Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...

15 iyun Şuşa Bəyannaməsinin imzalanması qonşu dövlətlərin bəziləri tərəfindən qıcıqla qarşılandı. Xüsusilə, tarix boyu qonşuları ilə yumruq və hədə dilində danışmağa alışmış Rusiya hələlik üzdə dillənməsə də, yəqin ki, güc balansını təmin edə bilmək üçün müəyyən tədbirlər alacaq.

Bu anlamda yaxın qonşumuz İran və yumşaq güclə artıq dünyanı istila eləməkdə olan müttəfiqi Çinin yardımından istifadə etmək ehtimalı var. İran region dövlətidir, Çindən gələn böyük ticarət yolunun Zəngəzur dəhlizindən keçəcəyi də dəfələrlə deyilib. Bəs Çin bölgəyə böyük rəqib kimi gələ bilərmi? Tarixən türklərlə çinlilər bir-birlərinə qarşı güc göstərişində olublar. Bu iki qədim mədəniyyətin güclərinin yeni “güləş meydanı” Qarabağ ola bilərmi? Sualımızı siyasi şərhçi Bəybala Mirzəyev cavablandırır:

Bəybala Mirzəyev Bəybala Mirzəyev

“Azərbaycan və Türkiyə prezidentləri arasındakı son danışıqlar və müttəfiqlik haqqında Bəyannamənin məhz Şuşada imzalanması birmənalı olaraq Azərbaycanın və Türkiyənin uğurudur. Amma bu sənədin imzalanmasını heç bir halda üçüncü dövlətlərə, xüsusən də yaxın qonşularımıza (Rusiya, İran və s.) qarşı yönəlmiş bir addım kimi dəyərləndirmək qətiyyən düzgün olmazdı.

Düzdür, Rusiyada bəzi dairələr və ayrı-ayrı fərdlər bunu məhz bu cür təqdim etməyə çalışırlar. Məsələn, Dmitri Peskovun və Mariya Zaxarovanın açıqlamalarının tonundan, vurğusundan bunu hiss etmək mümkündür. Belə ki, M.Zaxarova ötən həftə ənənəvi brifinqdə jurnalistlərin Şuşa Bəyannaməsi ilə bağlı suallarını cavablandırarkən açıq şəkildə qeyd etdi ki, bölgədə ikitərəfli münasibətlər, o cümlədən hərbi əməkdaşlıq əlaqələri digər ölkələrə qarşı yönəlməməlidir. Bu da onu göstərir ki, Rusiyada bəzi dairələr həqiqətən də sözügedən bəyannamənin imzalanmasından narahat olublar.

Elə Ermənistanın özündə də Şuşa Bəyannaməsi çox ciddi rezonansa səbəb oldu, təpki ilə qarşılandı. Ancaq biz bütün bu narahatlıqları, ajiotajı tamamilə yersiz və anlamsız hesab edirik. Çünki bir daha altını cızaraq qeyd edirəm ki, Azərbaycan və Türkiyənin bu son addımı nə regionda, nə də bütövlükdə dünyada hər hansı bir ölkəyə qarşı yönəlməyib. Hətta öz düşmən mövqeyindən, militarist davranışlarından hələ də əl çəkə bilməyən Ermənistan dövləti də bu günləri Şuşa Bəyannaməsinin məhz ona qarşı nəzərdə tutulduğunu iddia edə bilməz.

Odur ki, qonşuluqdakı bəzi ölkələrin bu bəyannaməni necə deyərlər, bu cür qılıncla, qalxanla qarşılamaları absurddur. Əgər Rusiyanın hər hansı bir narazılığı varsa, bu ölkə ilk növbədə özündən, öz səmərəsiz xarici siyasətindən narazı qalmalıdır. Çünki Rusiya uzun müddət Cənubi Qafqazda Ermənistanı açıq dəstəkləyən siyasət yürütmək mövqeyindən çıxış etməklə Azərbaycan kimi potensial müttəfiqə qarşı haqsızlıq etdiyinin fərqində olmalıydı. Bunu tanınmış rusiyalı jurnalist və siyasi şərhçi Maksim Şevçenko da bu günlərdə çıxışlarından birində qeyd etdi.

Lakin Rusiyada bu bəyannaməni kimin necə qarşılamasından asılı olmayaraq Şuşada imzalanan bu tarixi sənəd heç bir halda Rusiya əleyhinə imzalanmış sənəd kimi dəyərləndirilə bilməz. Biz ekspertlərin açıqlamalarına həlledici mövqe kimi yanaşmayaq. Rusiyada həlledici mövqe yalnız Kreml rəhbərinə məxsusdur. Biz Vladimir Putinin bu günə kimi Şuşa Bəyannaməsinə qarşı hər hansı bir mənfi reaksiyasının şahidi olmamışıq. Əksinə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 iyunda Şuşada keçirilən brifinqdə verdiyi açıqlamadan bəlli oldu ki, Şuşa Bəyyannaməsindəki bir sıra mühüm məqamların, xüsusən də Zəngəzur dəhlizinin açılmasının tezliklə gerçəkləşməsində Putin də maraqlıdır.

Bu mənada, Rusiyanın Çinlə yaxınlaşaraq Şuşa Bəyannaməsinə və Zəngəzur dəhlizinə qarşı əks mövqe tutması inandırıcı görünmür. Nəzərə almalıyıq ki, ABŞ da Rusiyanın Çinlə yaxınlaşmasında maraqlı deyil və bu məsələ Co Baydenlə Putinin Cenevrədəki görüşündə də müzakirə edildi. Odur ki, Rusiyanın Şuşa Bəyannaməsinin imzalanmasına cavab olaraq anti-Türkiyə, anti-Azərbaycan mövqe tutacağı və özünə yeni müttəfiqlər axtaracağı real deyil. Bir də ki, Çinin özü də Zəngəzur dəhlizindən istifadə etməyə xüsusi maraq göstərir. Yəni bu məsələdə Rusiya ilə Çinin maraqlarının üst-üstə düşməsi bizim tərəfimizdən təbii hadisə kimi qarşılanmalıdır.

Şuşa Bəyannaməsinin başqa ölkələrə qarşı nəzərdə tutulmadığını əlahəzrət zaman özü isbatlayacaq. Kim bu sənəddən xoflanırsa, bu Azərbaycanla Türkiyənin problemi deyil, onun öz problemidir. Azərbaycan və Türkiyənin Şuşa Bəyannaməsi ilə bərabər, “Altılıq platforması”nı – regional işbirliyi və əməkdaşlıq platformasını da təklif etməsi bu iki qardaş ölkənin militarizmə deyil, sülh və əməkdaşlığa üstünlük verdiyini təsdiqləyir. Rasional və sağlam siyasət yürüdən qonşularımız Azərbaycan və Türkiyənin bu təklifinə konstruktiv yanaşacaqlar. Qeyri-konstruktiv yanaşanlar isə öz siyasətlərini yenidən gözdən keçirməli olacaqlar”,- deyə ekspert bildirib.

Qeyd: Çin dünyanın 3 fövqəldövlətindən biri olmaqla, BMT Təhlükəsizlik Şurasının veto hüququ olan 5 daimi üzvündən biridir. Böyük İpək Yolu layihəsinin müəllifi kimi Çin Avrasiyanı bir xətdə birləşdirməyə və böyük ticarət kanalları yaratmağa başlayıb.

Hazırda Pekin dünyanın ən böyük investorudur. Dünyanın Pekinə trilyonlarla borcu var. Çin son dövrlərdə bir çox Afrika və Asiya ölkələrinə külli miqdarda investisiya qoyub. Bütün cəhdlərə baxmayaraq, bu ölkənin inkişafını dayandırmaq Amerikanın imkanlarından xaricdir.

2022-ci ildə Azərbaycan və Çin arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi qeyd olunacaq.

Çin Azərbaycana investisiya qoyuluşu və ölkəmizdən yüksək keyfiyyətli xüsusi məhsullar idxal etmək niyyətini bəyan edib. Azərbaycan-Çin ikitərəfli ticarət dövriyyəsi 2019 və 2020-ci illərdə 2,2 milyard dollar olub. Azərbaycan Çinə 750 milyon dollarlıq Çin isə Azərbaycana 1,5 milyard dollarlıq məhsul ixrac edir.

Xammal ölkəsindən Çin kimi istehsal ölkəsinə çevrilə biləcəyikmi? Bunun üçün böyük imkanlar yaranıb. Zaman bizi məğlub da edə bilər, qalib də.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »