Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyalı professor Bakı Avrasiya Universitetində bir həftə mühazirə oxuyacaq
Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artdıqca və ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin də xarici ölkə universitetləri ilə əlaqələri genişlənir. Belə ki, xarici ölkələrin mütəxəssisləri Respublikamızdakı universitetlərlə əməkdaşlıq etməyə maraq göstərirlər. Son vaxtlar Bakı Avrasiya Universiteti də xarici əlaqələrini genişləndirir və bu universitet daxilində yeni yaranan ab-havadan da açıq-aşkar hiss edilir. Növbəti belə nümunə İtaliyanın nüfuzlu Genuya Universitetinin professoru, siyasi elmlər doktoru Aleksandro Fiqosun Bakı Avrasiya Universitetində bir həftəlik dərs keçməsi olacaq.

Belə ki, noyabrın 27-dən dekabrın 1-dək İtaliyanın Genuya Universitetinin professoru, siyasi elmlər doktoru Aleksandro Fiqos Bakı Avrasiya Universitetinin “Regionşünaslıq və iqtisadiyyat” fakultəsində regionşünaslıq ixtisası üzrə təhsil alan tələbələr qarşısında ingilis dilində mühazirə oxuyacaq. Mühazirələr Avropa, ABŞ və Kanada regionu tələbələri üçün nəzərdə tutulub.

Noyabrın 27-də hörmətli qonağı auditoriyaya təqdim edən BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Səyavuş Qasımov bildirdi ki, “artıq universitetimiz dünyanın bir çox ali təhsil ocaqları ilə yaxından əməkdaşlıq edir, müəllim və tələbə mübadiləsi həyata keçirir, tanınmş alimlər universitetimzə gəlir, müxtəlif mövzularda mühazirələr oxuyurlar. Bu ölkələr arasında İtaliya universitetləri önəmli yer tutur.”

Sonra professor Aleksandro Fiqos müasir beynəlxalq münasibətlərin əsas aktorları və onun dünya düzümünə təsirləri ilə bağlı tələbələr qarşısında çıxış etmişdir.

Professorun beynəlxalq münasibətlərə təsir edən əsas faktorların slaydlar və video görüntülər vasitəsilə müşayiət olunan mühazirəsi tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Professor Aleksandro Fiqosun tədris zamanı Avropa meyarlarını tətbiq etməsi və avropalı siyasilərin və sadə insanın düşüncələrini çatdırması tələbələr tərəfindən yenilik kimi qəbul olunub. Hər bir mühazirənin sonunda professor Aleksandro Fiqos tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Onu da qeyd edək ki, professor Aleksandro Fiqos indiyədək dünyanın bir çox ölkələrində nüfuzlu universitetlərdə mühazirələr oxuyub. Bu sıraya Portuqaliya, Almaniya, Fransa, Ukrayna, Belorusiya, Yunanıstan, Macarıstan, Polşa, Malta və s. universitetlər daxildir.

Son xəbərlər
Bütün xəbərlər »