyadını dəyişərək Ermənistanda yaşamaq təklif olunub, Elşən razılaşmadığından yenə işgəncə görüb.

İfadə verən zərərçəkmiş Elman Hacıyev 1993-cü ilin sentyabrın 26-da döyüş yoldaşlarıyla mühasirəyə düşüb, sonra əsir götürülüb.

“O qədər döydülər ki, huşumu itirdim. Ayılanda əllərim bağlıydı, boynuma zəncir keçirmişdilər. Öyrəndim ki, Ağdərə ərazisindəyik. İki gün yeməyə təkcə kələm turşusu verdilər. Heç boynumdakı zənciri də açmadılar”.

Elman Hacıyev də Şuşa həbsxanasına aparılıb. Sonra onu Xocavəndə tikintidə işləmək üçün göndəriblər.

“Mkrtiçyanı da orada tanımışam. Ferma vardı, gecə heyvanlar üçün yem gəlirdi, biz də boşaldırdıq. Mkrtiçyan bir neçə nəfərlə sərxoş vəziyyətdə, əllərində avtomat gəlib bizi döyürdü. Məni döyəndə burnum sınmışdı. Gözlərim həm döyülməkdən, həm də palçıqdan tutulmuşdu. Sonra məni yenə Şuşa türməsinə apardılar”.

Elman Hacıyevi Qarabağdakı qondarma rejimin keçmiş müdafiə naziri Samvel Babayanın qardaşının evində fəhlə kimi işlədiblər.

“Füzuli və Ağdamda evləri söküb gətirirdilər, biz də daşıyırdıq, ustalar ferma tikirdilər. O rayonlardakı evləri, tikililəri söküb gətirənlər də azərbaycanlı əsirlər olub. Xocavənddə iki donuz ferması, bir toyuq ferması və taxıl anbarı tikirdik. Hamısı Babayanın qardaşının idi”.

Elman Hacıyev Mkrtiçyanın onu avtomatla necə döyməsini xatırlayıb.

“Gün ərzində 6 nəfərə cəmi bir çörək verirdilər. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri gələndə qorxudan gerçək vəziyyəti izah etmirdik, şikayətlənmirdik. Çünki onlar gedəndən sonra bizə işgəncə verə bilərdilər”.

Azərbaycanlı əsirlər Samvel Babayan üçün dördmərtəbəli villa inşasında işlədilirmiş. Tikintidə azərbaycanlıların mərmər qəbir daşlarından da istifadə olunub.

“Bir hissəsini aparıb öz qəbiristanlıqlarında abidə düzəldirdilər. Qırmızı mərmərləri isə Samvel Babayanın villasında pilləkən düzəltmək üçün istifadə edirdilər”.

1994-cü ildə Murovdağda əsir düşmüş Yaşar Abduləliyevə də çox işgəncə verilib. Onun sözlərinə görə, Eyvaz və Seymur adlı həmvətənləriylə birlikdə əsir düşüb.

“Sonra bizi ayırdılar. Dedilər ki, Seymuru dindirəndə, işgəncə verəndə müqavimət göstərib, ermənilər onun üstünə benzin töküb yandırıblar. Yanmış meyitini mənə göstərdilər. Bizi ayağımızdan və başımızdan zəncirləmişdilər. Uzun müddət məni Beynəlxalq Qırmızı Xaç Komitəsindən gizlətdilər ki, belə bir əsir yoxdu. Üç aydan sonra məni Şuşa həbsxanasına apardılar. İşgəncələrdən ölümcül vəziyyətdə idim”.

Yaşar Abduləliyev əsirlikdə Mkrtiçyanın Xocalı faciəsində fəallıq göstərdiyini öyrənib. Azərbaycanlı əsirlərə də məmnuniyyətlə işgəncə verirmiş.

Zərərçəkmiş Kamil Babayev 1994-cü ilin fevralında çovğunda azaraq əsir düşüb. Onun əvvəlcə dişlərini sındırıblar. Yalnız üç ay sonra soyuq su ilə yuyunmağa imkan veriblər.

“Mkrtiçyanı da, Xosrovyanı da Şuşa türməsində tanımışam. Məni hər ikisi döyüb – təpiklə, yumruqla, armaturla...”

Zərərçəkmiş Cahid Həsənov Xosrovyanın işgəncələrini xatırlayıb. Onun dediyinə görə, bu şəxs Pənah İsgəndərov adlı azərbaycanlını çarpayıya bağlayaraq döyürmüş.

“Apreldə məni Şuşa türməsinə apardılar. Orada Pənaha həm Mkrtiçyan, həm də Xosrovyan işgəncə verirdilər. Mkrtiçyanın boks əlcəkləri var idi, yeyib-içib bizim üstümüzdə məşq edirdi”.

Bundan sonra təqsirləndirilən şəxslərdən Alyoşa Xosrovyan dindirilib. O, Qarabağda cəmi iki dəfə olduğunu deyib. Əvvəlcə 1996-cı ildə ora getdiyini bildirib.

“İkinci dəfə 2020-ci ilin oktyabrında getdim. Taksi sürücüsüyəm. Mənim zabit qonşum var, baş leytenantdır, Qafan briqadasında xidmət edirdi. O, Cəbrayıldandır. Məndən xahiş etmişdi ki, maşınını götürüb ona gətirim. Demişdi, buna görə mənə pul da verəcək. Oktyabrın 3-də onun maşınını götürüb apardım. Yalnız yolda bildim ki, maşında yeşikdə silah və yeməklər var. Qubadlıya çatanda onunla telefonla danışdım. Mənə dedi ki, hansı tərəfə gəlim. Bilirdim ki, Qarabağ ermənilərin işğalındadır. Qarabağın Azərbaycan torpağı olduğunu da bilirdim. Amma daha bilmirdim ki, niyə ora erməni ordusu nəzarət edir. Çünki bu, Ermənistan rəhbərliyinin siyasəti idi”.

Xosrovyan Mkrtiçyanı Azərbaycanda tanıdığını deyib. Onun sözlərinə görə, azərbaycanca bir neçə söz də bilir.

“Rusiyada işləyəndə azərbaycanlılarla bir yerdə olmuşam, onlardan öyrənmişəm. Amma tam sərbəst danışa bilmirəm. Qafanda azərbaycanlı qonşularım olub – Arif, Ağayar. Onlar Azərbaycana köçdü, indi də Bakıda yaşayırlar. Qafanda münasibətimiz normal olub. 1988-ci ildə azərbaycanlı qonşularımız deportasiya ediləndə qonşuda erməni qadın onların əşyalarının küçəyə atdı. Biz isə ona mane olduq. Bizim Zəngilanda azərbaycanlı kirvəmiz olub, onların toylarında iştirak etmişik...”

Dindirmə iyunun 30-da növbəti məhkəmə iclasında davam edəcək.

Son xəbərlər
Bütün xəbərlər »