Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...

Neft qiymətləri 70 dolların üzərinə qalxdı. Bu təbii ki, neftdən asılı ölkə olaraq sosial rifahımıza təsir etməlidir. Lakin artan neft qiymətlri fonunda bazarda bütün məhsulların qiymətlərində artım müşahidə olunsa da , bu, maaşlarda özünü göstərmir.

Dünən Milli Məclisin növbədənkənar plenar iclasında çıxış edən deputat Tahir Kərimli neft qiymətlərinin artması fonunda büdcəyə yenidən baxılmasını təklif etdi. Müharibədən sonra əlilliyə görə təyin edilən pensiyaların kütləvi şəkildə kəsilməsi, pandemiyada işsizlik dönəmi fonunda büdcəyə neftdən gələn gəlirlərin daha çox axması sevindirici haldır. Amma kaş ki, bu artımdan bütün xalq faydalana bilə. Deputatın təklifi demək olar ki, havada qaldı, kimsə buna hansısa reaksiya vermədi.

İyul ayının birindən toyların keçirilməsinə müəyyən qadağalar çərçivəsində icazə veriləcək. Toy sahibinin bütün qonaqları qadağalar çərçivəsinə salması mümkün olmayacağına görə cərimələr qaçılmazdır. əslində sanki bu icazələr elə cərimələrin yazılmasına hesablanıb. Bununla belə, 2 ildir gözləyən ailələr şadlıq saraylarını kirayələmək uğrunda mübarizəyə başlayıblar və demək olar ki, öncədən rezerv edildiyinə görə boş restoran tapmaq müşkülə çevrilib. Şadlıq evi və restoranlarda qiymətlər həmişəkindən yüksəkdir. Keçirdiyimiz sorğular belə deməyə əsas verir. Yəni toylar başlasın, iqtisadiyyatımız dirilsin deyəndə itirilmiş zamanın heyfini AZAL kimi “bilet” qiymətlərindən çıxın deməmişdik. Bahalıqdan qorxub toyu adi restoranlarda keçirmək istyənlər də olacaq. Bu daha ağlabatan versiyadır.

Toylara icazə verilməsi ilə bağlı qərarın şərtlərini hazırlayanlar isə hələ toy başlamadan içib sərxoş olanlardır sanki. İllah ki, "cərimə olunmaq üçün ən optimal əl yerini necə qoya bilərik?" və ya “toyda hər nəfərə bir polis” tezisi ilə hərəkət ediblər. Bu deyilən qanunlara əməl edilməsi üçün hər adamın başının üstünü bir polis kəsdirməlidi.

Toylarla bağlı qərarın işləməsi mümkünsüz görünür. 50 nəfərə qədər insanın iştirak edəcəyi məclisdə hamı maska taxmalıdır, ancaq yemək yeyəndə maskanı çıxartmaq olar.

Restorandır, 50 nəfər bir məclisdə maska taxır, mən ailəmlə ayrı masada oturub yemək yeyirik, və biz maska taxmırıq. Çünki əvvəlki qərarla restoranlarda maska taxmaq ləğv edilmişdi. Elə vəziyyətdə polis yoxlaması olarsa, necə sübut etməliyık ki, 2 metr aralı masada oturan 40-50 nəfərə aidiyyatımız yoxdur? Toy yox e, gizlənpaç oyunu olacaq.

Qaydaları xalqa çatdıranda bunu klounların əliylə etmək ciddiyyəti pozar. Öncə kondisionerlər işləməyəcək dedilər, sonra bildirildi ki, yox yanlışlıqla yazılıb. Operativ Qərargah anlamalıdır ki, onun yanlışlıq dediyi şey kimlərəsə cərimə şəklində tətbiq olunur və tülkü tülkülüyünü sübut edənə qədər dərisini soyurlar.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »