Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...

Futbol üzrə Türkiyə milli komandası Bakını tərk edib. Qardaş ölkənin millisi təkcə Türkiyəni deyil, həm də Azərbaycanı məyus etdi. Kvalifikasiya oyunlarında yaxşı görünən Türkiyə millisi bu dəfə ümidləri doğrultmadı.

Şenol Günəşin komandası Avropa çempionatının qrup mərhələsini aşa bilməyib. Buna görə də vətənə qayıtmaq məcburiyyəti yaranıb.

Bizimyol.info xəbər verir ki, Türkiyə milli komandası qrup mərhələsindəki hər üç oyunda məğlub olub. Beləcə, qardaş ölkə təmsilçisi Avropa çempionatlarında özünün ən pis nəticəsini göstərib. Türkiyə milli komandası oyunlardan ikisini Bakıda keçirib. Azərbaycanlı futbolsevərlərin dəstəyi də işə yaramayıb. Şenol Günəşin başçılıq etdiyi kollektiv məzmunsuz çıxış nümayiş etdirib.

Amma problem təkcə oyun keyfiyyətində olmayıb. Türkiyə mətbuatında yazılanlardan anlaşılır ki, kollektivdə böyük intizamsızlıq hökm sürüb. Xüsusilə ikinci məğlubiyyətdən, Uels milli komandası ilə qarşılaşmada uduzandan sonra futbolçular dil tapa bilməyib. Onlardan ikisi arasında əməlli-başlı qalmaqal yaşanıb.

Türkiyə mətbuatı yazır ki, hadisələrin mərkəzində Halil Dervişoğlu dayanıb. Onun İsveçrə oyunundan əvvəl baş tutan məşq prosesində Enes Ünalla sözü çəp gəlib. Məsələ o qədər ciddiləşib ki, başqa futbolçular onları ayırmalı olub. Bundan az sonra Halilin Cengiz Ünderlə də mübahisəsi yaranıb. Şenol Günəş qalmaqaldan xəbər tutan kimi futbolçuları yanına çağırıb və onlara ciddi xəbərdarlıq edib. Milli komandanın üzvləri sakitləşsə də, oyun vaxtı meydanda ümumi dil tapmaqda çətinlik çəkiblər.

Türkiyə jurnalistləri komandanın çox istəksiz, həvəssiz oynamasını da həmin qalmaqala bağlayır. Onların fikrincə, məşqdə baş verənlər çoxunun ovqatını pozub. Vacib oyuna köklənməyə də əngəl yaranıb. Hadisədən xəbər tutan azarkeşlər qalmaqala görə çox qəzəbləniblər.

Futbol üzrə Avropa çempionatının oyunları 11 şəhərdə keçirilir. Bakının payına 4 qarşılaşma düşüb. Olimpiya stadionundakı ilk görüşdə Uelslə İsveçrə heç-heçə (1:1) oynamışdı. Sonrakı qarşılaşmalarda isə Türkiyə Uelsə 0:2, İsveçrəyə 1:3 hesabıyla uduzub. Şenol Günəşin komandası Romada keçirdiyi ilk oyunda İtaliya yığmasına böyük hesabla (0:3) məğlub olmuşdu.

Son xəbərlər
Bütün xəbərlər »