Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
“Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”

Paşinyan  hakimiyyətdə qaldı. Bunun belə olmasını əslində Azərbaycan cəmiyyəti də istəyirdi. Çünki  Ermənistanda Levon Ter-Petrosyandan sonra  adekvat düşünə bilən tək namizəd Paşinyan idi.

Seçkiöncəsi  bəzi sərsəm bəyanatlar versə də, onun  yeni hakimiyyət dönəmində sülh yolunu tutacağına  ümidliyik. Bəs Fransanın, Rusiyanın onu təhrik edib yenidən aranı qarışdırmasını gözləyə bilərikmi? Paşinyan keçmişdən dərs alacaqmı, yoxsa, onu seçmiş xalqdan güc alaraq yenə dava ritorikasındamı olacaq? Suallarımızı  siyasətçi, Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədli cavablandırır.

Anar Əsədli Anar Əsədli

“Seçkiöncəsi səsləndirdiyimiz ehtimallar özünü doğrultdu. Müharibədə məğlub olsa da, erkən seçkilərə gedən Paşinyanın onun yenidən seçilməsinə imkan yaradacaq resurslarını öncədən gözardı etdiyi və qələbəsinə inamı olduğundan bu addımı atdığı sirr deyildi. Paşinyanın yenidən seçilməsində ən əsas səbəb rəqiblərinin seçki platformalarında xalqı maraqlandıran heç bir problemə yer ayırmaması, əksinə, revanşist meyllərlə elektoratda qıcıq yaratmaları oldu. Xalq birmənalı şəkildə müharibə istəmir. Xalqın həm müharibə, həm pandemiya, həm də uzun illərdir ölkəni faktiki işğal vəziyyətinə salan revanşistlərin yarıtmaz siyasəti nəticəsində düşdüyü acınacaqlı vəziyyətdən çıxış yolu göstərən liderə ehtiyacı var. Bu lider tam mənasıyla Paşinyan olmasa da, başqa alternativin olmaması onun yenidən seçilməsinə rəvac verdi”,- deyə Anar Əsədli qeyd edib.

Partiya sədrinin sözlərinə görə, ermənilərdə indi əvvəlki kimi antitürk ideologiyası hakim deyil.Bunun da səbəbləri var.

“Digər tərəfdən, Gallup sorğu şirkətinin Ermənistan bürosunun apardığı təhlillərin nəticəsinə görə, əhalinin 50 faizinin absenteizmə meylli olması da Paşinyan elektoratının üstünlükdə olmasına səbəb oldu. Erməni xalqı artıq əvvəlki kimi Qarabağ və antitürk ideologiyası ilə yanıb alışmır. Bu transformasiyanın əsas qaynağı təbii ki, bir millətin qısa müddətdə islah olmasıyla bağlanmamalıdır. Nəticələrdən dərs çıxardığını deyə bilərik. Qısacası, Paşinyanın yenidən seçilməsinə səbəb rəqiblərin xalqda heç bir inam yaratmaması oldu.Ter-Petrosyanın nisbətən rasional şəxs olmasına baxmayaraq, vaxtılə öz iradəsini sonuna qədər yerinə yetirə bilməməsi, Koçaryan-Sarkisyan cütlüyünün korrupsiyaya qurşanaraq ölkənin iqtisadi vəziyyətini uçuruma aparması, digər namizədlərin isə xalq tərəfindən çox da yaxşı tanınmaması nəticəni doğuran səbəblər sırasındadır. Seçkilərə partiyasız qatılan namizədlər, əsasən, xarici dairələrin əlində vasitə olaraq oyuna buraxılmışdı ki, müvafiq namizəd seçkilərdə 50 faizlik baryeri keçə bilməsə, həmin namizədlərdən koalisiya qurulması üçün istifadə edilsin”.

“Paşinyandan bundan sonrakı dövrdə  hansı addımları gözləmək olar?” sualımıza Anar Əsədlinin cavabı belə oldu: “Bundan sonra Paşinyan hakimiyyəti üçün gözləntimiz sərhəddə təxribatların azalması, regionda əməkdaşlıq istiqamətində addımların atılması, Zəngəzur dəhlizi də daxil olmaqla nəqliyyat kommunikasiya xətlərinin açılmasıdır. Seçkiöncəsi ab-havaya uyğun sərsəm bəyanatlar səsləndirən Paşinyandan yenidən revanşizm gözləntiləri absurd olardı. Buna öncədən baş verən bəzi hadisələr də deməyə əsas verir. Əvvəla, Ermənistanın yenidən müharibə edəcək hərbi gücü yoxdur. Bunu biz ordunun hərbi çevrilişə cəhd şəklində şahidi olduq. İkinci tərəfdən, ardıcıl olaraq Paşinyan silahdaşlarının istefa verməsi onların regionda potensial olaraq yaradılacaq əməkdaşlığa ortaq olmaq istəməmələrindən xəbər verirdi. Paşinyan rasional düşünən siyasətçidir. O, yaxşı başa düşür ki, müharibənin və ya təxrubatların davam etməsindən yana olan Rusiya və İran ölkəni faktiki işğal edib. Rusiya itirmək üzrə olduğu Cənubi Qafqazda Ermənistandan artıq ipi qırılmaq üzrə olan rıçaq kimi istifadə edir.

Sanksiyalar məngənəsində olan İranın isə tək ümid yeri Ermənistandır. Ermənistana regionda layihələrə və inteqrasiyaya təkan verəcək ölkələr yalnız Türkiyə və Azərbaycandır. Türkiyə çoxqütblü dünya nizamında əsas güclərdən birinə çevrilib artıq. Bunu NATO sammitində dövlətlərin Türkiyəyə münasibəti, ABŞ-ın Şimal Alyansının şərq sərhədlərinin təhlükəsizliyində Türkiyəni dayaq ölkə kimi görməsi və uzun illərdən bəri yerləşdiyi Əfqanıstandan çıxdıqdan sonra Türkiyə hərbi bazasının onu əvəz etməsi qardaş dövlətin dünyadakı supergüc imicindən xəbər verir. Şuşa bəyannaməsi ilə Türkiyənin Qarabağ və bütövkükdə Azərbaycanın təhlükəsizliyinə qarantor dövlətə çevrilməsi, qardaş ölkə ilə Azərbaycanın vahid ordu yaratması, beynəlxalq platformalarda birgə səy haqqında razılığa gəlinməsi və Türkiyənin regionda artan rolu deməyə əsas verir ki, Paşinyan deqradasiya deyil, inteqrasiya tərəfdarı olacaq. Qısası, Nikol Paşinyanın yenidən seçilməsi Ərdoğanın dekabr səfəri zamanı təklif etdiyi altılıq platformanın işə düşəcəyindən, Zəngəzur dəhlizinin açılması ilə Çinin "Bir kəmər, bir yol" layihəsinin daha optimal icra olunacağından, Rusiyanın isə zəifləyən rolu kontekstində dəyişikliklərin Cənubi Qafqazdan Yaxın Şərq regionuna da sirayət edəcəyindən xəbər verir”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »