Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vitse-spikerin müsahibəsi Ramiz Mehdiyevi bitirə bilər
Vitse-spikerin müsahibəsi Ramiz Mehdiyevi bitirə bilər

Parlamentin vitse-spikeri Adil Əliyev Prezident Administrasiyanın (PA) keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevə qarşı kəskin müsahibə verib və onu istefaya çağırıb. Müsahibəsində deputat çox ciddi ittihamlar, iddialar səsləndirib.

Sitat: “AMEA-nın indiki vəziyyəti ürəkağrıdıcıdır. Yusif Məmmədəliyev kimi işıqlı akademikin yerində hazırda akademiyanı ailə şirkətinin bazasına, qohum-əqrəba, dost-aşna klubuna çevirən Ramiz Mehdiyev əyləşib. Səhv etmirəmsə, sizin saytdan oxudum, adını akademik qoyan bu adam həmin vəzifəyə təyin olunandan bəri 1 il 7 ay ərzində bir dəfə də olsun akademik tədbir keçirməyib. Bu müddət ərzində gördüyü iş savadlı akademikləri vəzifələrindən uzaqlaşdırıb yerlərinə elmlə əlaqəsi olmayan insanları gətirmək olub. Onun irəli çəkdiyi kadrların, demək olar ki, hamısının keçmişi isə qaranlıqdır. Bir çoxları məhz bu qara əməlləri nəticəsində işdən uzaqlaşdırılıblar. AMEA məhz bu adamın 1 il 7 aylıq xidməti sayəsində əsl akademiklərdən ”təmizlənib". Özü də tam qanunsuz şəkildə. Onlardan biri (yəqin ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyevi nəzərdə tutur - Ovqat.com) bu yaxınlarda qanunsuz işdən çıxarılması ilə əlaqədar məhkəməyə müraciət etmiş və məhkəmə hökmü ilə işə bərpa olunmuşdu. Kim Ramiz Mehdiyevin yerinə olsa, məhkəmənin bu qərarından sonra bir gün də o postda oturmaz, dərhal istefa verib nəvələri, nəticələri ilə vaxt keçirməyə gedərdi. Bu adam isə dəfələrlə ifşa olunmasına baxmayaraq, öz postundan dörd əlli yapışır və AMEA kimi elm mərkəzini şəxsi qara biznesinin ofisinə çevirir".

A.Əliyevin bu müsahibəsi rezonans doğurub və müsahibə ətrafında çox ciddi iddialar meydana çıxıb. Xüsusilə R.Mehdiyevin rus agenti kimi “Beşinci kolon”un nümayəndəsi olması bir daha gündəmə gəlib.

AĞ Partiya başqanı Tural Abbaslı bildirdi ki, bu müsahibədə deyilənlər uzun müddətdir onların dediklərinin tərkib hissəsidir: “Biz deyirdik ki, hakimiyyətdaxili qruplaşmalar var, onlar bir-birinə qarşı mübarizə aparır. Hakimiyyət inkar edirdi ki, biz monolitik. Bunu deyənlərə sual verirəm ki, monolit olan hakimiyyətdə parlamentin vitse-spikeri AMEA prezidentini belə ittiham edə bilər? Hər ikisi eyni siyasi xətti dəstəkləyirlər. İstənilən iqtidarda, müxalifətdə daxildə belə qruplaşmalar olur. Əslində Adil Əliyevin bu müsahibəsi işin yarımçıq qaldığının etirafıdır. Ramiz Mehdiyev və onun ətrafının, mafiyasının, bandasının hələ tam neytrallaşdırılmadığının etirafıdır. Adam akademiyanı kölgə biznesinin mərkəzinə çevirib.

Bu müsahibə başladılan bir prosesin siqnalı ola bilər. Normal ölkələrdə belə olur. Parlamentin 2-ci və ya 3-cü adamlarının müsahibələrini təsadüfi, emosional saymaq olmaz. Düşünürəm ki, bunun ardınca atılmalı olan addımlar var. Ramiz Mehdiyev və onun biznesi ətrafında araşdırmalar başladılmalıdır. Milyardlarla puldan söhbət gedir. Xeyir ola bunun oğlu və kürəkəni hələ də Poladtökmə Zavodunun sahibidir? Məmur kontingenti arasında bunların hələ də kadrları kifayət qədər çox qalmaqdadır. Bunlar Türkiyə-Azərbaycan münasibətlərini belə sabotaj etməyə çalışırlar. Bütün sahələrə əlləri çatır”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı R.Mehdiyevə bu gün deyilənləri zamanında söylədiyini qeyd etdi: “Hər kəs bilir ki, heç kəsin danışmadığı bir vaxtda, 2001-ci ildə Ramiz Mehdiyevin komandasına etdiyi xəyanətlərlə bağlı fikirlərimi söyləmişdim. Bundan sonrakı zaman kəsiyində də fikirlərimi bildirdim və sonra dayandım. Mən bir dəfə dediyim fikirləri 2-3 dəfə təkrarlayan insanlardan deyiləm. Adil Əliyevin fikirlərinə millət vəkili olaraq, hörmətlə yanaşıram. Bu onun şəxsi fikirləridir. Kifayət qədər əsaslı, arqumentli fikirlərdir. Bundan Ramiz Mehdiyev nəticələr çıxarmalıdır. Başqa söz, açığı, demək istəməzdim”.

Deputat R.Mehdiyev vəzifə başında qaldığı sürəcdə Azərbaycanda “Beşinci kolon” söhbətlərinin səngiməyəcəyi barədə səslənən fikirlərə də toxundu: “Bununla bağlı mənim çox ciddi bir yazım gedib. Kifayət qədər rezonans doğurmuşdu. Sizin qəzetdə də dərc olunmuşdu. Orada Ramiz Mehdiyevin ”Beşinci kolon"un başında durduğunu söyləmişdim. Həqiqətən də bu belədir. İndi hansı şəkildə, hansı formada bu imkanlardan istifadə edir, açığı, bu barədə nəsə deyə bilmərəm. Dostum olaraq çalışırsınız ki, onunla bağlı zamanında dediklərimi bir daha təkrarlayım, açığı, demək istəmirəm. Dediklərimi zamanında demişəm. Artıq nəsə deməyə bir ehtiyac görmürəm. Çünki deyəndə sözün dəyəri düşür".

ADP sədri Sərdar Cəlaloğlunun da mövqeyi sərtdir: “Əvvəla, akademiyanın rəhbərliyi ilə bağlı onu deyim ki, Eldar Salayevdən sonra Azərbaycan Milli Elmlər Akademiyasına çox yararsız insanlar rəhbərliyə gətirilib. Bununla faktiki olaraq, Azərbaycan elminin beli sındırılıb. Bununla elmimiz süquta uğradı. Ramiz Mehdiyevlə ondan qabaqkı prezidentlərin arasında heç bir fərq yoxdur, istər yaş, istər səviyyə, istərsə də aktivlik baxımından. Ramiz Mehdiyevin siyasi cəhətdən fəaliyyətinə qiymət verilməli və onun haqqında ölçü götürülməlidir. Azərbaycanın Amerika ilə münasibətlərinin korlanması, Rusiyanın uzun illər ölkəmizdə kök salması, Qarabağ münaqişəsinin uzun zaman həll edilməməsi Ramiz Mehdiyevin fəaliyyətinin nəticəsidir. Uzun zaman o, Kremlin burada siyasi rəhbəri olub. Onunla həmfikir olan hər kəs Azərbaycan dövlətçiliyindən uzaqlaşdırılmalıdır. Uzun müddət belə adamların hakimiyyətdə təmsil olunmalarının qarşısı alınmalıdır. Bununla bağlı ölkədə ciddi bir siyasi qərar verilməlidir. İqtidarda olan ruspərəstlər, o cümlədən Milli Məclisdəkilər birmənalı şəkildə istefaya getməlidir. Bu təmizlənməyə böyük ehtiyacımız var. Nə qədər ki, bu təmizlənmə baş verməyib, Azərbaycanda təhlükəsizlikdən, normal sivil cəmiyyətdən danışmaq mümkün deyil”.

Sonda AMEA-nın rəsmi mövqeyini öyrənməyə çalışdıq. Qurumun ictimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin rəhbəri Ağahüseyn Şükürov zənglərimizi açmadı.(yenimüsavat)

Son xəbərlər
Bütün xəbərlər »