Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətən müharibəsində xeyriyyəçilik etmiş iş adamı həbs edildi
Vətən müharibəsində xeyriyyəçilik etmiş iş adamı həbs edildi

Bu gün xeyriyyəçi, müharibə zamanı oruduya yardım edən Tural Zeynalov Şəmkir polisi tərəfindən həbs edilib.

Bu barədə Bizimyol.info-ya Tural Zeynalovun atası Allahverdi Zeynalov məlumat verib.

Tural Zeynalov, iş adamı Tural Zeynalov

Onun sözlərinə görə, hadisə iyunun 22-də saat 17 radələrində Allahverdi Zeynalova məxsus “Qala” ailəvi istirahət mərkəzində baş verib.

“Cinayət axtarış bölməsinin rəisi, mayor Vuqar Qarayev və onunla birlikdə 7-8 nəfər bizə məxsus obyektə gələrək, məkanda toy edildiyini dedi. Mən də bildirdim ki, burada toy yoxdur. Müxtəlif insanlar var ki, yay “besetka”larında oturub istirahət edirlər"

Allahverdi Zeynalovun dediyinə görə, mayor Qarayev onu təhqir edib, oğlu Tural Zeynalov da buna görə bölmə rəisinə "iradını bildirib".

Allahverdi Zeynalov deyir ki, bölmə rəisi Tural Zeynalova zor tətbiq edib.

Bundan sonra istirahət mərkəzində olanlar da mübahisəyə qarışıb.

Allahverdi Zeynalov deyir ki, hadisə zamanı Vüqar Qarayev onun özünə başından və böyründən vurub: “Məni vurduqdan sonra mən yerə yıxıldım. Hazırda xəstəxanada reanimasiyadayam. Əlimdə ekspert rəyi var. Vüqar Qarayevin məni vurduğu nahiyədə ağciyərimə ləkə düşüb. Başımdan da zədə almışam. Biz polisləri çölə çıxarıb, darvazanı bağladıq. Polislər qapını qırıb içəri daxil oldular. Vüqar Qareyvin əlində bibər qazı var idi. O həmin qazdan Turala və başqalarına qarşı istifadə etdi. Daha sonra oğlum üçün dedi ki, “bu donuzu aparın salın içəri”. Bundan əvvəl də V. Qarayev bizim obyektə gələn müştəriləri incidib. Eşidiblər ki, ayın 1-dən toylara icazə verilib, ona görə belə bir addım atıblar.

Allahverdi Zeynalovun sözlərinə görə, Turalı polis idarəsinin rəisi buraxmaq istəsə də, V. Qarayev sonradan onu otağına çəkərək vurub. Buna şahid olan polis əməkdaşları da var. Tural da Vüqar Qarayevi vurub.

Allahverdi Zeynalov qeyd edib ki, hazırda Tural Zeynalov haqqında cinayət işi açılacağı deyilir.

“Artıq Gəncə regionaldan insan hüquqları əməkdaşları Turalın yanında olublar. Mən də bütün qurumlara, ölkə başçısına, Birinci vitse-prezidentə, Prokurorluğa müraciət etmişəm. Hazırda vəziyyətim yaxşı deyil. Gözlərim qaralır".

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov Bizimyol.info saytına hadisə ilə bağlı açıqlama verib: "Sosial şəbəkələrdə Şəmkir rayon sakini Tural Zeynalovun qanunsuz olaraq saxlanılması, ona və digərlərinə qarşı zor tətbiq olunması barədə dərc olunan iddialar əsassızdır və böhtan xarakterlidir.

Məlumat üçün qeyd edim ki, iyun ayının 21-də Şəmkir rayin Polis Şöbəsinə rayon ərazisində fəaliyyət göstərən Qoşa Qala restoranında karantin qaydalarına zidd olaraq toy mərasimi keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları adıçəkilən restorana gəldikdə, restoran sahibi obyektin qapılarını bağlayaraq polis əməkdaşlarının qanuni fəaliyyətinə mane olmuş, daha sonra içəri daxil olan polis əməkdaşlarının qanuni tələblərinə mane olmuş, onlara zor tətbiq edərək xuliqanlıq hərəkərləri etmişdir. RPŞ əməkdaşları qanunla müəyyən edilmiş qaydada T. Zeynalovu saxlayaraq RPŞ-yə gətirmiş, lakin sonuncu polis şöbəsində nalayiq söyüşlər söyərək və və zor tərbiq edərək xuliqanlıq hərəkətlərini davam etdirmişdir. Polis əməkdaşları tərəfindən zərərsizləşdirilən Tural Zeynalov barəsində Cinayə Məcəlləsinin 221.2.1-ci ( Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edim ki, daha öncədə də T. Zeynalovun obyektində bundan əvvəl də 7 dəfə karantin rejiminin pozulması aşkar edilərək barəsində inzibati tədbir görülmüşdür. Bundan başqa o,polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq komendant rejimini və karantin qaydalarını pozduğuna görə, barəsində İnzibati Xətalar məcəlləsinin 510 (Xırda xuliqanlıq), 517 (Fövqəladə vəziyyət rejiminin tələblərinin pozulması ), 535-ci ( Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinərək protokol tərtib edilərək rayon məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərarı ilə T. Zeynalov 15 sutka inzibati həbs olunmuşdur".

Xatırladaq ki, Tural Zeynalov son parlament seçkilərində 99 saylı Şəmkir seçki dairəsindən deputatlığa namizəd olub.

Son xəbərlər
Bütün xəbərlər »