Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası

Pandemiya bütün dünya əhalisinin ömründən düz bir il oğurladı. 2020-ci il necə gəldi, keçdi heç xəbərimiz də olmadı. Bu il ərzində ağlımıza gəlməyən, yuxuda belə görə bilməyəcəyimiz hadisələri yaşadıq. Məktəblər, iş yerləri bağlandı, ölkələr arası uçuşlar dayandırıldı, sərt karantin rejimi, komendant saatı təyin edildi, müharibə baş tutdu və s. Bütün bu yaşadıqlarımız uşaqlı, böyüklü hamımızın psixologiyasında dərin bir iz buraxdı. Psixoloqlar bildirirlər ki, üstümüzdən bu ağır ab-havanı, olub keçənlərin stresini atmaq üçün dincəlməyə, istirahətə ehtiyacımız var.

Artıq yay fəslinin ilk ayını yaşayırıq. Adətən, yay aylarında insanlar istirahət haqda daha çox düşünürlər. Vətəndaşların istirahət etməsi üçün iki seçim yolu var. Ya ölkədaxili regionlara, ya da xarici ölkələrə səyahət etmək. Hazırda məlum səbəblərdən bir çox ölkələrə səfər zamanı peyvəndlənmə pasportu, bəzilərində isə test tələb olunur. Əhalinin xeyli hissəsi peyvəndlənsə də, hələ də peyvənd olunmayanlar var və bu onların xaricə səyahət planını çətinləşdirir. Üstəlik, əhalinin sosial imkanları da xaricdə istirahəti əlçatmaz edir. Bu səbəblə də ölkədaxili səyahətə üstünlük verənlərin sayı daha çoxdur.

Yurdumuzun gəzməli, görməli, səyahət etməli yerləri çoxdur. Lakin nədənsə, qiymətlər çox yüksəkdir. Məsələn, Şəki şəhərində yerləşən “Marxal Resort & SPA”-nın qiymətləri ilə maraqlandıq və bildirdilər ki, 2 nəfərin 1 gecəlik istirahəti üçün qiymətlər 150-170 manat arası dəyişir. Bu qiymətə isə oteldə gecələmək və yalnız səhər yeməyi daxildir.

Nabranda yerləşən “River inn Resort”-da isə 2 nəfərin gecələməsi, səhər yeməyi daxil 159 manatdır. Əgər gün ərzində iki dəfə qidalanmanı seçsəniz, qiymət 199 manat olacaq.

River inn Resort, Nabran River inn Resort, Nabran

Rayona gediş-gəliş, nahar, şam yeməyi və digər xidmətlər üçün nəzərdə tutulan xərcləri də nəzərə alsaq, Azərbaycanda regionlarda istirahət etməyin elə də ucuz olmadığının bir daha şahidi oluruq. Bir həftəlik istirahət etmək istəyən ailə üçün ölkədaxili istirahət haradasa xaricə sayahətlə eyni qiymətə başa gəlir.

Ekspertlər bu bahalığı Azərbaycanda turizm qiymətlərinin xarici turistlərə uyğun olaraq müəyyən edilməsi ilə əlaqələndirirlər. Təbii ki, bu, yerli vətəndaşlardan gələcək qazancların gözardı edilməsinə və iqtisadiyyatımıza da mənfi təsir göstərir. Bu prosedurun necə yürüdülməsiylə bağlı isə turizm sektorunda uğurlu olan ölkələrin, əsasən də qonşu dövlətlərin təcrübəsindən faydalanmaq olar.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »