Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
“Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video

Qubadan 10 kilometr aralı, kələkötür yollar bizi Gültəpə kəndinə aparır. Yolun kənarında şəhid Ceyhun İsayev bulağının üzərində Azərbaycan bayrağı dalğalanır. Şəhidin böyüdülmüş portreti yoldan keçənlərin diqqətini özünə çəkir.

Şəhidə hörmətsizlik olmasın deyə kələkötür, toz-torpaqlı yolda hər kəs bacardığı qədər sürətini azalmağa çalışsa da, yoldan qalxan toz bulağı ani də olsa görünməz edir. Bir qədər aralı şəhidin doğulub boya başa çatdığı evə çatırıq. Anası Ruhiyyə xanım, bizi qapıda qarşılayıb, əli ilə başlarının üzərində olan yüksəklikdə dalğalanan bayrağı göstərib deyir: “Şəhidin məzarı burdadır. Özümüz burda dəfn etdik ki, gözümüzün önündə olsun”.

Bizimyol.info xəbər verir ki, şəhid Ceyhun Rüstəm oğlu İsayev 2001-ci ildə Qubanın Gültəpə kəndində doğulub. Məktəbi bitirdikdən sonra Quba Tibb Kollecinə qəbul olub. Hərbi xidmətə getmək yaşı çatdığından təhsilini müvəqqəti dayandıraraq əsgərliyə yollanıb.

Atası Rüstəm İsayev bizi evin Ceyhun güşəsinə aparır. Ceyhunun şəkillərini bir-bir götürərək, yana-yana sevimli övladından danışır. Deyir, Ceyhun universitetə daxil olsa da, onu təhsil almağa qoymayıb. İstəyib ki, tibb kollecində oxusun.

Şəhidin atası Rüstəm İsayev deyir ki, Ceyhun 2019-cu il oktyabrın 29-da hərbi xidmətə yollanıb və Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılan Ceyhun əvvəlcə Talış kəndinin, Suqovuşanın azad olunması uğrunda döyüşlərdə fəal iştirak edib. Qəhrəman döyüşçü sonradan Füzuli istiqamətində döyüşə qatılıb. Oktyabrın 26-da ad günüdə baş verən şiddətli döyüşdə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.

“Vətən müharibəsi başlayanda döyüşlərə qatıldı. Müharibənin ilk günlərində ondan bir xəbər almadıq. Sonra zəng edib dedi ki, Suqovuşandadır. Vəziyyətinin yaxşı olduğunu, Talış kəndini və Suqovuşanı düşməndən azad etdiklərini söylədi. On gün sonra isə Füzulidə olduğunu bildirdi. Sonra onunla bir müddət danışa bilmədik. Televizorda onun haqqında məlumat verdilər. Proqramda qəhrəmanlıq göstərən döyüşçülərin şəkillərini göstərib, onlar haqqında danışırdılar. Şəkilləri Müdafiə Nazirliyi yaymışdı. Onda bildim ki, oğlum sağ-salamatdır”.

Oktyabrın 26-da Ceyhunun ad günü idi. 19 yaşı olacaqdı. Səhər atasına “vızov” versə də, Rüstəm kişi nə qədər yığsa da bütün günü övladı ilə danışa bilmir.

“Səhər qardaşı ilə telefonla danışmışdı. Döyüş yoldaşlarının dediyinə görə, elə həmin söhbətdən iki saat sonra Ceyhun şəhidlik zirvəsinə ucalıb” - şəhidin atası danışır.

Şəhidin anası çox danışmır. Əlini çənəsinə söykəyib düşünür: “Yaxşı övlad idi. Arzuları çox idi balamın. Sevdiyi qız da var idi”...

Hazırda İsayevlər ailəsinin bir arzusu var, kənd məktəbinə Ceyhun İsayevin adının verilməsini arzulayırlar. R.İsayevin sözlərinə görə, kənddə Ceyhundan başqa şəhid olan yoxdur. Onların arzusudur ki, övladlarının adı yaşasın. Bununla bağlı şəhid atası Nazirlər Kabinetinə də müraciət edib.

Şəhid ailəsini digər narahat edən məsələ isə, jurnalistlərin və telekanalların şəhid ailəsinə biganə olmasıdır. “İlk aylar heç olmasa xatırlayırdılar. İndi elə bil ki, heç nə olmayıb” - deyən şəhid atasının gözləri dolur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »