Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..

Bu gün gündəm mövzusuna çevrilən bir məsələ barədə danışaq. Deməli, Bakı şəhər sakini Azər Kərimov 10 gün bundan öncə etibarnamə almaq üçün Nəsimi rayonu 54 saylı notariat kontoruna üz tutub. Lakin içəri daxil olmaq istəyən zaman onu buraxmayıblar. Notariusun köməkçisi Azər Kərimova yaxınlaşaraq, deyib ki, içəri buraxmamasının səbəbi onun “şortik” geyinməsidir.

Bu cür hadisələrlə qarşılaşmağımız ilk dəfə deyil. Adətən, dövlət orqanalarında, müəssisələrində insanların geyimləri ilə bağlı bənzər problemlər yaşanır. Məsələn, “vyetnamka” geyindiyi üçün imtahana buraxılmayan uşaqlar, hicablı olduğuna görə məktəbə buraxılmayan şagirdlər, şəxsiyyət vəsiqəsi üçün şəkil çəkdirə bilməyən xanımlar və s. Halbuki öncəlik geyim olmamalıdır.

Bir neçə ay bundan əvvəl bənzər hadisə mənim də başıma gəlib. Rezervasia etmək üçün Bakıda yerləşən Türk restoranlarının biri ilə əlaqə saxladım və dəstəyi götürən xanım bildirdi ki, gələn xanım və bəylərin sayı eyni olmalı, üstəlik, məkana gələn zaman geyimimizə diqqət etməliyik. Əvvəlcə qaydaları eşidib çox təəccübləndim. Sonra isə düşündüm ki, ailəvi gələn insanların sayını artırmaq, məkana gələn insanların istirahətini pozmamaq üçün belə qərarlar qoyublar. Məkana ünvanlandığımız zaman isə tamamilə başqa mənzərə ilə qarşılaşdıq. Xanımların ətəkləri qısa, sinə dekolteləri isə açıqlıq yarışına girmişdi sanki. Anlaya bilmədim ki, bəs əlaqə saxladığımız zaman xanım “gəldiyiniz zaman xanımlar geyiminə diqqət etsin” deməklə nəyi nəzərdə tuturdu? Yəni biz də ətəyimizin qısalığını nümayiş etdirməli idik? Əməl edə bilməyəcəyiniz qaydaları niyə qoyursunuz axı? Kim sizi buna məcbur edir? Onsuz da hər kəs öz həyat şəraitinə, əxlaqına uyğun geyinib gələcək.

Hamımız çox yaxşı bilirik ki, Azərbaycanda otellərə, istirahət mərkəzlərinə giriş nikah şəhadətnaməsi ilə mümkündür. Bu qayda da həmçinin sözdə var, amma əməl edən azdır.

Bakıda “Azərsun istirahət mərkəzi” adlı bir açıq ərazi var və əsasən, piknik etmək üçün nəzərdə tutulub. Buraya daxil olmaq üçün də mütləq nikah şəhadətnaməsi tələb edilir. Görəsən, niyə? Nikahı olmayan insanların piknik etmək haqqı yoxdurmu? Yaxşı, deyək ki, otellərin əxlaqsızlıq yuvası olmaması üçün bu qaydanı tətbiq ediblər. Bəs açıq hava, piknik ərazisi olan bir məkan üçün bu qadağa nəyə lazımdır?

Bu qaydalara baxdıqda yalnız o nəticəyə gəlmək olur ki, qaydalar onları pozmaq üçündür.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »